Sevimlilik səbəbi zati paklıqdır
Allah-təala Qurani-kərimdə onları hər tərəfli paklıq sifəti ilə yada salır, bildirir ki, onları ali məqama çatdıran paklıqlarıdır; “Yalnız pak olanlar ona (həqiqətlərə) yetişər.” (“Vaqeə”, 79)
Onlar kitab elminin həqiqətlərinə yiyələndiklərindən bütün gerçəkliklərdən xəbərdardırlar, Allahın göstərişlərini yerinə yetirərlər və onların varlığı mütləq xeyirdir. Bu sifətlərdən aydın olur ki, bu insanlar bilavasitə Allahdan tərbiyə almış müxlislərdir. Onlar Allahın zati rübubiyyətində tərbiyə almış, Allahın xüsusi seçilmişləri olmuşlar.
Zati paklıq, kitab elmindən xəbərdarlıq onları Allahın sevimlisi etmişdir: “Allah özünü paklayanları sevir.” (“Bəqərə”, 222)
Onların bütün müsbət sifətləri zati paklıqlarının təcəllasıdır. Onlardakı ədalət, təvəkkül, səbir, iman, yəqin, tövbə, dua, cihad, təlaş, isar, əfv məqamlarını Allahın sevimlisi olmaq dərəcəsinə çatdırmışdır. Bir sözlə, Əhli-beyt (ə) Allaha ən sevimli kəslərdir: “Şübhəsiz, Allah çox tövbə edənləri sevir;” (“Bəqərə”, 222) “Şübhəsiz, Allah ədalətə riayət edənləri sevir;” (“Maidə”, 42) “Şübhəsiz, Allah təvəkkül edənləri sevir.” (“Ali-İmran”, 159)
Demək, sevimlilik meyarı zati paklıq, ağıl, qəlb, ruh, əxlaq və əməl baxımından təmizlikdir. Əhli-beyt hərtərəfli paklığı Allahın xüsusi diqqəti sayəsində əldə etmişdir. (“Əhzab”, 33)