Firon göstəriş vermişdi ki, onun üçün başı göylərə ucalan bir qəsr tiksinlər. Məmurlar onun əmrini yerinə yetirmək üçün bütün əhalini; qadın, uşaq və qocaları da işləməyə məcbur edirdilər. Hətta, hamilə qadınları da zorla işləməyə aparırdılar.
İşləyəməyə məcbur edilmiş bir gənc hamilə qadın ağır daşları daşıyırdı. Onun bundan başqa əlacı yox idi. Çünki Fironun qaniçən və zalım məmurlarının nəzarətində idi. Əgər ona tapşırılmış işdən boyun qaçırsaydı, cəlladların qamçıları və çəkmələri altında öləcəkdi.
Ona görə də qadın bu şiddətli təzyiqlər altında ağır daşları daşımağa məcbur idi. Birdən onun halı pisləşdi, bətnindəki övladı düşdü. Belə bir ağır vəziyyətdə qadın ağrıdan qıvrılır və ürəyinin dərinliyində nalə edirdi. O, bu nalələr içində dedi: - Ey Allah, yatmısanmı? Bu zalımların bizimlə necə rəftar etdiyni görmürsənmi?
Bu hadisədən bir neçə ay ötürdü. Həmin qadın Nil çayının sahilində oturmuşdu. Birdən qarşısında Fironun cəsədini gördü (Firon və onun adamları suda boğulmuşdular). Bu an gənc qadın öz daxilində belə bir nida eşitdi: “Bil, ey qadın! Biz yatmamışıq. Biz zülmkarların pusqusunda dayanmışıq!”
Qaynaq: “Hekayəthayi şenidəni”, səh. 257.