
Övladın düzgün tərbiyə olunmasında ailədə olan mehribanlıq və səmimiyyət qədər təsirli amil yoxdur. Ata və ana övladlarının tərbiyə aldığı mühiti öz mehribanlıqları ilə sağlam saxlamalıdırlar. Çünki uşağın tərbiyəsində birinci şərt, ailənin daxili sağlamlığıdır. Ailədə mehribanlığın yaranması üçün isə birinci şərt ata və ananın bir-birinə qarşılıqlı məhəbbət bəsləmələridir.
İslam Peyğəmbəri (s) buyurur: «Öz ailəsi ilə mehribanlıqla davranan şəxs sizlərin ən yaxşısıdır. Mən özüm də beləyəm (ailəmlə mehriban davranıram).»
Biharül-ənvar kitabında (103-cü cild, 223-226-cı səhifələr) insanın öz həyat yoldaşına məhəbbət bəsləməsi haqqında çoxlu hədislər vardır. Bu hədislərin birində İmam Sadiq (ə) buyurur:
«Bizim dostlarımız o şəxslərdir ki, öz həyat yoldaşlarına daha çox məhəbbət bəsləyirlər».
O həzrət başqa bir hədisdə buyurur:
«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri budur ki, onlar öz həyat yoldaşlarına məhəbbət göstərərdilər».
Bir şəxs Peyğəmbərin (s) hüzurunda ikən dedi:
«Ömrümdə heç vaxt uşaq öpməmişəm».
O şəxs gedəndən sonra Peyğəmbər (s) buyurdu: «Mənim nəzərimcə, bu kişi cəhənnəm əhlidir.»
Yunis ibni Ribat deyir: İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə bir hədis nəql etdi: «Allahın rəhməti olsun o şəxsə ki, övladına yaxşı işlər görməkdə kömək etsin.»
Mən imam Sadiqə (ə) ərz etdim:
«Yaxşı işlərdə ona nə cür kömək etsin?». Cavabımda buyurdu: «Övladının əlindən gələn qədər işini qəbul etsin, onu bir işə məcbur etməsin və ona axmaq və nadan deməsin».
Qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, övladın düzgün tərbiyəsi onu mənəvi və insani dəyərlərə sövq edir. Əksinə onun tərbiyə olunmaması günahın və pozğunluğun qapısını onun üzünə açır.