O Həzrətin inqilabının səbəblərinin aydın olması...
İmam Hüseyn əleyhissəlamın inqilabı barədə bir sıra suallar vardır ki, o Həzrətin inqilabının səbəblərinin aydın olması məhz o sualların cavabından asılıdır. Suallar belədir:
1. Əgər Yezid İmam Hüseyn əleyhissəlamdan beyət almaq üçün onu sıxışdırmasaydı, İmam Hüseyn (əleyhissəlam) yenə qiyam edəcəkdi?
2. Kufə camaatı İmam Hüseyn əleyhissəlamı Kufəyə dəvət etməsəydi, yenə bu qiyam baş verəcəkdi?
3. Bu qiyam və çevriliş bu günkü zəmanədə materialistlərin irəli sürdüyü kor-korana və hesabsız ictimai partlayışdır, yoxsa hesab-kitablı və əvvəlcədən hazırlıqlı bir qiyam?
Bu sualların cavablarının aydın olması üçün əvvəlcə bunu qeyd etməliyik ki, adətən təkmahiyyətli olan təbii şeylərdən fərqli olaraq ictimai hadisələr ola bilsin bir neçə mahiyyətə malik olsun. Məsələn, bir filiz eyni zamanda həm qızıl, həm də mis mahiyyətini daşıya bilməz. Ancaq ictimai hadisələrin eyni zamanda həm bir neçə cəhəti ola bilər və həm də onun meydana çıxmasında bir neçə vasitə təsir göstərə bilər. Məsələn, bir inqilab ola bilər bir işə qarşı reaksiya olsun, yəni, onun mahiyyəti bir işə qarşı reaksiyadan ibarət olur. Lakin eyni zamanda həmin inqilabın hücum mahiyyəti də ola bilər. Üstəlik reaksiya mahiyyəti daşıdığı anda ola bilər bir hadisəyə qarşı mənfi reaksiya versin, digər bir hadisəyə isə müsbət reaksiya.
İmam Hüseyn əleyhissəlamın inqilabı da bu cür hadisələrdən idi və bu cəhətlərin hamısı onda mövcud olmuşdur. Çünki həmən inqilabın müxtəlif səbəbləri olmuşdur. İndi həmən səbəbləri sizin nəzərinizə çatdırırıq.
İmam Hüseyn əleyhissəlamın inqilabının səbəbləri
Aşağıda qeyd edəcəyimiz üç səbəbin İmam Hüseyn əleyhissəlamın inqilabında böyük təsiri olmuşdur:
1. İmam Hüseyn əleyhissəlamdan Yezid üçün beyət almaq və bu məqsədlə İmam Hüseyn əleyhissəlama təzyiqlər göstərmək;
2. Kufə camaatının İmam Hüseyn əleyhissəlamı İraqa (Kufəyə) dəvət etməsi;
3. Əmr be-məruf və nəhy əz-münkər amili. İmam Hüseyn əleyhissəlamın Mədinədən çıxdığı andan şüarı da məhz bu olmuşdur.