Bir çox mötəbər hədis kitablarında imam Musa ibn Cəfərin (ə) göstərdiyi kəramətlərdən biri haqda aşağıdakı hadis rəvayət olunmuşdur:
Həsən ibn Abdullah adlı bir nəfər öz zöhd və ibadəti ilə camaat arasında tanınmışdı. Şiə və əhli-sünnədən olan camaat ona çox hörmətlə yanaşırdılar. Bir gün Həsən məcsidə daxil oldu. İmam Musa ibn Cəfər (ə) də məsciddə idi. Həzrət onu görən kimi yanına çağırdı. Həsən ibn Abdullah imamın yanına getdi. İmam ona buyurdu: - Ey Əbu Əli! Səndə olan xüsusiyyəti mən çox sevirəm və bu xislətin məni çox sevindirir. Sənin nöqsanın təkcə mərifətinin olmamasındadır. Onu axtarıb tapmağın lazımdır.
Həsən dedi: - Ey Peyğəmbərin övladı! Sənə qurban olum, mərifət nədir və mən onu necə əldə edə bilərəm?
İmam buyurdu: - Din məsələlərində fəqih ol, dini məsələləri dərindən düşün, hədislərdə diqqətli ol.
Həsən imamdan xahiş etdi ki, bu barədə bir az da ətraflı izah versin və mərifəti kimdən öyrənməli olduğunu ona anlatsın. İmam buyurdu: - Mədinənin fəqihlərindən və alimlərindən öyrən. Öyrəndiyin məsələni gəlib mənə danış, mən sənə yol göstərim.
Həsən ibn Abdullah imamın göstərişinə əməl edərək mərifət ardınca düşdü. Alimlərdən öyrəndiyi məsələləri gəlib həzrətə açıqladı. İmam Musa ibn Cəfər (ə) onda bu əhvalı müşahidə etdikdə yenə buyurdu: - Get mərifəti öyrən və onu tanı.
Bu hərəkət bir neçə gün belə təkrar oldu. Bir gün imam öz tarlasında işlədiyi zaman Həsən onun görüşünə gəlib dedi: - Əgər mərifətin nə olduğunu mənə öyrətməsən və məni hidayət etməsən, Qiyamətin günü Allah dərgahında səndən şikayət edəcəyəm.
Bundan sonra imam Kazim (ə) buyurdu: - Birinci imam və Peyğəmbərin (s) canişini Əmir əl-mömin Əlidir (ə). Ondan sonra Həsən və Hüseyn və Əli ibn Hüseyn və Məhəmmd Baqir və Cəfər Sadiqdir (Allahın onlara salamı olsun).
Həsən dedi: - Ey Peyğəmbərin övladı! Bəs indi imam kimdir?
Həzrət buyurdu: - Mən imam və Allahın höccətiyəm.
Həsən dedi: - Bir əlamət varmı ki, bunu mənə sübut etsin?
İmam yaxınlıqdakı ağacı göstərib buyurdu: - O ağacın yanına get və ona de ki, Musa ibn Cəfər deyir: “Hərəkət et və mənə tərəf gəl”.
Həsən deyir: - Allaha and olsun! Ağacın yanına getdim və imamın sifarişini ona dedim. Bu zaman yer yarıldı, ağac imam Musa ibn Cəfərə (ə) tərəf hərəkət etməyə başladı və imama çatdıqdan sonra dayandı.
Sonra imam ağaca işarə etdi ki, yerinə qayıtsın. Ağac yerinə qayıtdı.
Qaynaq: “Üsuli-kafi”, c. 1, səh. 286, hədis 8. “Əs-saqib fil-mənaqib”, səh. 455, hədis 383. “Əl-Xəraic”, c. 2, səh. 650, hədis 2. “Elamul-vəri”, c. 2, səh. 18.
Hazırladı: Seyid Zahir