Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2017

Peyğəmbər övladı kimdir?

Siz Əlinin övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olduğunuzu iddia edirsiniz?

Yuxarıda qeyd etdik ki, Harun Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsinə açıq-aşkar arxalanıb yeri gəldikcə ondan istifadə edirdi. O, bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər (səlləllahu əleyhi və alih) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbərin (səlləllahu əleyhi və alih) hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey əmi oğlu!” O, camaatın arasında Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki, qoy camaat xəlifənin Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan İmam Kazim (əleyhissəlam) Harunun bu fikrini başa düşüb Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə yaxınlaşaraq uca səslə buyurur: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey ata!” Harun bu sözdən bərk qəzəbləndi. Belə ki, rəngi dəyişib ixtiyarsız olaraq dedi: “Doğrudan da bu bir şərəfdir.” (Əl-İrşad, səh.298.)

O, təkcə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsini camaata çatdırmaqla kifayətlənmir, üstəlik İmamların Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olmalarını da, bir vasitə ilə inkar etmək istəyirdi. O, bir gün İmam Kazim əleyhissəlama dedi: “Siz Əlinin övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil, ata babasına nisbət verilir.” İmam Kazim (əleyhissəlam) onun cavabında aşağıdakı ayəni qiraət etdi: “Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə [peyğəmbərliyə] çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri [yaxşılıq edənləri] belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da [hidayətə çatdırdıq]. Onların hamısı əməlisalehlərdən idi.” (“Ənam” surəsi, ayə 84-85.) İmam Kazim (əleyhissəlam) sonra əlavə edib buyurdu: “Bu ayədə İsa (əleyhissəlam) keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub, halbuki, onun atası olmamış və yalnız anası Məryəmin vasitəsilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli, bu ayəyə əsasən, qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimə vasitəsilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları hesab olunuruq.” (Nurul-əbsar, səh.149.)

Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi qalmadı.

İmam Kazim əleyhissəlamın Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o Həzrətə deyir ki, nəyə görə sizi Əli əleyhissəlamın övladları yox, Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları adlandırırlar? İmam Kazim (əleyhissəlam) onun cavabında buyurur: “Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) dirilib sənin qızınla evlənmək istəsə, qızını ona verərsənmi?” Harun dedi: “Nə təkcə qızımı verərəm, hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm.”

İmam Kazim (əleyhissəlam): “Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz, nə də mən qızımı ona vermərəm.”

Harun: “Nəyə görə?”

İmam Kazim (əleyhissəlam): “Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən.”

Harun: “Afərin, tamamilə doğrudur!” (Biharül-ənvar, c.48. səh.127.)

 



3393 بازدید
در حال ارسال اطلاعات...