İmam Baqir (ə) buyurur:
“Allah Taala yanında heç bir göz yaşı, gecənin qaranlığında Allah qorxusundan tökülən və Allahdan savayı heç bir səbəbi olmayan göz yaşı qədər sevimli deyildir”.Bir nəfərin iti yerə yıxılıb can verirdi. Sahibi də yolun ortasında oturub itinə ağlayırdı. Yoldan bir yolçu keçirdi. O, itin sahibindən nə üçün ağladığını soruşdu. İtin sahibi dedi: - Bu it mənə çox vəfalı idi. Gündüzlər mənim üçün ov edir, gecələr məni qoruyur, oğruları evimdən uzaqlaşdırırdı. İndi isə gözümün qarşısında can verir, mən necə ağlamayım?!
Yolçu soruşdu: - İtinin xəstəliyi nədir?
O dedi: - Acından ölür.
Yolçu dedi: - Səbirli ol, Allah səbr edənləri sevir.
Sonra yolçu itin sahibinin əlində dolu bir xurcun gördü. Ondan xurcunun içində nə olduğunu soruşdu. O dedi: - Çörək və xörək.
Yolçu dedi: - Bəs, ondan itinə nə üçün vermirsən ki, itin ölümdən qurtula.
Dedi: - Axı, çörəyi itimdən çox istəyirəm. Çünki çörək və yemək üçün pul verməliyəm. Ancaq göz yaşı pulsuz və müftdür. Ona görə də itim üçün nə qədər olsa ağlayıram.
Yolçu dedi: - Kül olsun sənin başına! Göz yaşı ürək qanıdır və qəm bahasına saf suya dönərək gözündən süzülür. Onun dəyəri çörəyin qiymətindən çox-çox üstündür. Çörək torpaqdandır, ancaq göz yaşı ürək qanından. (1)
Göz yaşının dəyərini bilən və qiymətini verən Allahdır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin gözü Allah qorxusundan göz yaşı tökər, onun hər damcısı qarşılığında behiştdə saray hazırlanar. Bu saray mirvari və gövhərlə bəzənər. Bu sarayda elə şeylər vardır ki, heç bir göz görməmiş və heç bir qulaq eşitməmişdir. Heç bir bəşərin qəlbinə nüfuz etməmişdir”.
İmam Baqir (ə) Kümeytin Əhli-Beyt (ə) haqqında oxuduğu şeri dinlədikdən sonra ağladı və buyurdu: “Hər kəs bizi xatırlasa, ya onun yanında bizi yada salsalar və onun gözlərindən hətta ağcaqanadın qanadı miqdarında yaş axsa, Allah behiştdə onun üçün ev hazır edər və onun göz yaşı onunla cəhənnəm arasında pərdə olar”.
1. Qaynaq: Mövlana, “Dastanhayi-mənəvi-məsnəvi”.
Hazırladı: Seyid Zahir