Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2017

AZ DANIŞMAĞIN VƏ AZ YEMƏYİN DÜŞÜNCƏYƏ TƏSİRİ

Abidlər şeytanın vəsvəsə meydanı olan dünyanı dost tutmazlar
Merac hədisində buyurulur: “Ey Məhəmməd, əgər bəndəmin qarnı ac olsa və dilini hifz etsə, kafir də olmuş olsa, ona hikmət öyrədərəm. Kafir olduğu təqdirdə bu hikmət onun ziddinə dəlil olasıdır. Mömin şəxs üçün isə həmin hikmət nur, şəfa, mərhəmətdir.” Allah-təala sükut və aclığı tövsiyə edərək, bu iki xüsusiyyətə malik olanlara hikmət əta edəcəyini bildirir. O da qeyd olunur ki, əgər həmin iki xüsusiyyətə malik olan insan iman əhli olarsa, kamala doğru yüksələcək, əgər iman əhli olmazsa, əldə etdiyi hikmət dəlil olaraq onun ziddinə tamamlanacaq. Çünki hikmət qazanmış insan Allaha üz tutmursa, o bu işi bilərəkdən edir. Mömin üçün isə hikmət nur, mənəvi dərdlərə şəfadır.
Rəvayətin davamında buyurulur: “Mömin hikmət vasitəsi ilə bilmədiyini bilər, görmədiyini görər. Ona ilk göstərilən öz eybləri olar ki, başqalarının eyblərinə məşğul olmasın.” Təbii ki, çoxyeyən və çoxdanışan insan öz eyblərindən xəbərsizdir. Çünki onun diqqəti qarnında və dilindədir. O öz sözləri ilə xalqın diqqətini cəlb etmək, onların xoşuna gəlmək istəyir. Belə bir insan daim başqalarının diqqətini qazanmaq istədiyindən özündən xəbərsiz qalır. Amma az yeyən və sükuta riayət edən insan özünə diqqətli olur və öz eyblərini görür. İnsanın öz eyiblərindən xəbərdar olması hikmət əlamətidir. Hikmətin başqa bir təsiri qəlbin işıqlanmasıdır. Rəvayətdə buyurulur: “Ona elm həqiqətlərini öyrədərik ki, şeytana məğlub olmasın.” Məlum olur ki, şeytanın ən böyük nüfuz yolu insanda vəsvəslər, şəkk-şübhələr yaratmaqdır. Güclü elmə malik olan insanı şeytan aldada bilmir. İnsanın elm və agahlığı azaldıqca o şeytanın vəsvəsələrinə daha asanlıqla təslim olur. Şeytanın üzünə açılmış ilk pəncərə düşüncə pəncərəsidir. Bu yolla insana nüfuz edən şeytana başqa yollar da açılır. Allah-təala bildirir ki, peyğəmbərin başqalarından ilk üstünlüyü onun yəqin məqamına çatmasıdır. Yəqin halının əksi isə şəkk-şübhədir.
Merac hədisinin davamında buyurulur: “Ey Məhəmməd, bilirsənmi mənim bəndəm nə vaxt abid olur?” Peyğəmbər ərz etdi: “Xeyr, mənim mövlam.” Allah buyurdu: “Əgər onda yeddi xüsusiyyət cəm olsa: Onu haramdan qoruyan təqva; onu boş işdən saxlayan sükut; onun ağlamasını günbəgün artıran qorxu; onun xəlvətdə də məndən çəkinməsinə səbəb olan həya; zəruri həddə qidalanmaq; dünya ilə düşmənçilik; salehlərlə dostluq.” Rəvayətdə buyurulan göstərişlər arifanə bir yüksəliş üçün proqram ola bilər. Bəli, alimlər elə bir təqvaya malik olmalıdırlar ki, bu təqva onları haramdan və günahdan saxlasın. Abid insan kamillik üçün faydalı olmayan boş danışıqlardan çəkinməlidir. Həqiqi abid ibadət zamanı günahlarını yada salır, Allahın əzabını xatırlayaraq göz yaşları axıdır. Qurani-kərimdə buyurulur: “Möminlər o kəslərdir ki, Allahın adı çəkildiyi zaman qəlbləri qorxuya düşər, lərzəyə gələr.” (“Ənfal”, 2.) Abidlər həm də o qədər həyalı olurlar ki, hətta xəlvətdə də Allahdan çəkinirlər. Cəmiyyətdə günahdan çəkinən insan əslində Allahdan yox, xalqdan həya edir. Abidlər isə xəlvətdə olduqları vaxt Allahdan həya edərək günaha yol vermirlər. Abidlər yalnız zəruri ehtiyacları qədər yeyər və yediklərinin fərqinə varmazlar. Övliyaların süfrəsində arpa çörəyindən başqa bir şeyin olmaması təəccüb doğurmamalıdır. Abidlər şeytanın vəsvəsə meydanı olan dünyanı dost tutmazlar. Onların başqa bir xüsusiyyəti salehlərlə dostluqdur.


3474 بازدید
در حال ارسال اطلاعات...