Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2017

Allahın qəzəbinə düçar olmaq daha qorxuludur

Mərifətli, düşüncəli insanlar mənəviyyat məsələsinə xüsusi fikir verir
İmam Sadiqin (ə) nəsihətlərindən

İnsan qəlbindəki ümid və qorxu onun düşüncəsi, agahlığı ilə əlaqəlidir. Məsələn, üç yaşlı körpə ilə qırx yaşlı yetkin insanın uyğun hissləri tamamilə fərqlənir. Üç yaşlı körpəni nə beynəlxalq münasibətlərdəki gərginliklər, nə də qiyamət sorğusu narahat edir. Adətən, yaşlı insanlar xəstəlikdən, kasıblıqdan qorxduqları halda, gənclər gələcəkdə güclü və varlı olmağa ümid edirlər. Mərifətli, düşüncəli insanlar isə mənəviyyat məsələsinə xüsusi fikir verir, ağıl və inamı itirməkdən qorxurlar. Axirətə inanan insanlar behişt nemətlərinə ümidli olmaqla yanaşı, cəhənnəm əzabından xoflanırlar.
İslam dini ümid və qorxu dairəsinin daha geniş olduğunu bildirir. Dünya nemətləri dalınca qaçıb təkcə xəstəlik, kasıblıq, zəlzələ, ildırımdan qorxan insanı daha qorxulu şeylərdən xəbərdar edir. İnsan üçün mənəviyyatını əldən verib Allahın qəzəbinə düçar olmaq daha qorxuludur. İmanın müxtəlif mərtəbələrində insanın ümid və qorxu hissi də müxtəlif olur. İmanın birinci pilləsində olanlar cəhənnəm əzabından qorxduğu halda, üstün iman dərəcəsində olanlar Allahın razılığını itirməkdən xoflanırlar. Uşaqlar da buna oxşar hiss keçirir. Bəzi uşaqlar ata-ananın verəcəyi cəzadan, bəziləri isə onları narazı salmaqdan çəkinirlər. Saf təbiətli körpələr üçün valideynin soyuq münasibətindən ağır cəza yoxdur. Allahın etinasızlığından qorxu insanın fitri hissidir. Allahın öz bəndəsindən üz döndərməsi Qurani-Kərimdə ən böyük əzablardan biri kimi təqdim olunur: «Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz». («Ali-imran» surəsi, ayə 77.) Çoxları bu əzabın necə ağrılı olduğunu dərk etmir.
Demək, qorxu və ümid təkcə dünya işlərinə adi deyildir. Həqiqi səadət arzusunda olan insan əbədi axirət həyatını unutmamalıdır.


3639 بازدید
در حال ارسال اطلاعات...