Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2017

Şeyx Rəcəbəli Xəyyatdan Şeyx Allahşükür Paşazadəyə

Bərzəxdən ünvanlanan xəbərdarlıq Allahşükür Paşazadəyə ünvanlanıb
Bərzəxdən İslam həmrəyliyi oyunlarıyla bağlı xəbərdarlıq!

İslam Həmrəyliyi Oyunları bizim ölkəmizə daha doğrusu hökümətimizə həvalə edilib. Əlbəttə dəqiq və rəsmi olaraq bu tədbir ilk dəfədir ki, bizim hökümətə tapşırılsa da, bundan qabaq paytaxtımız İslam Mədəniyyətinin Paytaxtına çevrilmişdi. Elə həmin ildə Azərbaycanda bir ilkə imza atılmışdı. İki məscidi – ermənilərdən ilham alaraq xarabaya çevirmişdilər. Adam belə hadisələri eşitikdə bu tədbirlərin Azərbaycanda təşkil edilməsinin xüsusi hədəfə bağlı olduğunu düşünür.
Elə həmin il İslam Mədəniyyətinin Paytaxtı olduğumuz ilin qapanış mərasimində Mədəniyyət və Turizm nazirimiz – ölkənin ən uzunmüddətli naziri – Əbülfəz müəllim bir dəstə göbəyi açıq qızları mərasim zalına gətirmişdi ki, göbək rəqsi oynayıb öz ölkə müsəlmanlarını və İslamı dünyada biabır eləsinlər. Təbii ki, onlar bu ağılda idilər, amma qazandıqları lənətdən və nifrətdən başqa bir şey olmadı. Allah bərzəxə çatmamış onların cəzasını verdi.
O illərdə ölkə dindarı yaman narahat idi. Deyirdi bu birinci və sonuncu dəfə olar ki, ölkəmiz İslamın pak adıyla bağlı keçirilən hansısa tədbirə rəhbərlik edər. Bundan sonra İslam Mədəniyyətinin Paytaxtı olmağa həsrət qalacağıq. Lakin görünən odur ki, şou hələ davam edir.
Mən öz-özlüyümdə düşünürəm ki, ilahi, görəsən İslamın həqiqətdə bizə nə həddə aidiyyatı var? Bu hayqırtını dünyaya duyurmaq istəyirəm. (Niyə dünyaya, çünki ölkə rəhbərliyi söz dinləmək qabiliyyətinə malik deyil) Elə indilərdə də ələ yaxşı imkan düşüb, gərək biz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməzdən öncə bu üç kəlmə barədə düşünək: İslam nədir? Həmrəylik nədir? Oyun nədir? Üstəlik, anlamadığım bir məsələ də budur ki, İslamı başa düşdük, həmd olsun həmrəylik nədir, onu da az-çox qavrayırıq. Yaxşı oyun nədir?
Yüzdə doxsan faiz əminəm ki, Ramazan ayına təsadüf edən Yay Olimpiya oyunlarında olduğu kimi bu dəfə də müxtəlif oyunlar keçirib İslam kimi təqdim edəcəklər. Heç o oyunların böyük əksəriyətinin İslama dəxli yoxdur? Yadınızdadırsa, QMİ qaziləri öz saytında sözü bir edib fətva sadir etmişdilər ki, bəs idman da cihadın bir qoludur, ona görə də oruc tutmasanız günah olmaz. Sanki cihadın özündə orucdan qaçmaq mümkündür, o ki qaldı idmanda. Cihada bərabər tutduqları idman növlərinin içində isə deyilənlərə görə üzgüçülük üçün nəzərdə tutulan paltarda (nə dərəcədə paltar demək olarsa) cavan qızların trampilindən suya məzə verərək özünü tullaması da var idi. Halaldır QMİ qazilərinə!
Gələk növbəti tədbirimizin adına. İslamdan danışmağa onsuz da üzümüz yoxdur. Çünki bu ölkədə Mübariz Qurbanlı işdə namazı təxirə salmaqla bağlı fətva verirsə deməli İslamın Fatihəsi çoxdan oxunub. Həmrəyliyimiz isə zatən mümkün deyil. Hətta deyərdim İŞİD bizdən daha çox həmrəydir. Çünki biz özümüzü İŞİD-lə müqayisə eləsək bir addım onun bizdən irəli olduğunu düşünərik. Çünki İslam nə onda var, nə də bizdə. Həmrəylik isə onda var, bizdə yoxdur. Batil həmrəy və həmrəng olsa, haqqa qələbə qazansa yeri var. İŞİD üzvləri dəlixanalıq, ömürlük iş alan, ağılsız, pulpərəst adamlardır. Onlar rəylərini bir edib dünya müsəlmanlarının qanına susayıb. İndi Azərbaycandakı iqtidar, müxalifət və bəzi insanlarımızın rəyinə baxın. İqtidar deyir Suriyada baş verənlər onların daxili məsələsidir. Olsun. İraq, Fələstin, Livanda baş verənlər də onun kimi. Müxalifət isə iqtidar daha bunu dediyi və İrana "ilişmədiyi" üçün İranı hədəfə alır. Başlayırlar səhər-axşam ömürlərinin yarıdan çoxunu İslam elm və maarifinə sərf eləmiş ağsaqqal ruhanilərə, müctəhidlərə "ilişməyə". Qara camaatın böyük əksəriyyəti də bunları doğru hesab edib alqışlayır. Hətta ilin son günü yeni illə birlikdə qeyd edilən "Həmrəylik Günü"ndə də İranı "unutmuruq". Həmrəyliyimiz də beləcə getdi. Oyuna gəldikdə isə bəli həqiqətən biz oyuna gəlmişik. Bütün işimiz-gücümüz oyun çıxartmaqdan ibarət olub. Dinin, məzhəbin, alimin, xalqın başına min bir oyun açırıq, sonra İslamı da öz oyunlarımıza alət edirik.
Bütün bunlar bir yana. Bərzəxdən bizim İslam Həmrəyliyi Oyunlarıyla bağlı xəbərdarlıq var. Özü də hamıdan əvvəl şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanıb. Xəbərdarlığa keçməzdən əvvəl qısaca deyim ki, bizdə həqiqi İslamı yayan ruhanilərin bir qismi həbs edildiyi, digər bir qismi İrana "işlədikləri" üçün Azərbaycanda həqiqi İslamın adından danışan adamlara nadir hallarda rast gəlinir. Baxarsınız, elə bu dəfə də tədbirdə İslamdan danışılmayacaq, danışılsa-danışılsa dövlətimizin daha doğrusu prezidentimizin İslama və ölkə dindarlarına olmayan qayğısından danışılacaq. İslam bir qıraqda qalacaq, başlayacaqlar ki, cənab prezident elə etdi, belə etdi, İslamı yaşatdı, Peyğəmbər (s) sünnəsini dirçəltdi və s. Bu təriflərin başında da şübhəsiz ki, şeyxülislam Allahşükür Paşazadə duracaq. Məhz buna görə Bərzəxdən ünvanlanan xəbərdarlıq Allahşükür Paşazadəyə ünvanlanıb. O, elə Heydər Əliyev zamanından fürsəti fövtə verməyib tərifləyə-tərifləyə gəlib. İndi də öz təbirincə desək prezident həzrətlərini nəyi var öyür. Heç şübhəsiz İslam oyunları tədbirində də fürsəti qənimət bilib prezidenti öy-öy, bitirə bilməyəcək. Buna görə də mərhum arif, şeyx Rəcəbəli Xəyyatın Bərzəx xəbərini qabaqcadan şeyxülislam həzrətlərinin diqqəti-şərifinə çatdımaq lazımdır. Bəlkə yazımızı oxuyacaqsa ona faydası olar. Şeyx Rəcəbəli Xəyyat deyir: "Müqəddəs insanlardan birinin ruhunu Bərzəxdə gördüm. Onu mühakimə edirdilər. Zəmanəsinin sultanının bütün nalayiq işlərini onun nameyi-əmalında da yazmışdılar. Həmin şəxs dedi: Bu cinayətləri mən etməmişəm.
Ona dedilər: Sən deyildinmi onu tərif edib dedin: Ölkədə çox yaxşı təhlükəsizlik yaradıb?!
Dedi: Bəli, düzdür. Dedilər: Deməli, sən onun əməlinə razı olmusan. O, öz səltənətini qorumaq üçün bu cinayətləri törədib."
Statın sonu, biz şeyxin mesajını şeyxə çatdırdıq, höccəti tamamladıq, gerisi şeyxülislamın imanına qalıb.


4645 بازدید
در حال ارسال اطلاعات...