Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2017

Qəlbi İslamla döyünməyənlərin İslam oyunları

Sovet höküməti zamanında həm ruhanilər dənizdə qərq edilir, həm də QMİ adlı ruhani idarəsi fəaliyyət göstərirdi.
İndi haqqında danışmaq istədiyimiz məsələ sovet höküməti zamanında da mövcud idi. Sovet höküməti zamanında həm ruhanilər dənizdə qərq edilir, həm də QMİ adlı ruhani idarəsi fəaliyyət göstərirdi. Həm şairlər güllələnirdi, Sibirdə çürüdülürdü, həm də "Lenin baba", "Stalin dayı" şeirlərini biri digərini əvəzləyirdi. Stalin demişkən, dünyanın ən qorxulu diktatorlarından olan bu adam hakimiyyəti ələ keçirtdikdə çox sayda ruhanini qətliam elədi. Əlbəttə ondan əvvəlki zamanlarda da onun qədər olmasa da xeyli ruhani, mütəfəkkir, şair öldürülmüş, müxtəlif yollarla susdurulmuşdu. Stalindən sonrakı sovet rəhbərlərinin dövründə isə zahirdə güya dövlətin arası dinlə yaxşılaşdı, neçə illik buzlar əriməyə başladı. Artıq sovet məkanında QMİ adlı idarə, onun şeyxi, müftisi, mollası, axundu, qazisi, fətvası var idi. Məscidlərdən azan səsi, məhərrəm ayında "Hüseyn vay!" sədaları eşidilirdi. Bütün bunları – o zamanın adamları yaxşı bilir ki – sovet dünya dövlətlərinin gözündən pərdə asmağa çalışdığı üçün edirdi. Xüsusilə 2-ci dünya müharibəsini udandan sonra sovet hökümətinin arası digər qüdrətli dövlətlər, birliklərlə düzəlməyə başladı, başqa sözlə ictimaiyyətdə bu dövlət özünü sosial rifah dövləti olmasından əlavə həm də xalqa iradə, etiqad azadlığı verən bir dövlət kimi qələmə verməyə başladı. Əlbəttə, bütün bunlar qeyd edildiyi kimi sovet hökümətinin bariz hiylələrindən idi. Elə İslamın ilk əsirlərində də bu cür idi. Bir Müaviyə İslamı var idi, bir də Malik Əştərin mənsub olduğu İslam. Tarix boyu batil əhli öz meyarları əsasında özü üçün "islam" düzəldib camaatı bu "islam"a dəvət ediblər. Həqiqi İslam isə onlar tərəfindən nəinki riayət edilməyib, üstəlik həqiqi İslama riayət edən Əbuzərr Qəffari kimi insanlar müsəlman cameələrindən sürgün edilib.
Yerli hökümət müasir dövrdə dünya dövlətləriylə bir masada oturmaq gücünü özündə tapdığı üçün hər tərəfli bu dövlətlərlə ayaqlaşmağa çalışır. Dünya siyasəti bir yana, ölkə xalqının böyük əksəriyyəti müsəlman olduğu üçün yerli hakimiyyət digər müsəlman dövlətləriylə sıx əlaqələr qurur və İslam diniylə bağlı olan bir çox tədbirlərə ev sahibliyi etməyə cəh edir. Əlbəttə, Stalinin repressiyalarını xatırladan bir hökümətin bu işi Allah rizası üçün etdiyini heç bir ağıl sahibi düşünməz. Sadəcə BMT, ATƏT və digər təşkilatlarla arası yaxşı olsun deyə, onların tədbirlərinə qoşulduğu kimi İslam təşkilatı və ölkələri ilə də arası yaxşı olsun deyə, onlar tərəfindən İslamın himayəçisi kimi tanınmaq üçün bu cür addımlar atırlar. Sual məqamında isə qandallayıb həbsə atdıqları ruhaniləri "radikal dindar", "xarici dövlətlərin maraqlarından çıxış edən ünsürlər" adlandırıb öz "islamlarını" təqdim etməyə çalışırlar.
Bir neçə aydan sonra baş tutacaq İslam oyunlarına Azərbaycanın ev sahibliyi etməsi də həqiqi mənada oyundan başqa bir şey deyil. Bu hökümət həqiqi İslamı heç vaxt tanımayıb, öz "islamının" oyunlarını keçirir. Məqsəd daha çox pul qazanmaq və tanınmaqdır. Əslində İslam adına bu oyunlarda heç bir şey yoxdur. Allah da heç zaman ixlası sıfır həddə olan bu hökümətə kömək etməyib. Bir neçə il əvvəl "İslam Mədəniyyətinin Paytaxtı" olsaq da bu tədbirin açılış mərasimi və xətmi rüsvayçılıqla qeyd edildi. Muğamla, xalçaçılıqla yola verdikləri tədbirin qapanma mərasimdə açıq-saçıq qızların oynaması bu insanların İslamdan anlayışlarının sıfır olmasını göstərdi. İki məscidin dağıdılması isə sübut etdi ki, əslində bu ünsürlərin İslamla heç bir əlaqəsi yoxdur, İsrail, Qərb dövlətlərinə güya balanslı siyasət yeritdiklərini göstərmək üçün bu cür allahsız əməllərə qol qoymuşdular. Eyniylə bolşeviklərin "Bibiheybət" məscidini dağıtdıqları kimi bu qeyri-islamçılar da iki məscidi yerlə yeksan etdi.
Çox təəssüf ki, həmin insanlara növbəti dəfə İslam oyunları həvalə edilib. Pul, şöhrət, məqam, vəzifədən başqa heç bir şey bilməyən, İslamdan zərrəcə anlayışları olmayan bu insanlar bu tədbirləri də rüsvayçı şəkildə yola verəcəklər. Necə ki, indidən ruhani həbs etməklə özlərini dünya millətlərinə rüsvay ediblər.
Halbuki bundan əvvəl həbs etdikləri ruhani Hacı Talehin sədri olduğu Müsəlman Birliyi Hərəkatı hökümətdən öncə bu təşəbbüsü öhdəsinə götürmüşdü. İdmanla bağlı özündə xüsusi bir şöbə yaradan hərəkat futbol yarışları təşkil edib idmana beləcə öz töhfəsini vermişdi. (Qeyd edək ki, həmin şöbəyə rəhbərlik edən şəxsin də həbs edilməsi xəbəri yayılıb) Bu yarışların sayəsində iştirakçılar arasında vəhdət və ülfət yaranmağa, İslama maraq oyanmağa başlamışdı. Halbuki Hərəkatın bu işdən hədəfi heç də şöhrət və pul qazanmaq deyildi. Amma hamıya gün kimi aydındır ki, İslam Oyunlarının Azərbaycanda keçirilməsi hökümətin boynu yoğun idman nazirinin vasitəsiylə küllü miqdarda pulların qazanmasına xidmət edir. Əks halda sual vermək gərək: siz İslam oyunlarının təşkilinə rəvac verirsiz, halbuki İslamın əsas sütununun namazı olduğunu bilmirsiniz. Bilsəniz, namaz qıldığı üçün ruhanini həbs etməzdiniz. Bilsəydiniz, namaz uğrunda canını fəda edən İmam Hüseynin (ə) qatilləri kimi anti-islam addımlar atmazdınız. Siz Bakı "İslam Mədəniyyətinin Paytaxtı" olan ildə məscidləri uçururdunuz, Yəzid ibn Müaviyə də Kəbə evini mancanaqla yandırmışdı. Siz namaz qıldırdığı üçün ölkənin hətta xarici ölkələrdə tanınmış ruhanisini həbs edirsiniz, halbuki Kərbəlada da İmam Hüseyn (ə) qoşununun namaz qılmasına oxlarla, nizələrlə mane olmağa çalışırdılar.
O zamanın İslam düşmənləri törətdikləri cinayətləri müasir dövrümüzdə törədən insanların İslam adına tədbir təşkil edib öz mənfəətini güdməsini, İslam adından suyi-istifadə etməsini şiddətlə qınayır və bu işdən Allaha pənah aparırıq.


5410 بازدید
در حال ارسال اطلاعات...