Siz gözəl bilirsiniz ki, ölkəmizdə dindar da, qeyri-dindar da məhz hakimiyyətin öbaşınalığına etiraz etdikləri üçün həbs ediliblər.
Şeyx Sərdarı həbs edənlərə yox, arxasında namaz qılanlara müraciət!
Əziz Masallı möminləri, bilxüsus Şeyx Sərdarın arxasında namaz qılan dindarlar! Agahsınız ki, ölkəmizdə demək olar ki, xalqın bütün təbəqələri hakimiyyətdən narazıdır. Hüquqa söykənərək narazılıq bildirmək hər bir vətəndaşın konstitusyon haqqıdır. Bu haqqı bizə dövlətin ana yasası verir.
Onu da gözəl bilirsiniz ki, etirazçı xalqın bu mənada yol verdiyi ən böyük səhv bir-birinin dərdinə şərik olmamasıdır. Məsələn, müxalifət liderlərinin əsgər ölümləri aksiyalarında fəal iştirakı nəzərə çarpmırdı. Qeyri-dindar camaat etiraz edib deyir ki, dindarlar – məmurlar tərəfindən süni formada qarşıya çıxarılan hicab qadağalarına etiraz etdikləri kimi rüşvətxorluğa qarşı haqq səslərini ucaltmırlar. Dindarların, hicab qadağasından əziyyət çəkənlərin qeyri-dindar, qeyri hicab əhlindən umduqları onların da haqqı müdafiyə etmələridir. İsmayıllı da etiraz aksiyaları baş verəndə bütün günü kommunal problemlərdən əziyyət çəkən sumqayıtlılar onlara dəstək olub Sumqayıtda meydanlara tökülmürlər. Sumqayıtda etirazlar, narazılıqlar baş qaldıran zaman Lənkəran camaatı aktiv aksiyaya qoşulmur. Lənkəranda yolu kəsən camaata Bakıdan samballı dəstək gəlmir. Halbuki, danışanda hər birimiz xalqdan danışırıq.
Əziz Masallı möminləri, bilxüsus Şeyx Sərdarın arxasında namaz qılan dindarlar! Siz gözəl bilirsiniz ki, ölkəmizdə dindar da, qeyri-dindar da məhz hakimiyyətin öbaşınalığına etiraz etdikləri üçün həbs ediliblər. Amma indiyədək vicdan, hicab, heykəl məhbusuna rast gəlmişdiksə də namaz məhbusuna rast gəlməmişdik. Hakimiyyət dəfələrlə siyasətçiləri Qərbə ölkələri səfirliklərinə işləməkdə, ruhaniləri İran agenti olmaqda, hicab aksiyasına çıxan çadralı dindar xanımları, ruhani xanımlarını iranlılar kimi geyinməkdə ittiham edib suçlayırdı. Doğrudur, bunların heç birini indiyədək sübuta yetirə bilməyiblər. Amma şeyx Sərdarı namaz üstündə tutublar. Elə bir namaz ki, sabah, o biri gün bu "gühanla" sizi də yolda, evinizdə, iş yerinizdə qabağınızı kəsib həbs edə bilərlər. Elə bir namaz ki, bu nə Qərb səfirliklərinin göstərişidir, nə də İrana xas bir şey deyil. Bu işdə qətiyyət göstərsək, heç kəs bizi İrana işləməkdə ittiham edə bilməz. Çünki biz namazımızı müdafiyə edirik.
Əziz Masallı möminləri, bilxüsus Şeyx Sərdarın arxasında namaz qılan dindarlar! Sizlər Şeyx Sərdarı müdafiyə etməkdə hamıdan öndəsiniz. Axı sizin Şeyxə təşəkkür borcunuz var. Uzun illər mehrabda, minbərdə zəhmətinizi çəkib. Heç hər namazdan sonra salavatlar zikr edərkən "zəhmətimizi çəkən pişnamazın salamatçılığına salavat zikr eləyək" deməmisiniz? İndi əməli olaraq salamatçılığına salavat zikr etməyin vaxtıdır. Onun salamatçılığı Allahın əlindədirsə də ki, bu işdə siz vasitə olmalısınız. Siz Şeyxi tək buraxdıqdan sonra başqa məscidlərin camaatlarında zərrə qədər şövq yarada bilməzsiniz. Axı digər məzhəblərdən fərqli olaraq şiə məzhəbində imam camaat gərəkdir ki, adil olsun. Sizin adil bilib arxasında namaz qıldığınız şeyxi necə napak əllərə buraxa bilərsiniz?
Əziz Masallı möminləri, bilxüsus Şeyx Sərdarın arxasında namaz qılan dindarlar! Elə iş görün ki, yenə Şeyx namazdan sonra arxaya dönüb sizə üz tutub "Allahqəbul eləsin" desin. Tarixi yada salın: Həzrət İmam Hüseynin (ə) səfiri və əmisi oğlu olan Həzrət Müslim ibn Əqil (ə) İmam (ə) tərəfindən Küfəyə göndərildi. İnsanlar İmam Hüseynə (ə) onun vasitəsiylə beyət etmişdilər. Amma məlun vali İbn Ziyad Küfəyə daxil olan kimi çoxlarının canına vəlvələ düşdü. Həzrət Müslim (ə) arxaya dönüb öz tərəfdarlarına baxdıqda arxasında onları görə bilmədi. Böyük əksəriyyət Həzrətdən (ə) üz döndərmişdi. Siz isə tarixdən ibrət alın, Şeyx Sərdarın məsciddə olduğu kimi bayırda, polis bölməsinin qarşısında, məhkəmə prosesində arxasında dayanın. Bilin ki, İslam, ədalətli insana iqtida (yəni onu örnək bilmək) təkcə məscidin içində olmamalıdır. Məlun vali İbni Ziyadın rəzil hücumlarının qarşısında Şeyxinizi qorumaqdan bir an belə geri çəkilməyin. Müslim ibni Əqilin dönüb arxaya baxdığı səhnəni xatırlayın.
P.S. Oxuculardan rica, mümkün qədər yazılanlar lazımlı ünvana çatdırılsın!