Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2017

Əl-Muraqibət kitabından bir yarpaq-Quranda tədəbbür

Onlar dünyanı ana öz övladını sevdiyi kimi sevirdilər...
Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi nəfsin tərbiyə və safaşmasını öyrədən dəyərli “Əl-Muraqibat” kitabının bir hissəsində ilahi yolun yolçularına Quran oxumağın ədəb və qaydaları, habelə Quranda tədəbbür və onun mənasında düşünməyin yollarını öyrədərək yazır:
Mütəal Allah buyurur: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəkləri qıfıllanmışdır?”
Quranda tədəbbür və təfəkkür etmək istəyən şəxs öz düşüncəsi miqdarında kəlamın mənasını, onu deyənin böyüklük və əzəmətini dərk etsin, qiraət zamanı oxuduğu kəlamlarda hüzuri-qəlb ilə düşünsün, kəlamın məqsədini anlasın, onun dərkinə və başa düşməsinə mane olan maneələri aradan qaldırsın. Bununla da dərk və təfəkkürü dərinləşib, gözəl aləmlərə və yüksək məqamlara yetişsin. Qeyd olunan bəzi işlərə riayət etmək doğrudan da vacibdir, bəzilərinə riayət etmək vacib deyil, ancaq riayət edilməsi çox fəzilətli və faydalıdır.

Quranın mənasının başa düşülməsi
Allahın kəlamının mənasını başa düşmək dedikdə məqsəd budur ki, Quran oxuyan şəxs ümumi olaraq bilsin ki, Quranın zatı və həqiqəti vardır. Bu həqiqət Allahın nurlarından biridir və aləmlərdə onun müxtəlif təzahürləri vardır. Hər təzahürün də (özünəməxsus) təsirləri vardır. Axirət aləmlərində peyğəmbərlərin, mələklərin, Allahın saleh bəndələrinin surəti kimi bir surəti vardır. (Quran) Bu surətdə danışar, Allahın yanında şəfaət edər və onun şəfaəti qəbul olar. O, şəfaəti qəbul olunmuş şəfaətçi, təsdiq edilmiş doğruçudur. Həqiqətdə Allahın təcəllisinin bir cilvəsidir.
Quran barədə dediyimiz mətləblər hamısı Quranın öhdədarları və ondan ayrılmayan Əhli-beytin (ə) rəvayətləri əsasındadır. Quranda hər bir şey bəyan edilmişdir. Baş vermiş və baş verəcək hər nə varsa ondadır. Quran bir nurdur ki, Allah onun vasitəsilə Öz razılığına tabe olacaq insanları salam və sağlamlıq yollarına istiqamətləndirər, Öz izni ilə onları zülmətdən çıxarıb, düzgün yola hidayət edər.
Hətta, Quranın həqiqəti bəzi aləmlərdə Peyğəmbərin (s) və onun məsum canişinlərinin həqiqəti ilə eynidir. Həzrət Əmir əl-mömin Əlinin (ə) kəlamı da bu mətləbi bəyan edir: “Mən danışan Quranam”.
Qısası, Quranın həqiqəti vardır və onun həqiqəti elədir ki, bu elmlər onun zatını tanıya bilməz. Necə ki, onun həqiqət və zatı haqqında Mütəal Allah buyurub: “Ona yalnız pak olanlar toxuna bilər!” Yəni onun həqiqətini yalnız günahlardan pak olanlar dərk edə bilər.
Quranın həqiqətini dərk etmək üçün onun əzəmətini tanımaq lazımdır, əzəmətini tanımaq üçün isə onu danışanın (Allahın) əzəmətini dərk etmək lazımdır. Ona görə də hər kəs Qurana qarşı bu miqdarda mərifət əldə etsə, onu tilavət etdikdə hüzuri-qəlbə diqqət edəcək, onda tədəbbür edəcək, Quranın işarə, məqsəd və incəliklərinə varacaqdır. Bu işdə sana gəlməz xeyir, saysız-hesabsız faydalar vardır. Çünki Quran məbdə və məad (başlanğıc və son), Allah, mələklər, kitablar, Qiyamət günü və hər bir şeyin həqiqət və mahiyyətini tanımaq üçün bir elmdir.
Əmir əl-möminindən (ə) rəvaət olunub ki, həzrət buyurdu: “Peyğəmbərin (ə) mənə açdığı sirləri insanlardan gizlətmirdim və yalnız Allahın Kitabını başa düşən bir kəsi tapmadıqda onu gizlədirdim”.

Quranda tədəbbür etməyə aid bir nümunə
İndi isə yaxşı olar ki, Quranda necə tədəbbür və təfəkkür olunmasına aid bir nümunə qeyd edək ki, tədəbbür etmək istəyənlər üçün faydalı olsun:
Məsələn insan “Vaqiə” surəsində oxuduqda

“أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ”

(İçdiyiniz suyu gördünüzmü?)

öz fikrini suyun dadı ilə məhdudlandırmayıb, onun müxtəlif cəhətləri haqqında düşünsün. O cümlədən, hər bir şeyin sudan vücuda gəlməsi. Məsələn fikirləşsin, sudan həm dənə, həm bitki, həm insan, həm də heyvan necə vücuda gəlir? Sonra insanın bədən hissələri barədə düşünsün; ət, sümük, göz, qulaq və s. kimi güc qüvvələri, üstün əxlaq, rəzilə əxlaq və onların dünya və axirətdə təsiləri. Belə ki, növbə özünün əqlinin mərtəbələrinə çatsın, əqli-müstəfad (qazanılmış ağıl) barədə təfəkkür etsin və onu bu aləmin və kiçik aləmin qarşısında müstəqil bir aləm hesab etsin, üstəlik onu böyük bir aləm görsün.
Sonra öz təfəkküründə suyun başlanğıcına qayıtsın, Quranın suyu tanıtdığı kimi onun Allahın rəhmətinin əsərlərindən olduğunu düşünsün. Habelə, düşünsün ki, rəhmət Allahın sifətlərindəndir və sifətlərdə vəsf olunmuşu (Allahı) müşahidə etsin.
Bu növ tədəbbür mükaşifə elminin təməlidir. Tədəbbür edən kəs öz fikrini bu mətləbə qərq etsə, ola bilsin ki, imam Sadiqin (ə): “Bir şeyi görməzdən öncə, onunla birgə və ondan sonra Allahı gördüm”-kəlamını təsdiq edər.

Hansı mövzularda tədəbbür edək?
Quranı tilavət edən şəxs bu mətləblər barədə də düşünsə, Quranı daha yaxşı başa düşəcək:
a) Peyğəmbərlərin əhvalı haqqında düşünmək; onların Allaha yaxın olmalarını, Onun yanında yüksək məqam sahibi olduqlarını, fəqirlik, xəstəlik, camaatın onları yalançı adlandırması, onlara iftira atması, söyməsi, döyməsi, qətlə yetirməsi və s. kimi bu qədər bəla və misibətlərə mübtəla olmalarını nəzərə alsın. Fikirləşsin ki, Allah necə onları bəlalar və müsibətlərlə tərbiyə etmişdir. Hətta, peyğəmbərlərin sərvəri həzrət Rəsuli-əkrəm (s) Allahın həbibi olduğu bir halda ən çox əzab-əziyyətlərə məruz qalmış peyğəmbər idi. Həzrət buyurur: “Heç bir peyğəmbər mənim qədər əziyyət görməyib”.
Bu mətləblərin hər biri barədə düşünməlisən ki, aşağıdakı məsələləri başa düşə biləsən:
1. Mütəal Allahın böyüklüyünü dərk edəsən. Çünki (bəla və müsibətlərə mübtəla olmuş peyğəmbərlər kimi) böyük insanlar Allahın qüdrət və hikmət dairəsində olublar. O (Allah) istədiyini edə bilir və Onun işlərindən sual edilməz.
2. Allaha itaət etməyinin əvəzində Allahın işləri sənin istək və meylinə uyğun edəcəyini gözləmə.
3. Səni dünyada yoxsulluğa, zillət və digər bəlalara düçar etdikdə, Onun fəzlindən məyus olmaya və Onun kərəmindən ümidini üzmə.
4. Heç bir mömini düçar olduğu bəlalara görə məzəmmət etmə.
5. Heç bir mömini dünyada üzləşdiyi yoxsulluq və zillətə görə təhqir etmə. Ola bilər ki, Allah onun böyüklüyünə xatir (bu bəlalara) mübtəla etmişdir.
6. Dünyanın Allah yanında kiçikliyinə bax, dünyanı böyük sanma, onu kiçik bil, dünyada itirdiklərinin və itirəcəklərinin həsrətini çəkmə.
7. Dünya sənə üz gətirsə, bunu Allahdan və müqərrəblik dərəcəsindən uzaqlaşmağın əlaməti bil. Dünya sənə arxa çevirsə, bunu özünün salehlik əlaməti hesab et. Necə ki, həzrət Musaya (ə) vəhy oldu: “Əgər sənə fəqirlik üz versə, de: alqış, salehlərin şüarına. Sərvət gəldikdə isə de ki, bu günah mənim cəzamı tezləşdirmişdir”.
b) Quranı başa düşmək üçün faydalı olan digər bir məsələ günahlar üçün qoyulmuş cəzalar və hədlərdir. Məsələn, bir dinarın dörddə bir hissəsi oğurlamağa görə əlin kəsilməsi. Bu bir ilahi hökm olaraq aqil insan üçün çox böyük qorxu yaradır. Çünki o, hər gün bir çox mənəvi və cismi günahlara mürtəkib olur. Belə cəzalar barədə düşündükdə başa düşər ki, əgər bir dinarın dörddə bir hissəsinə görə belə cəza varsa, onun bu ağır günahlarına görə hansı cəza veriləcək?!
c) Məhv edilmiş ümmətlərin əməlləri və cəzaları haqqında düşünmək də bu qəbildəndir. Həzrət İsa (ə) əzaba düçar olaraq həlak olmuş ümmətlərin birindən soruşdu:
“Hansı günah əmələ görə bu əzab nazil oldu?”
Onlardan bir nəfər belə cavab verdi: “Onlar dünyanı ana öz övladını sevdiyi kimi sevirdilər, az qorxu və uzun arzular üzündən günah əhlinə itaət edirdilər, eyş-işrət onları qafil etmişdi”.
Həzrət İsa (ə) soruşdu: “Necə həlak və əzab oldunuz?”
O dedi: “Gecəni sağ-salamat yatdıq, ancaq sübh “Haviyə”də idik”.
Həzrət soruşdu: “Haviyə nədir?”
Dedi: “Atəşdən olan bir dağdır və Qiyamətə qədər bizi yandıracaq”.
Həzrət İsa (ə) soruşdu: “Bəs siz nə dediniz və nə eşitdiniz?”
O dedi: “Dedik ki, bizi dünyaya qaytar, dünyaya meyl etməyib, zahid olacağıq. Ancaq bu cavabı eşitdik: “Yalan deyirsiniz”. Həzrət dedi: “Çox təəccüblüdür ki, səndən başqa onlardan heç biri mənimlə danışmır”.
O dedi: “Ey Ruhullah! Qəzəbli və güclü mələklər onların ağzına oddan yüyən vurublar. Mən də onların arasında idim, amma onlardan deyildim. Əzab gəldikdə məni də tutdu. İndi cəhənnəmin ağzında bir tükdən asılıyam. Cəhənnəmə düşəcəyimi, yoxsa xilas olacağımı bilmirəm”.
Səbt əshabı və onlara nazil olan əzab barədə düşün. Onlar əvvəl meymuna, sonra donuza çevrildi və həlak oldu. Sonra öz əməllərin haqqında fikirləş. Gör, öz əməllərinin onların əməlləri kimi olmadığına əminsənmi?
Bu kimi fikirləşmələr salehləri və övliyaları arxayın yatmağa qoymurdu. Deyirdilər ki, qəfil gecə hücumundan qorxan adam necə yatsın! Onlar öz surətlərini gündə bir neçə dəfə yoxlayırdılar ki, görsünlər günah zülmi ilə qaralıb, yoxsa öz halında qalıb.

Qaynaq: “Əl-Muraqibat”, səh. 226-231.
Çevirən: Seyid Zahir


4808 بازدید
در حال ارسال اطلاعات...