Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2016

Bu il Aşuranın övladları ola bildikmi?

"Ölümlə qorxudursunuzsa bilin ki, biz Aşuranın övladlarıyıq"
Qarşıdan Ərbəin gəlir, Səfər ayı bir neçə gündən sonra tamamlanır. Məni düşündürən bir sual var; Görəsən biz bu il Aşuranın övladları ola bildikmi? Bu sual təbii ki, çoxlarına İmam Xomeyni ağanın məşhur bir sözünü xatırladır. İmam (r) müstəbid və müstəkbir rejimlərə üzünü tutub "bizi acıqla qorxudursunuzsa bilin ki, biz Ramazanın övladlarıyıq, ölümlə qorxudursunuzsa bilin ki, biz Aşuranın övladlarıyıq" deyirdi.

Allaha şükür yaxşı-pis Ramazanda Ramazanın övladları ola bilirik. Artıq bizim üçün on yeddi saat yay aylarında belə oruc tutmaq çətin deyil. Hətta içimizdə elə möminlər var ki, Rəcəb-Şəban aylarını da isti-qızmar hava, susuzluq, ciddi iş rejimi demədən müstəhəbb oruc tuturlar. Amma təəssüflər olsun ki, Aşuranın övladları olmağı bacarmırıq. Bu arada digər mücahid ruhani hacı Abgülün sözü yada düşür. O bir dəfə minbərdə demişdi ki, adam var yayda üç ay oruc tutur, dodağı çatlayır, amma deyəndə ki, məscid sökülür, tükü də tərpənmir.

Mömin bəndə hər gün əməllərini hesaba çəkməlidir. Günün tamamında özündən bu gün nə etməsi barədə soruşmalıdır. İrfan və əxlaq alimləri bu barədə çox nəsihətlər edib, amma təəssüf ki, çoxumuz bu nəsihətləri ancaq "dodağı çatlayan" "Ramazanın övladları" kimi anlamağa çalışmışıq və "Aşuranın övladları" olmağa çox can atmamışıq.

Hər bir dindar vicdan sahibidir, o heç də adi halda özünü "Aşuranın övladı" olmaqdan məhrum etməz. Lakin müəyyən müqəddimələrlə özünə təsəlli verə bilir. Məsələn zalım rejimlər hansısa özbaşınalıqlarını legitimləşdirmək istədikdə birbaşa qanun pozuntusuna nadir hallarda yol verirlər. Daha çox etdikləri isə odur ki, qanunu dəyişdirib elə kökə salırlar ki, bu qanun təkcə onların maraqlarına xidmət edir. Xalq etiraz edəndə də deyirlər qanun belə tələb edir, susmayanda isə onları qanuna qarşı gələn cinayətkar ünvanında cəzalandırırlar.
Həqiqətdə bəzi dindarlarımızın vəziyyəti bu cür olub. Birbaşa "Aruşanın övladları" olmaqdan imtina etməzlər. Müəyyən müqəddimələr hazırladıqdan sonra bu müqəddimələr əsasında özlərini Kərbəla cihadında üzürlü sayılan qoca, əlil, xəstə insanlar kimi görməyə və göstərməyə çalışırlar. Əlbəttə bu insanlar İmam Əlinin (ə) öz mübarək hədislərində tənqid etdiyi adamlar kimi deyillər. Onlar qışda cihada dəvət edildikdə deyirdilər soyuqdur, yayda dəvət edildikdə istini bəhanə edirdilər. Bu gün tənqid edilən dindarlar tam olaraq bu cür olmasalar da, Allah uğrunda cihaddan müəyyən mənada özlərini kənar ediblər. İmam Xomeyni ağa inqilabdan sonra onun ətrafında pərvanə olan mühafizəkarlara deyərdi ki, İmam Əlinin (ə) ətrafında sizin kimi insanlar olsaydı onu vura bilməzdilər.

Aman o gündən ki, məhərrəm ayında İmam Hüseynin (ə) adına qurulan məclislər ancaq xurma ehsanında, mərsiyədən ibarət olsun. Hərçənd ki, bu adət ənənə cəmiyyətimizdə çox zaman bu cürdür. Məsələn, illərdir minbərdə İmam Hüseyn (ə)-ın rəşadətindən danışanlar dindar-ruhani qardaşının əleyhinə danışmalı olur. Öz zamanələrinin Aşurasından kənarda qalırlar. Əlbəttə belə adamlar əgər öz vicdanlarıyla hesablaşmalı olsalar hər gün minbərdə "dil pəhləvanı" olmaqdan əlavə, Kərbəla meydanlarında "qol pəhləvanı" da olarlar.

Əziz inqilab rəhbəri illər əvvəl Fələstinlə bağlı verdiyi fətvada buyurmuşdu ki, kim hansı vasitə ilə bacarır cihad etməli, məzlum fələstinliləri müdafiyə etməlidir. İsrail kimi rejimləri qorxuya salan da budur. Çünki birinin diliylə, birinin minbəri ilə, digərinin qələmiylə, birbaşqasının gücüylə cihadda iştirak etməsi onu deməyə əsas verir ki, bacarıqları çərçivəsində cihad edən bu insanları birləşdirən bir nöqtə var- zülmə qarşı ayağa qalxmaq. Cəmiyyətdə bunu təmin etmək birinci dərəcəli işdir. Bundan ötrü zülmü tanımaq lazımdır. Zülm tanınandan sonra zalım özünü-özünə tanınacaq. İmam Əli (ə) buyurur ki, haqqı tanı ki, haqq əhlini tanıyasan. Haqqı tanıyıb haqq əhlinə qoşulmasaq zülmkarları yıxmaq çətin olacaq.

Bizim Qarabağ kimi böyük dərdimiz var. Deməli, biz fələstin xalqının dərdinə şərik olmalıyıq. Suriyaya gedib İŞİD-ə qoşulan vahhabiləri şiddətlə qınayırıq. Bəs İŞİD-in təcavüzünə məruz qalmış məzlum Suriya xalqına niyə yardım etmirik? Fələstinlilərə qan udduran israil sionistlərinə niyə qəzəblənmirik? Bu günkü Suriyanı, Fələstini iyirmi ilin Qarabağı kimi təsəvvür edək, bizə heç bir müsəlman xalqı kömək etmək istəmir. Bunu hamı Azərbaycanın daxili məsələsi hesab edir. Bu bizə nə dərəcədə təsir edər? Bəs biz özümüz hansı üzlə dünya birliyindən ədalət gözləyirik? Hansı haqla müsəlman dünyasından kömək umuruq?

Ölkə daxili məsələlər də bu cürdür. Bu gün haqqı dediklərinə görə tutulan insanlara sözlə də olsa dayaq olmasaq, sabah kimdən bizim məhkəmələrdə iştirak etməsi, haqsızlıqları yazması üçün kömək istəyəcəyik. Bu gün zülmə məruz qalmış məhbusların harayına yetişməsək, sabah kimdən bunu tələb edəcəyik? Axı bu gün onu gözləyən bu aqibətdən sabah biz də sığortalanmamışıq. İmam Hüseynə (ə) Kərbəlada qoşulmayan vəfasızların aqibəti hamımıza məlumdur.

Hər il gərək özümüzdən cidiyyətlə soruşaq: bu il Aşura övladları ola bildikmi?

Nur-az.com


5994 بازدید
در حال ارسال اطلاعات...