Mömin insan təhlükədə olduğunu bir an da unutmamalıdır.

Həzrət Əli əleyhissəlamın öz oğlu İmam Həsənə (ə) vəsiyyətindən
Mömin insan təhlükədə olduğunu bir an da unutmamalıdır. Çünki onun ayağı altda daim süqut edə biləcəyi cəhənnəm dərəsi qaynamaqdadır. O, bir tərəfi ilahi mərhəmət, digər tərəfi əbədi əzab olan fəzadadır. Onun süqut etməyəcəyinə heç bir zəmanət yoxdur. Bəli, insan daim uçurum kənarındadır. Bu uçurumdan aşağı insan üçün əbədi əzab vadisi uzanır. Əgər ölüm hər şeyə son qoysaydı, çox asan olardı. Amma həqiqət başqadır. İnsan kiçik bir büdrəmə nəticəsində əbədi cəhənnəm dərəsinə yuvarlana bilər. Bəziləri çətinliyə düşdükdə ölüm arzulayırlar. “Kaş ölüb, rahatlaşaydım”, deyirlər. Amma onlar unudurlar ki, ölümdən sonra əbədi həyat başlanır. Bu həyat xoşbəxt ola biləcəyi kimi, bədbəxt də ola bilər. Hətta imanlı insanlardan da belə sözlər eşidirik ki, “Pərvərdigara, artıq bu çətinliyə dözə bilmirəm, məni öldür.” Belələri bu dünyanın dərdlərinə, çətinliklərinə qarşı müqavimət qüvvəsini itirənlərdir. Onlar Allahın qəzasına dözə bilmir, ölümü daha asan sayırlar. Onların nəzərincə, bu dünyanın dərdləri ölüm və ölümdən sonrakı həyatın mümkün ağrılarından daha dözülməzdir.
Qurani-kərim qiyamət gününün sonsuz ağrıları barədə cəhənnəm əhlinin dilindən buyurur:
“Ey Malik (cəhənnəm gözətçisi), qoy Rəbbin bizi öldürsün...” Onlara cəhənnəm əzabı o qədər ağır gələr ki, cəhənnəm mələyindən ölüm istərlər. Malik isə onlara belə cavab verər: “Siz həmişəlik qalacaqsınız” (“Zuxruf”, ayə 77.) Bəli, ölümdən sonra ölüm yoxdur. Cəhənnəmə düşənlər orada əbədi qalasıdırlar. Hər halda unutmamalıyıq ki, dünya və axirət çətinliklərinin əksəri insanın qəflətindən, diqqətsizliyindən yaranır. Qəflətdə olan insan qarşıda onu gözləyən təhlükədən xəbərsiz qalır.
İmam Xomeyni (r) öz söhbətlərində “diqqət” sözünü çox işlətmişdir. Əgər onun moizələrinə nəzər salsanız, təkrar-təkrar bu sözləri dediyinə şahid olarsınız: “Ağalar, diqqətli olun...” Əgər bu kəlmə çox işlədilirsə, demək, onda bir sirr vardır. Bir çox problemlər məhz bu diqqətsizliyin nəticəsində yaranır. Əgər insan hər an əbədi oda yuvarlanacağını mümkün hesab etsə, rahatlığını itirər, daim diqqətli olar. İnsan bir qədər düşünüb, qarşıdakı təhlükələri təsəvvüründə canlandırsa, çox səmərəli bir əhvali-ruhiyyə əldə edər. Allah övliyalarının göz yaşları, Əbu-həmzə duası və digər münacatlar yalnız uyğun diqqət nəticəsində müyəssərdir. Bir zərrə diqqət həmin nalələrə qapı aça bilər.
Bəli, bu gün dərdli olmamağımızın səbəbi qarşıdakı təhlükələrə diqqətsizliyimizdir. Əgər insan düşünsə ki, dünya həyatı fəzada qalmaq kimidir və aşağıda nəfs istəklərindən şölələnmiş alov yanır, bu alova düşməmək üçün qəlbini nəyəsə bağlayar, əl atıb nədənsə yapışar. Diqqətli insanda belə bir hal yaranır. Bu halda olan insan üçün ən zəruri iş Allahın ipindən yapışmaqdır. Qurani-kərim və Əhli-beyt (ə) bu kədərli halı müxtəlif şəkillərdə bəyan etmiş və onun çarəsini göstərmişlər. Bəli, təhlükələrdən xilas olmaq üçün möhkəm ilahi ipdən yapışmaq lazımdır.