Rəvayətlərdə də təsdiqlənir ki, insanın dünyaya və onun ləzzətlərinə meyli təbiidir və məzəmmət olunmur

Dünya məhəbbəti hansısa dərəcədə insanın fitri meylidir. Bu meylə qarşı irad yoxdur, hətta uyğun meyl məzəmmət də edilmir. İnsan elə bir şəkildə xəlq olunub ki, gözəlliklərdən, dünyanın ləzzətlərindən zövq alır, onlara maraq göstərir. Əslində dünyaya münasibətdə normal maraq bəşəriyyət üçün faydalıdır. Necə təsəvvür etmək olar ki, insan dünya ləzzətlərinə nifrət etsin?! Demək, insanın dünya ləzzətlərinə meyl göstərib onlardan zövq alması eyb deyil. Məsələ bundadır ki, insan dünya gözəlliklərini, yoxsa axirəti üstün tutmalıdır?!
Rəvayətlərdə də təsdiqlənir ki, insanın dünyaya və onun ləzzətlərinə meyli təbiidir və məzəmmət olunmur. Rəvayətlərdən birində oxuyuruq: «İnsanlar dünyanın övladlarıdır. İnsan anasını sevdiyi üçün qınanmaz.» "Biharul-ənvar", c.73, s.131, rəvayət 135, bab 122.) Bəli, insan dünyanın ağuşunda doğulur, boya-başa çatır. Dünya bütün insanlar üçün ana kimidir. Məgər anasını sevməyən məzəmmət olunmurmu?! Demək, dünyaya meyl insan xarakterində qoyulmuş meyllərdəndir və bu meylə görə kimsəni qınamaq olmaz. Allah özü insan fitrətində belə bir meyl qərar vermişdir və məqsədi onu sınağa çəkməkdir: «Yer üzündə olanları bərbəzək qərar verdik ki, onları sınağa çəkək.» (Quran "Kəhf", 7.) Əgər dünya və onun ləzzətləri olmasaydı, insanı sınağa çəkmək mümkün olmazdı. Əsas məsələ odur ki, insan günaha maraqlı olduğu halda Allahın əmrinə əsasən günahdan çəkinsin. Əgər günaha maraq olmasaydı, günahdan çəkinmək də hünər sayılmazdı. İnsanın sevdiyi şeyi tərk etməsi onun üçün iman nişanəsi sayıla bilər. Təbii ki, insan marağı olmayan işdən uzaq dayanasıdır. Belə bir uzaqlığı bəndəlik nişanəsi saymaq olmaz.
Bəli, insan dünyaya marağına görə məzəmmət olunmur. Məzəmmət olunan budur ki, insan dünyaya bağlanıb axirəti yaddan çıxarsın. Məzəmmət olunan budur ki, mənəviyyat, fəzilətlər və axirət müqabilində dünyaya üstünlük verilsin. İnsanın fitrətində gözəlliyə sevgi var. Ona əmr etmək olmaz ki, gözəlliyi sevmə. Demək olar ki, belə bir hal mümkünsüzdür. İnsan susadığı vaxt təbii şəkildə su istəyir. Həmin vaxt ona demək olarmı ki, su içmə?! İnsan elə xəlq olunub ki, istər-istəməz gözəlliklərə və dünya ləzzətlərinə meyillidir. Ona görə də kimsəni bu səbəbdən qınamaq, məzəmmət etmək olmaz. Amma bir şəxs əməli olaraq bu meyllərini gücləndirsə, həyat məqsədi qərar versə, dünyaya məşğul olmaqla dini vəzifələrini və axirəti yaddan çıxarsa, məzəmmətə layiqdir. Bəli, Quran ayələrinə əsasən, dünyaya bağlılıq yüksələn xətt üzrə davam etdikdə küfrlə sonuclanır. Ona görə də bu meyli öz başına buraxmaq təhlükəlidir. Dünya məhəbbətinin ən aşağı mərtəbəsi budur ki, həmin məhəbbət insanı vacib əməllərdən çəkindirməsin, harama sövq etməsin. Mümkündür ki, belə bir şəxs müstəhəb əməlləri tərk edib kərahətli işlərə yol verməklə bir çox fəzilətləri əldən çıxarsın. Dünyaya bağlılığın belə bir mərtəbəsi haqqında «əxlaqi baxımdan məzəmmət olunur» söylənilir. Bu mərtəbə əvvəlki mərtəbədən təhlükəli olmasa da uyğun istiqamətdə başlanğıc nöqtə ola bilər. Unutmayaq ki, bütün işlər sıfırdan başlayır!