Məhdinin (əc) vəziyyəti də öz qeybəti dövründə həzrət Yusifin (ə) vəziyyəti kimidir
Tehran şəhərinin tanınmış əxlaq və təfsir ustadlarından olan Ayətullah Seyid Məhəmməd Ziyaabadi öz dərslərinin birində Həzrət İmam Məhdinin (əc) bizim aramızda olmasına, lakin bizim o həzrəti tanımamağımıza işarə etdi və bu cəhətdən İmamın (əc) həzrət Yusiflə (ə) oxşarlığını qeyd edərək bir neçə nümunə gətirdi.
Ayətullah Seyid Məhəmməd Ziyaabadi bunun sübutu üçün İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisi şərh edərək dedi: İmam Sadiq (ə) buyurdu: “Həzrət Yusif (ə) Misirin əzizi idi və Misirlə Yusifin (ə) atası həzrət Yəqubun (a) yaşadığı Kənan diyarı arasında cəmi 18 günlük məsafə var idi. Yusif (ə) üçün atasını öz yanına gətirmək, onu qəm-qüssədən qurtarmaq tamamilə mümkün idi. Amma o, bu işi etmədi və atası oğlunun ayrılığına o qədər ağladı ki, axırda Quranın buyurduğuna əsasən: “Dərd-qəmdən gözlərinə ağ gəldi”.
Yusifin (ə) qardaşları bir neçə dəfə Misirə səfər etdilər və Yusiflə (ə) görüşdülər. Yusif (ə) onları tanıdı, lakin özünü onlara tanıtmadı. Nə üçün belə etdi? Çünki bu iş üçün Allah tərəfindən izni yox idi. Allah, o ata-oğul üçün çox qəribə bir imtahan səhnəsi yaratmışdı. İmtahan dövrünün bütün çətinlikləri ilə başa çatmasını istəyirdi. Elə ki, imtahan dövrü sona yetdi, Yusifə (ə) özünü tanıtmaq əmrini verdi. Yusif (ə) özünü qardaşlarına tanıdaraq dedi: “Mən Yusifəm, sizin qardaşınız!”
Sonra İmam Sadiq (ə) buyurdu: “Məhdinin (əc) vəziyyəti də öz qeybəti dövründə həzrət Yusifin (ə) vəziyyəti kimidir. Məhdi (əc) camaatdan uzaq deyil. Camaatın arasında gəzir, evlərə daxil olur, döşəmələrinin üzərinə ayaq qoyur, amma camaat onu tanımırlar! Onun da özünü tanıtmağa icazəsi yoxdur. Qeybət imtahanı dövrü başa çatdıqdan sonra Allah ona özünü tanıtmaq izni verəcək və İmam (əc) özünü tanıdaraq buyuracaq: “Mən Bəqiyyətullaham”.