
1332-ci Şəmsi ili idi. Bir qrup dostlarımla bir çox mübahisə və fikir mübadiləsindən sonra belə nəticəyə gəldik ki, namazı ərəbcə qılmaq lazım deyil. Niyə namazı öz dilimizdə qılmayaq? Nəhayət belə qərara gəldik ki, namazlarımızı öz dilimizdə qılaq və belə də etdik. Bizim valideyinlərimiz bu işimizə görə narahat oldular. Bizi bu yoldan çəkindirməyə çalışdılar. Biz də universitetdə öyrəndiyimiz müasir elmlər əsasında onlara cavab verirdik. Nəsihətlərinin təsirsiz qaldığını görən valideyinlərimiz bizi o zamanlar məntəqəmizdə olan ruhani Ayətullah Rəhim Ərbabın yanına aparmaq qərarına gəldilər. Ondan vaxt aldıqdan vədələşdiyimiz gün onun yanına getdik. Təqribən 15 nəfər idik. İlk anda nurani sima və təbəssümlə qarşılayaraq, bizi özünə cəzb etdi. Müstəsna bir şəxsiyyətin görüşündə olduğumuzu hiss etdik. Əvvəl bizi çay və şiniyyata qonaq etdi. Sonra bizim valideyinlərimizə dedi: - Siz ki, namazı farsca qılmırsınız, hələlik siz gedin və bizi övladlarınızla tək buraxın.
Onlar getdikdən sonra ağa dedi: - Yaxşı olar ki, siz bir-bir özünüzü təqdim edin və hansı səthdə, hansı ixtisas üzrə dərs oxumağınızı buyurun. Biz özümüzü təqdim etdikdən sonra, o, bizim hər birimizin ixtisasına uyğun suallar soruşdu, elmi məsələlər irəli sürdü, o cümlədən cəbr, həndəsə, fizika, kimya, təbiət elmlərdən suallar soruşdu. Onun suallarının çoxu bizim elmi əhatəmizdən qıraq idi. O sualların öhdəsindən gəlmək hər adamın işi deyildi. Ağa bizim bilmədiyimiz sualları özü çox incəliklə və düzgün surətdə cavablandırırdı. Bizim hamımızı tərksilah etdikdən sonra dedi: - Namazınızı farsca qıldığınıza görə valideynləriniz narahat olub. Amma onlar bilmirlər ki, mən elə adamlar tanıyıram ki, heç namaz qılmırlar. Siz pak cavanlar həm etiqadlı və dindar, həm də himmətlisiniz. Yoxsa siz də namaz qılmazdınız. Mən də gənc çağlarımda sizin kimi namazımı farsca qılmaq istəyirdim. Lakin bu məsələdə bir sıra problemlərlə qarşılaşdım. Çox çalışsam da o problemləri həll edə bilmədim. İndi siz mənim gənclik çağlarımda olan niyyətimi həyata keçirmisiniz. Əhsən, sizin himmətinizə. Görünür ki, siz o problemləri həll edə bilmisiniz. Mənim birinci problemim "Həmd" surəsinin tərcüməsi idi. Həmd olsun Allaha, siz onu həll etmisiniz. İndi sizin hər hansınız bu məsələyə daha agahdırsa, o "Bismillahir-rəhmanir-rəhim"in necə tərcümə olunduğunu desin. Bizlərdən biri məktəb şagirdi kimi əlini qaldırıb, cavab verməyə hazır olduğunu bildirdi. Ağa təbəssüm edərək dedi: - Yaxşı oldu ki, mənim mübahisə tərəfim bir nəfərdir. Yoxsa siz gənclərlə bacarmazdım. İndi de görüm, "Bismillahir-rəhmanir-rəhim" necə tərcümə olunur?
Dostumuz dedi: - Adətə uyğun olaraq, "Bağışlayan və Mehriban Tanrının adı ilə".
Ağa gülümsəyərək dedi: - "Bismillahir-rəhmanir-rəhim"in düzgün tərcüməsinin belə olmasını güman etmirəm. "Bismillah" barədə "adı ilə" kimi məna verməyin iradı yoxdur. Amma "Allah" kəlməsinin tərcüməsi mümkün deyil. Çünki Allahın adı olduğu üçün xüsusi isim sayılır. Xüsusi ismi isə tərcümə etmək olmaz. Məsələn əgər bir kəsin adı "Həsən" olsa, ona "gözəl" demək olmaz. Həsənin tərcüməsi gözəl və yaxşı deməkdir, amma biz cənab Həsəni gözəl və ya yaxşı deyə səsləsək, onun bundan xoşu gəlməz. "Allah" kəlməsi də xüsusi isimdir və müsəlmanlar onu Mütəal Allahın zatı barədə işlədirlər. Ona görə də "Allah"ı tərcümə etmək düzgün sayılmır.
Yaxşı deyin görüm "Rəhman"ı necə tərcümə eləmisiz? Dostumuz dedi: - "Bağışlayan". Həzrət Ərbab dedi: - Bu tərcümə pis deyil, amma kamil deyil. Çünki "Rəhman", Allahın sifətlərindən biri olaraq Onun rəhmət və mərhəmətini çatdırır. Lakin bu məna "bağışlayan" sözündə yoxdur. "Rəhman" yəni, bu dünyada həm möminə, həm də kafirə rəhm edir və hamını Özünün lütf və mərhəmət çevrəsində qərar verir, ruzi, cismin sağlamlığı və onun kimi şeyləri əta edir. Hər halda "Rəhman" üçün "bağışlayan" mənası kamil tərcümə deyil.
Bəs "Rəhim"i necə tərcümə etmisiniz? Dostumu cavab verdi: - "Mehriban".
Ayətullah Ərbab dedi: - Əgər "Rəhim" dedikdə məni nəzərdə tutursunuzsa (ağanın adı Rəhim idi), mənə "Mehriban" deməyiniz, pisimə getmir. Amma "Rəhim", Quran kəlməsi və Allahın adı olduğu üçün düzgün məna verilməlidir. Əgər "Rəhim"i "Mehriban" kimi tərcümə etsəydiniz, bu yol kəndə aparırdı. Çünki "Rəhim", axirətdə möminlərin günahlarını əfv edən mənasınadır.
Deməli, "Bismillahir-rəhmanir-rəhim" üçün verdiyiniz məna pis deyil, amma kamil deyil və bir sıra səhvlər onda mövcuddur. Mən də gənc çağlarımda namazı öz dilimizdə qılmaq istədim, lakin bu problemlə üzləşdim və onu həll edə bilmədim. Ona görə də farsca oxumaq fikrindən döndüm. Üstəlik, bu "Həmd" surəsinin birinci ayəsi idi. Əgər digər ayələrin tərcüməsinə də baxsaq mövzu daha da mürəkkəbləşəcək. Amma mənə elə gəlir ki, siz yenə də öz işinizdə israrlı olsanız, farsca namaz qılmaqdan əl götürməyin. Çünki farsca namaz qılmaq, heç namaz qılmamaqdan daha yaxşıdır.
Söhbət bu yerə çatanda biz xəcalət çəkdik, özümüzü məğlub olmuş görərək üzr istədik və söz verdik ki, bundan sonra namazı ərəbcə qılacağıq və bununla yanaşı farsca qıldığımız namazların da qəzasını yerinə yetirəcəyik.
Ayətullah Ərbab Hüseyn dedi: - Mən demirəm ki, namazı ərəbcə qılın, necə istəyirsinizsə, elə də qılın. Mən təkcə bu işin indiyə kimi həll olunmayan problemlərini sizə izah etdim.
Hamımız acizliklə öz işimizdən peşman olduğumuzu bildirdik. Meyvəyə qonaq olduqdan sonra getmək üçün icazə alıb evə qayıtdıq və öz cahil əməlimizdən əl çəkdik.
Ustad doktor Məhəmməd Cavad Şəriət