Allahın rübubiyyətini qəbul edən insan inanır ki, bütün varlıq aləminə məhz o hakimdir...

Bir çox peyğəmbərlərin dəvətinin sərlövhəsini Allaha iman və ona təvəkkül təşkil etmişdir. Allaha imanın xüsusiyyətlərindən biri budur ki, insan ona təvəkkül etsin. Allahın rübubiyyətini qəbul edən insan inanır ki, bütün varlıq aləminə məhz o hakimdir və pərəstişə layiq olan yeganə məbud Odur. Belə bir etiqada malik olan insan başqalarına ağız açmır, kömək istəmir. O xəstələndikdə Allahdan şəfa diləyir, çətinliyə düşdükdə Allah dərgahında çarə axtarır. Qurani-Kərimdə müxtəlif məqamlarda Allaha təvəkkül iman xüsusiyyəti kimi təqdim olunur. Ayələrdən birində oxuyuruq:
“İmanlı insanlar yalnız Allaha təvəkkül edər.” (“Ali-İmran”, 122.) İmanlı insanlar Allaha təvəkkül və etimad vasitəsi ilə onunla bağlılıqlarını möhkəmləndirir və kamala doğru hərəkət edirlər. Çünki ruhi və mənəvi kamillik yalnız ilahi eşq sayəsində hasil olur. Dəyərsiz bir zərrə Allaha etimad və eşq sayəsində günəş tək parlayır və kiçik bir damcı sonsuz dərya tək coşub daşır.
Hafizin təbirincə:
Özünü zərrədən əskik bilmə sən,
Parlaq günəşin də ilki zərrədən.
Zərrə tək dəyərsiz olsam da bax gör,
Eşqin sayəsində torpaq oldu dürr.