
Osmanlı sultanlarından biri (Sultan Murad, yaxud Sultan Süleyman) Nəcəfi-əşrəfi ziyarət etmək qərarına gəlir. O öz vəzirləri və adamlarının müşayəti ilə Nəcəfə yola düşür. Həzrət Əmirəlmöminin Əliyyibni Əbi Talibin (ə) məqbərəsinin günbəzi göründükdə onun şiə olan, lakin öz əqidəsini gizli saxlayan vəzirlərindən biri atından yerə enir. Sultan onun atdan enməsinin səbəbini soruşduqda vəzir deyir: - Qəbrin sahibinin hörmətinə xatir atımdan endim. Axı o raşidi xəlifələrindən biridir.
Sultan deyir: - Onda mən də təzim üçün atımdan enim. Sultanın nasibi etiqadlı vəzirlərindən birinin buna paxıllığı tutur və sultana deyir: - Əli, xəlifə olub, sən də xəlifəsən və müsəlmanların valisisən. Diri şəxsin hörməti ölünün hörmətindən daha çoxdur.
Bu sözü eşidən sultan təzim edib-etməmək barədə şübhəyə düşür. Şübhədən qurtarmaq üçün Qurandan kömək istəmək niyyətinə gəlir və Allahın Kitabı ilə istixarə olunmasını istəyir. Quranı açdıqda səhifənin əvvəlində bu ayənin yazıldığını görürlər:
فَاخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
“Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!” (“Taha” surəsi, ayə 12.)
Sultan bu ayəni gördükdə onun məzmununu və Allahın nə demək istədiyini başa düşür, həzrət Əliyə (ə) təzim olaraq atından enir və nasibi vəzirin cəzalandırılmasını istəyir. Sonra isə həzrət Əlini (ə) mədh edən şer oxuyur.