Müctəhid mərhum Hacı Mirzə Əli Həstəi İsfahani ağa tanınmış xətiblərdən idi. O “Əsfar” kitabını tədris edirdi. Yaşım 20-dən az idi. Bəzən Tehranda Hacı Seyyid Əzizullah məscidinə gedib onun söhbətlərinə qulaq asırdım. Bir gün ondan soruşdum ki, Əhli-beytin bizim rəhmət istəyimizə nə ehtiyacı var? Axı onlar hər növ rəhmətə malikdirlər. Ustad cavanlığımı və elmdə zəifliyimi nəzərə alıb əvvəlcə məni alqışladı. Sonra düşüncəmə uyğun şəkildə dedi: “Bir bağban öz ağası üçün bağ salır. Bağdakı güllərin toxumu, su, torpaq, açmış güllər və hətta bağban özü də ağanın mülkü hesab olunur. Lakin güllər böyüdükdə, bağda gözəl mənzərə yarandıqda ağa tamaşa üçün bağa gələrkən bağban güllərdən bir dəstəsini ədəblə ona təqdim edir və xoşgəldin deyir. Əvəzində isə mükafat alır. Bu bir növ ədəb qaydasıdır. Çünki bağban və bütün güllər ağaya məxsusdur. Demək, biz salavat göndərməklə məsumların bağından bir gül dərib onların özünə hədiyyə edirik.” Eyni mənanı “və əccil fərəcəhum” cümləsinə də aid etmək olar.