Həzrət Fatimə (s) ömrünün sonunadək heç bir zalım hakimə beyət etməmişdir
Sual: Həzrət Fatimənin (s) həzrət Mehdinin (ə) nümunəsi, idealı olması nə deməkdir?
Cavab: Həzrət Mehdi (ə) bir məktubda öz mübarək xətti ilə şiələrə duadan sonra bir neçə məsələyə toxunur: “Həzrət Peyğəmbərin qızı Fatimə mənim üçün ideal və yaxşı nümunədir.” (“Əl-Ğeybət”, s. 286)
Bəs həzrət Mehdi (ə) həzrət Fatimənin (ə) hansı söz və rəftarını nümunə saymışdır? Bəyan olunmuş ehtimallardan üçünü nəzərdən keçirək:
1. Həzrət Fatimə (s) ömrünün sonunadək heç bir zalım hakimə beyət etməmişdir. Həzrət Mehdi (ə) də heç bir zalım hakimin qarşısında öhdəçilik götürməmişdir.
2. Şiələrdən bəziləri həzrətin imamətini qəbul etmirdilər. Həzrət onlara cavab olaraq buyurur: “Əgər icazəm olsaydı, elə edərdim ki, haqq söz aşkarlanardı və heç bir şübhə qalmazdı. Amma mən həzrət Zəhranın yolunu gedirəm. O xanım hakimiyyət haqsız yerə Əlidən alınsa da, heç vaxt qeyri-adi vasitələrdən istifadə etmədi. Mən də onun yolunu gedirəm. Öz haqqımı almaq üçün qeyri-adi yollardan faydalanmıram.”
3. Həzrət buyurur: “Əgər sizin hidayətiniz şövqündə olmasaydıq, gördüyümüz zülmlər səbəbindən sizdən üz döndərərdik.” Həzrət xanım Zəhraya (s) işarə ilə buyurur ki, düşmənlər həzrət Zəhraya (s) nə qədər əziyyət versələr də, müsəlmanlar bu zülm qarşısında sussalar da, xanım heç vaxt müsəlmanlara duadan əl çəkmədi, hətta başqalarını özündən üstün tutdu. Mən də bu zülmlərə dözürəm və sizə canıyananlığı, duanı, göstərişi əsirgəmirəm.