Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2015

Hacı Talenin “şəriət dövləti” və İŞİD-in Azərbaycandakı “qanun icraçıları”

Vəhhabilər arasında zahirən özlərini dövləti və dövlət başçısını dəstəkləyən kimi göstərməyə çalışanlar var
Son Nardaran hadisələriylə bağlı ictimaiyyətdə, KİV-də geniş yayılan, demək olar ki, dillər əzbərinə çevrilən ibarələrdən biri “Şəriət dövləti” ibarəsidir. İqtidara meyilli mətbuatın və bir çox tanınmış şəxslərin dilindən bu ibarə düşmür. Onların fikrincə Nardaran hadisələrində təqsirli bilinən Tale Bağırzadənin məqsədi sən demə “şəriət dövləti” qurmaq imiş.

Məlum məsələdir ki, ələ əlverişli fürsət düşüb. Mümkün qədər Tale Bağırzadənin üstündən İranı da vurmaq lazımdır. Çünki İran şəriət dövlətidir. İranda təhsil almış hansısa şiə ruhanisi etiraz edirsə o da iranpərəstdir və məqsədi şəriət dövləti təsis etməkdir. Bir-birinin ardınca bəyanatlarla çıxış edib fikir bildirdilər ki, bəs ay aman əgər ölkədə şəriət dövləti qurmağa hər hansısa cəhd edilərsə biz onun qarşısında dayanarıq.

Bəs görəsən şəriətdən, şəriət dövlətindən zərrəcə xəbərləri olmayan bu insanlar heç olmazsa Tale Bağırzadənin özünün bu məsələ ilə bağlı fikirləriylə tanışdırmı?

Hacı Tale həbsdən çıxdıqdan sonra gündəmi ələ aldı. Çıxışlar, müsahibələr, tribunadan alovlu nitqlər... “Meydan TV” Hacı Taledən müsahibə aldı və demək olar ki, bu müsahibə bir çox saytda dərc edildi. Müsahibə əsnasında müsahibə ünvanlanan suallar arasında bir sual daha çox diqqəti çəkir;

“Siz Azərbaycanda islam, teokratik dövlət qurulmasını istəyirsiniz, yoxsa dünyəvi dövlətin olmasını?”

Tale Bağırzadənin cavabı: “Ümumiyyətlə, Azərbaycanda bu gün fundamental islam dövlətinin qurulması qeyri-mümkündür, bunun perspektivi görünmür. Bəziləri bu barədə danışsalar da, bilin ki, islam dövləti çox mürəkkəb quruluşa malikdir. Məhkəmə sistemində onlarla müctəhid lazımdır, Azərbaycanda isə müctəhid yoxdur, tələbələr yetişməyib. Yaxud islam qanunvericiliyini bilən şəxsiyyətlər lazımdır, onlar Azərbaycanda yoxdur. İslam dövləti adla getmir, ideal, fundamental dövlətinin qurulmasından danışırıqsa, Azərbaycanda bunun heç bir zəmini və perspektivi yoxdur. Bir şey ki, perspektivi yoxdur, ondan danışmaq sadəlövhlükdür. Hazırki vəzifələrimiz mövcud duruma uyğun hərəkət etməkdir.”

Və muxbir gələcəkdə belə bir imkanın ələ düşə biləcəyi haqda növbəti sualını ünvanlayır: “Bəs gələcək üçün bu barədə düşünürsünüzmü?”

Cavab: “Gələcək dedikdə, biz islamçıyıq, Allaha inanırıq, əqidəmiz var. Bütün müsəlman dünyasının sonuncu imam Həzrəti Mehdinin gələcəyini gözlədiyini bilirsiniz, çünki gəlib ədalətli dövlət quracaq, islam nöqteyi-nəzərindən bu baxış var. Şübhəsiz ki, biz bu baxışdayıq ki, bir gün gələcək islamın səsi, ədalət bayrağı bütün dünyaya yayılacaq.” (Müsahibəni geniş oxumaq istəyənlər yazının sonundakı linkə daxil olub oxuya bilərlər!)

Bəs görəsən onu şəriət dövləti qurmaqda ittiham edənlərin dəlili nədir? Yaxud elə bir dəlilləri ola bilərmi ki, Hacı Talenin məqsədini öz danışdıqlarından daha aydın izah edə bilsin?

Məlum məsələdir ki, “Şəriət dövləti” ibarəsini dillərində əzbərə çevirən insanlar ümumiyyətlə şəriətdən və şəriət dövlətindən xəbərsizdirlər. Onlar anlamırlar ki, şəriət qanunları insanlar tərəfindən yazılan qanunlar kimi deyil ki, istənilən vaxt “əl gəzdirilib” dəyişdirilsin. Bundan əlavə dövləti şəriət qanunları ilə idarə etmək üçün Hacı Talenin də qeyd etdiyi kimi gərək ölkədə yüksək elmi savada malik olan müctəhid insanlar olsun. Azərbaycanda isə təəssüf ki, belə bir şərait və alimlər yoxdur.

Nəinki hazırda, heç gələcəklə də bağlı belə bir fikirdə və potensialda olamayan bir insanı şəriət dövləti təsis etməkdə ittiham etmək vicdansızlıqdan başqa bir şey deyildir.

Amma tarixin ironiyasına baxın; Nardaran hadisəsindən düz iki gün sonra Zaqatalada dəhşətli hadisə qeydə alınır. DİN-in məlumatına görə burada “gündüz-günorta çağı” vətəndaşın qolları kəsilir.

Lent.az-ın xəbərində deyilir: “Daxili İşlər Nazirliyi Zaqatalada törədilmiş dəhşətli cinayətlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 28-də Zaqatala şəhərində şəhər sakini Araz Musayev münaqişə zəminində həmyerlisi Vüsal Bəşirovun qollarının bilək nahiyəsinə balta ilə xəsarət yetirib. Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev tutulub.”

Bəli, avara, quldur, adam soyan, anasının əmcəyini kəsən namussuzların xəbərlərini çox eşitmişik. Amma, bu xəbərin bir özəlliyi var. Həmin özəllik isə bundan ibarətdir ki, V. Bəşirovun qollarını kəsənlər vahhabilərdir. Zərərçəkənin atası belə deyir. Bəli, Zaqatalada uzun saqqallılar artır, vahhabilər əməlli-başlı qeyri-qanuni nəzarəti ələ alıblar.

Məlum olsun ki, ölkəmizdəki bütün vahhabilər belə düşünmür. Hətta, vəhhabilər arasında zahirən özlərini dövləti və dövlət başçısını dəstəkləyən kimi göstərməyə çalışanlar var. Onlar öz saytlarında, çıxışlarında dövlət başçısını əmir sahibi hesab edir və adını dilə gətirdikdə yaxud yazdıqda “Allah hakimiyyətini uzatsın”, “Allah hakimiyyətini möhkəmlətsin” kimi “dualar” edirlər. Deməli, V. Bəşirovun iki qolunu biləngdən kəsən(lər) İŞİD zehniyyətli vahhabilərdir. Bu da onu göstərir ki, bu insanlar ölkədə vahhabi şəriətinin dövlətini, qəzavətini, məhkəməsini və qanunların icrasını gətirmək istəyirlər.

Hacı Taleni şəriət dövləti qurmaqda ittiham edən insanlar yoxsa vahhabilərin ölkədə və hakim dairələrdəki nüfuzundan qorxub bu məsələni qabartmırlar? Yoxsa bu məsələ atəş açmaq qədər dəhşətli hadisə deyilmi?

Hacı Taleni pislədikləri qədər İŞİD-i pisləməyən şər-böhtan aparatı olan ünsürlər İŞİD-in ölkəmizdəki təhlükəsini kor gözlərini açıb görməlidirlər. Halbu ki, Taleh Bağırzadə indiyədək nə məhkəmə qurub, nə qəzavət edib, nə də şəriət qanunu icra edib kiminsə əlini kəsməyib.

Allah iftiraçı ünsürlərin başına qapaz çəkib onları nəfsin qəflətindən oyadır: Ay bədbəxtlər, gözünüzü açıb yaxşı baxın, əslində (vahhabi cərəyanının) “şəriət dövləti”ni qurmağa cəhd edənlər vahhabilərdir.

İraq və Suriyada İŞİD “Şəriət”, “İslam” dövləti qurmaq istəyir və qruplaşmalarının adında da bu əks edilib. İŞİD-in ölkəmizdəki tör-töküntüləri də Azərbaycanda.

Hələ səbr edib gözləyək, görək həyasız ünsürlər vahhabilərin artan nüfuzundan qorxub çəkinmədən onların “şəriət dövlət”lərini, “məhkəmələrini”, “qəzavətlərini”, qanun “icra etmələrini” məhkum edə biləcəklərmi?

P.S. Tale Bağırzadənin yuxarıda qeyd etdiyimiz müsahibəsini bu linkdən oxuya bilərsiniz: http://strateq.az/social/8282-hac%C4%B1-taleh-color-red-az%C9%99rbaycanda-islam-d%C3%B6vl%C9%99tinin-yaranmas%C4%B1n%C4%B1n-he%C3%A7-bir-perspektivi-yoxdur%E2%80%9D-m%C3%BCsahib%C9%99.html

Salman Rəhimli


12423 بازدید
در حال ارسال اطلاعات...