Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2015

Alimin nökəri ingilis zabiti imiş!

Ayətullah Xameneinin BƏSİC bataliyonları komandirləri ilə görüşdə bəyanatı
Müstəzəf BƏSİC (könüllü müqavimətçilər) günü münasibətilə

İmam Xomeyni (r) Hüseyniyyəsi

Bismillahir-Rəhmanir-Rəhim
Əlhəmdulilillahi rəbbil-aləmin vəssəlatu vəs-səlamu əla seyyidəna muhəmmədin və alihit-tahirin siyyəma bəqiyyətillahi fil-ərzin və lənətullahi əla ədaihim əcməin
Əziz qardaşlar və bacılar, çox xoş gəlmisiniz. Bu hüseyniyyəni öz isti nəfəslərinizlə, sevgi dolu qəlblərinizlə, xüsusi ilə əziz generallar cənab Cəfəri və cənab Nəqdinin bəyanatları ilə BƏSİC qoxusu ilə ətirləndirdiniz. BƏSİC ətrini dərk etmək lazımdır. Onu duymaq lazımdır. Bu qəribə və bərəkətli hadisənin həqiqətini düzgün anlamaq lazımdır. BƏSİC-in yaranma günü münasibəti ilə hamınızı təbrik edirəm. Ümid edirəm ki, inşaallah, təkbətək siz qardaşlar, bacılar, həmçinin sizin tabeçiliyinizdə olanlar Həzrət Bəqiyətullahın (əc) razılığından faydalanacaqsınız, sizdən razı qalacaqlar, sizə dua edəcəklər. İnşaallah, qəlbləriniz və cismləriniz dünya və axirətdə bu müqəddəs nurla səhnəyə gəlsin.
Yaranmış fürsətdən istifadə edərək bir neçə məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bir məsələ budur ki, BƏSİC hadisəsi bir ixtiradır. Demək istəmirəm ki, başqa ölkələrdə, yerlərdə ictimai müqavimət qüvvələri yoxdur. Əlbəttə ki, var. Amma başqa ölkələrdə müqavimət qüvvələri, o cümlədən qərbdə və şərqdə belə qüvvələr gərginlik, mübarizə dövrünə aiddir. Mübarizə dövrü tamamlanandan sonra bu qüvvələr ya hakimiyyətə gəlir, ya da başqaları onların köməyi ilə hakimiyyəti əldə edirlər. Bununla da müqavimətin ömrü başa çatır. Xalq müqavimət qüvvələri işini başa çatdırır. Dünyada belədir. Afrikada, Avropada, Asiyada, başqa ölkələrdə müqavimət hərəkatı ilə tanış olanlar bunu bilirlər. Məsələn, fransalılar Əlcəzairi tutanda, müqavimət qüvvələri yaradıldı. Uzun illər mübarizə apardılar. 8 il, 10 il müharibə getdi. Böyük çətinliklər çəkdilər. Amma inqilabi dövlət yaradılandan sonra bu qruplar səhnədən çıxdı. Bəziləri hakimiyyətdə yer aldı, bəziləri partiya yaratdı. Amma müqavimət qüvvələri adında bir dəstə qalmadı. Almanlar Fransanı işğal edəndə müqavimət qüvvələri var idi. Solçu, sağçı, mötədil qüvvələr səhnədə idi. Çox vuruşdular. Amma işğal başa çatandan sonra hökumət yaradıldı və bu qüvvələr səhnədən çıxdı, onların ömrü başa çatdı. Qeyd etdim ki, mübarizə başa çatandan sonra bu qüvvələr hakimiyyətə gəlir, eyni zamanda hakimiyyət onlar üçün bəla olur. Mən bu hadisəni bəzi ölkələrdə müşahidə etmişəm. Soyuq səngərlərdə, torpaq üzərində uzun illər mübarizə aparanlar hakimiyyətə gələndən sonra özlərindən əvvəlki hakimlər kimi rəftar edirlər. Məsələn, onlardan əvvəl hakimiyyət əlində olan portuqaliyalı komandanla eyni şəkildə rəftar edirlər. Mübarizədən gələnlə hakimiyyətdən gedən arasında fərq olmur. Belə mübarizələrdə məqsəd hakimiyyəti ələ keçirməkdir. Bunu müxtəlif zamanlarda müşahidə etmişəm. Yəni mahiyyət dəyişir. Ya da mübarizədən sonra başqaları hakimiyyətə gəlir, müqavimətçilər partiya yaradırlar. Ölkələrdə görürük ki, belə partiyaların da işi hakimiyyətə gəlmək üçün mübarizə aparmaqdır. Qərbdəki partiyalar, ümumiyyətlə partiya deyilən bir qrum hakimiyyətə çatmaq məqsədi ilə fəaliyyət göstərir. Yəni bir partiya dövləti ələ keçirmək üçün mübarizə aparır. O hakimiyyətə gələndən sonra digər partiyalar bu işi görür. Bu gün dünyada partiya adlandırılan qurumun işi partiyanın ali məqsədlərini həyata keçirmək yox, sadəcə hakimiyyətə gəlməkdir. İnqilabdan əvvəl bizim təsəvvürümüzdə olan partiyalarla bugünkü partiyalar fərqlidir. Bir qrup, bir toplum hakimiyyətə çatmaq üçün fəaliyyət göstərir. Hakimiyyətə çatandan sonra əvvəlki hökumətin işini görür. Onlar arasında bir fərq görünmür. Buna görə də müqavimət qüvvələri qələbədən sonra əriyib gedir, ömrünü başa vurur. Müqavimət qüvvəsinin davamlı bir cərəyan kimi, axar bir çay mislində qələbədən sonra yaşaması, fəaliyyətini davam etdirməsi, ölkədə müxtəlif sahələrdə çalışması, problemlərin aradan qaldırılmasında iştirak etməsi, keyfiyyət baxımından inkişafı, yeni mahiyyət qazanması, inkişafda rol oynaması dünyada görünməmiş hadisədir. Necə ki bizim BƏSİC, xalq müqavimət qüvvələrimiz misilsizdir. Dünyada bunun təkrarı yoxdur.
Bu imamın məharəti idi. İmam (rizvanullah əleyh) xalq arasında bəsici yaratdı. BƏSİC xalqdan ayrı bir qurum deyil. BƏSİC cəmiyyətin müxtəlif zümrələri arasından toplanmış insanlardır. Onlar universitetlərdə, bazarlarda, əkin sahələrində, müxtəlif təşkilatlarda çalışırlar. Amma bəsicdirlər. BƏSİC üzvüdürlər. BƏSİC həqiqətən də xalq kütlələri arasından seçilmiş insanlardır. Xalqın nümayəndəsidir. BƏSİC budur. Bu təşkilatı imam yaratdı. Təşkilat günbəgün inkişaf etdi. Bu toplumdan maraqlı, əzəmətli, üstün fəaliyyətlər gördük. Bizim SEPAH generallarının bir çoxu bəsicdir. Onların bəziləri şəhadətə çatıb, həmd olsun Allaha bəziləri sağdır. Onların haqqında heyrətamiz sözlər eşidir, oxuyursunuz. Onlar bir zaman sadə BƏSİC kimi meydana daxil oldular və heç bir vəzifələri yox idi. Müqəddəs müharibə meydanına girəndə sadə bir bəsic idilər. İstedadları o zaman özünü göstərdi, böyük generallara çevirildilər. Şəhid Baqiri, şəhid Kazimi, şəhid Bürucerdi və neçə-neçə başqaları. Müharibə meydanında bunu gördük. Elm sahəsində də belədir. Bu gün elm və texnologiya sahəsində böyük işlər görənlər ya keçmişdə BƏSİC olublar, ya da bu gün BƏSİC-dirlər. Adları BƏSİC siyahısında da yoxdur. Amma özlərini BƏSİC sayırlar. Rizayinejad, Əhmədi Rövşən, Şəhriyari, Əli Məhəmmədi kimi nüvə fəaliyyəti şəhidləri, nevə texnologiyası sahəsində böyük işlər görmüş insanları yaxından görmüşük. Bu insanlar əslində BƏSİC-dirlər. BƏSİC-in tərifi var: Böyük ilahi məqsədlər yolunda, sarsılmaz ruhiyyə ilə meydanın ortasında, lazım gələn yerdə olan, istedadını göstərən, bacardığı addımı atan, bu yolda təhlükələrdən qorxmayan xalq qüvvələri. Onlar canlarını əllərinə alıblar. Bunu sözdə demək asandır ki, filankəs canını əlinə alıb. Amma əməldə asan deyil. BƏSİC o şəxsdir ki, çətin işlərdə öz həyatını, hətta onun üçün canından da əziz olanları qurban verməyə hazırdır. BƏSİC-in mənası budur. Bu bizim məmləkətimizin xüsusiyyətidir. Bu İslam İnqilabının xüsusiyyətidir, İslam Respublikasına məxsusdur.
BƏSİC-in bir xüsusiyyəti onun geniş şəkildə səhnədə iştirakıdır və bunu qorumaq lazımdır. Hərbi sahədə, elm sahəsində, incəsənət sahəsində belədir. Şəhid Avini bir BƏSİC idi. Bu işə aşiq məsuliyyətli sənətçilər istər rəssam olsun, istər şair olsun, bu kimi insanlar BƏSİC-dir. İstər elm və texnikada, istər iqtisadiyyatda BƏSİC səhnədədir. Mən ayrı-ayrı dövlətlərə bunu tapşırıram, deyirəm ki, könüllü bəsic müqavimət iqtsadiyyatında iştirak etsin, rol oynasın. Əlbəttə ki, BƏSİC və SEPAH-ın əziz komandanları büdrəmə ehtimalı olan iqtisadi fəaliyyətlərdə ehtiyatlı olsunlar. Sədinin təbirincə, yük ağırlaşdı, filin ayağı büdrədi. Diqqətli olmaq lazımdır. Mən buna işarə edəcəyəm. Düşmənin tələlərindən biri iqtisadi sahəyə aiddir. Bu sahədə çox ehtiyatlı olmaq lazımdır. İnsan bu sahədə həmişə imtahandadır. Bunu bilək. İslam maarifində bu açıq qeyd olunur. İnsan Bələm Baura da olsa yenə də büdrəmə ehtimalı var. Bələm Baura bir şəxs idi ki, duaları qəbul olardı. Bu yol üzüyuxarı bir yoldur. Daim ayağınızın sürüşmə ehtimalı var. Nə qədər yuxarı qalxsanız yıxılma bir o qədər təhlükəlidir. Mən necə ehtiyatlı olmağı da deyəcəyəm. Demək, bütün sahələrdə geniş fəaliyyətlər BƏSİC-in xüsusiyyətlərindəndir.
BƏSİC-in mövcudluğu xalqın mövcudluğudur. BƏSİC varsa bu İran xalqının varlığıdır. Qeyd etdiyim kimi BƏSİC İran xalqının səhnədə olan nümunəsidir. İran toplumundan olan bir nümunə, nişanədir. Onun iştirakı idealların müdafiəsi, dəyərlərin müdafiəsi üçündür. BƏSİC inqilabi kimliyin, milli kimliyin müdafiəsində dayanıb. O bu xalqa, məmləkətə kömək üçün, lazım olan nöqtəyə çatmaq üçün çalışır. İnqilabın bərəkəti ilə yol müəyyənləşib və hərəkət edirlər. BƏSİC-in səhnədə iştirakı bu mənadadır. O müdafiədə dayanıb. Sual yaranır ki, hücum varmı ki, müdafiə də olsun? Düşmən varmı ki, onun qarşısında dayanaq? Belə bir sual ağıla gəlir. Sizlər bu sualın cavabını gözəl bilirsiniz. Bəli düşmən var. Qəddar düşmən var. Fürsətlərdən istifadə edən, məharətli, şeytansifət, hiyləgər, bu əzəmətli hərəkata qarşı dayanmış düşmən. O kimdir? İmperializm!
Bu gün imperializm Amerikanın simasında təzahür edib. Bir zaman İngiltərə bu rolu ifa edirdi. Bu düşmən boş oturmayıb, çalışır, məşğuldur. General Cəfəri əzizin söhbətinin əvvəlində bu nöqtəyə toxunuldu, tam düzgün təhlil idi. Bu gün imperializmlə dəyərlər, müstəqillik, İslam İnqilabı, İslam Respublikasından doğan kimlik arasında savaş gedir. Dünyaboyu bu cəbhələşmə var. Demirək ki, başqa sahələrdə savaş yoxdur. Harada bir leş varsa itlər bir-biri ilə boğuşur. Əsas savaş isə imperializmlə dəyərlər savaşıdır. Düşmən var, düşmən diqqətlidir.
Qeyd etdim ki, imperializm bu gün Amerikanın simasında təcəssüm edib. Amma imperializmin siyasi qurumu onun bütün işlərini əhatə etmir. Bəzən iqtisadi qurumların işi daha təsirli olur. Bu şirkətlər, kompaniyalar, böyük sərmayədarlar imperializmin məcmusudur. Həmin sərmayədarların böyük bir hissəsi də sionistlərdir. Onlar daim məşğuldurlar. Zər, zor və hiylə - belə bir üçbucaqdan danışırlar. Düzgün də deyirlər. Keçmişdə zər, zor və hiylə deyəndə məqsədimiz dində hiylə idi. Bəziləri din pərdəsi altında özlərinə yol açırlar. Bu yolla zər-zor meydana girir. Amma bu gün hiylə deyəndə təkcə dini sahəni nəzərdə tutmuruq, siyasi sahə də buna aiddir. Siyasi qurumlar, diplomatik korpuslar hazırda böyük hiylələrlə, fitnəkarlıqlarla, planlar və layihələrlə silahlanıblar. Gülər üzlə səhnəyə çıxırlar, qucaq açıb irəli gəlirlər. Bəzi filmlərdə görürsünüz ki, qucaqlayandan sonra xəncəri qarşı tərəfin kürəyinə sancır. Beləcə, bu gün hiylə deyəndə siyasətdə, diplomatiyada hiyləni nəzərdə tuturuq və çox diqqətli olmaq lazımdır. Düşmən müxtəlif simalarda ortaya çıxır. Buna diqqət yetirmək lazımdır. Özümüzə daim bunu təkrarlamalıyıq, unutmamalıyıq ki, düşmənlə üzbəüzük, nə edəcəyimizi bilməliyik. Ölkənin siyasətçiləri, rəhbərləri, siz əziz bəsicilər, fəallar, mütəfəkkirlər, iş sahibləri, bir sözlə hamımız bunu yadda saxlamalıyıq.
Bəzən düşmənçilik hərblə olur. Bomba atırlar, atəş açırlar, terrorçu göndərirlər. Bəzən də düşmənçilik bir növ mülayim olur. Bir qədər öncə düşmən nüfuzundan danışmışdım. Bu çox mühüm məsələdir. Bəziləri buna reaksiya verirlər. Deyirlər nüfuz məsələsi firqələrarası olub, cinahlar arasındadır. Bu sözləri bir kənara qoyaq. Nüfuz məsələsindən cinahlararası istifadə olunmasın. Bu barədə boş söz danışılmasın, onu həqiqi mahiyyətində dilə gətirsinlər. Nə danışılsa, nə iş görülsə həqiqət budur ki, düşmən nüfuzundan qəflətdə olmayaq. Yadda saxlayaq ki, düşmən nüfuz etmək istəyir. Bir qədər şərh edim ki, nüfuz nədir və necədir? Məsələnin mahiyyətindən yayınmayaq. Cinahlar bir-birilərini ittiham etməsinlər. Biri o birinə deməsin ki, sənin filan məqsədin var. Məqsəd hər nə olur olsun. Həqiqəti yaddan çıxarmayaq. Düşmən nüfuz üçün plan cızır.
Nüfuz iki növdur: Biri xüsusidir, fərdidir. Biri cərəyanla bağlıdır. Fərdi nüfuzun nümunələri çoxdur. Təsəvvür edin ki, siz vəzifədəsiniz, məsuliyyət daşıyırsınız. Bir nəfəri zinətləndirib, ona maska taxıb görüşünüzə göndərirlər. düşünürsünüz ki, dostdur. Ən aşağısı bir casusdur. İşi xəbər toplamaqdır. Bəzən işi bundan da yuxarıdır. Tapşırılıb ki, sizin məqsədinizi, yolunuzu dəyişsin. Siz bir müdirsiniz, qərar çıxarırsınız. Böyük bir qərar çıxara bilərsiniz. Düşmən gəlib bir iş görür ki, siz başqa şəkildə hərəkət edəsiniz. Yəni sizin qərarınızı dəyişir. Bunu müxtəlif qurumlarda ötən vaxtlarda görmüşük. Təkcə siyasi qurumlarda yox, dini qurumlarda da müşahidə olunub. Mərhum Ağa Seyid Həsən Təhami ölkəmizin böyük alimlərindən olub, Bircənddə yaşayıb. Çox böyük ruhani olub. Qumda ya Nəcəfdə qalsaydı hökmən təqlid mərcəsi olardı. Çox bilikli idi. Özü mənə söhbət edib. Deyir ki, iraqlılar ingilislərlə vuruşanda, yəni təqribən 100 il bundan öncə, 1918-ci ildə, o dövrün təqlid mərcəsinin bacarıqlı bir nökəri varmış. Bu nökər tələbələrlə isti münasibət saxlayarmış, söhbət edərmiş. Adını da deyirdi. Mən unutmuşam. İngilislər qalib gələndən, İraqı ələ keçirəndən sonra ayaq qoyacaqları son şəhər Nəcəf imiş. O zaman tələbələr bilib ki, bu nökər bir ingilis zabitidir. Mərhum deyir ki, mən buna inana bilmədim. Dedim ola bilməz. Deyir ki, Nəcəfdə bazarla gedəndə 7-8 ingilis zabiti ilə rastlaşdım. Onlar süvari idilər. Bir zabit qabaqda gedirdi. Mən kənara çəkildim ki, bunlar ötüb keçsin. Mənə çatanda öndəki zabit mənə müraciətlə dedi ki, ağa seyid Həsən, necəsən? Başımı qaldırıb baxdım, gördüm həmin nökərdir! Bəli, biz uzun illər buna şahid olmuşuq. Bəzən düşmən belə nüfuz edir. Şəxsən meydana daxil olurlar. Bir şəxsin evində, idarəsində nüfuz qazanırlar. Bizim siyasi qurumlarda da belə işlər olub. Bu gün ola bilər. Əlbəttə bu çox təhlükəlidir.
Cərəyan nüfuzu daha təhlükəlidir. Millət arasında şəbəkə yaradırlar. Belə məqamda pulun, iqtisadi amillərin təsiri aydın olur. İki mühüm vasitə var. Biri puldur, digəri cinsi cazibələr. İnsanları cəzb edirlər, bir yerə toplayırlar. Bir uydurma fikir ortaya qoyurlar. Təsirli fərdləri seçib öz istədikləri hədəfə doğru yönəldirlər. Həmin istiqamət nədir? İnancları, idealları dəyişmək! Həyat tərzini dəyişmək! Çalışırlar ki, seçdikləri adamları təsir altına alsınlar, bu adamlar amerikalılar kimi düşünsün. Yəni məsələyə bir amerikalı necə baxırsa onlar da elə baxsınlar. Bir amerikalı siyasətçinin Amerika xalqı ilə işi yoxdur. Bu hadisələr hiss olunmadan baş verir. Sən bir məsələyə CİA-nın ali rütbəli məmurunun baxdığı kimi baxırsan. O nə istəyirsə sən də onu istəyirsən. Buna görə də o rahatdır. Özünə zəhmət vermədən, meydana girmədən sizi bir işə vadar edir, bir məqsəd ardınca sürükləyir. Düşmən nüfuzunun məqsədi budur. Cərəyan nüfuzu, şəbəkə nüfuzu budur. Bu fərdi nüfuz deyil. Əgər bu nüfuzun təsiri altına düşənlər varsa bu məmləkətin taleyinə, siyasətinə, gələcəyinə təsirlidir. Görün nələr baş verir! İdealları dəyişirlər, dəyərləri dəyişirlər, istəkləri dəyişirlər.
Bu gün baxanda Fələstinə münasibətdə aşkar bir zülm görürük. Amma Fələstində öz evində oturmuş müsəlman və ya məsihi fələstinli Amerika kimi baxmağa məhkumdur. Biz onu məzlum kimi qəbul edirik. Əgər bizim baxışımızı dəyişsələr biz də onun kimi baxacağıq. Deyirlər ki, İsrail öz varlığını müdafiə edir. Obama belə demədimi? İsrail gecə-gündüz Qəzzəyə bomba yağdıranda, müdafiəsiz insanları, onların evlərini, əkin sahələrini, məktəblərini, xəstəxanalarını, körpələrini hədəfə alanda Amerika prezidenti dedi ki, İsrail özünü müdafiə edir. Öz baxışını dedi. Şəbəkə yaratmaq, cərəyan yaratmaq budur ki, İranın daxilindəki insan da amerikalı kimi düşünsüz. Nüfuz budur. Görün nə qədər təhlükəlidir.
Düşmən nüfuzunun hədəfi kimdir? Adətən, öndə gedənlər, aparıcı insanlar! Ölkənin taleyi ilə bağlı qərar çıxaranlar! Bu insanlar düşmənin hədəfindədir. Bu insanlar üzərində iş aparırlar. Buna görə nüfuz təhlükəlidir. Düşmən nüfuzu çox böyük təhlükəlidir. İndi bəziləri deyir ki, filankəs düşmən nüfuzu sözündən öz partiya maraqları üçün istifadə edir. Bu məsələnin əhəmiyyətini azaltmır. Belə etdi ya etmədi, səhv edir. Həqiqət başqadır. Bu həqiqəti görməmək olmaz. Düşmən nüfuzunu tamlaşdıran haşiyələr var. Bu haşiyələrdən biri dəyərlərin ayaq altına alınmasıdır. Demək istəmirəm ki, BƏSİC-i ifratçılıqda ittiham edənlər bu işi bilərəkdən görür. Onların düşmən nüfuzu ilə bilərəkdən həmkarlıq etdiyini düşünmürəm. Amma bu nüfuza kömək edirlər. Mən iddia etmirəm, amma kömək var. Müxtəlif sahələrdə, müxtəlif dillə BƏSİC-i ifratçılıqda ittiham edənlər əslində düşmən nüfuzuna yardım göstərirlər. Onların vasitəsi ilə düşmən layihəsi tamamlanır. Çünki BƏSİC cəmiyyətin möhkəm sütunlarındandır. O bir səddir, bu səddi dağıtmaq olmaz.
Mən söz sahibi olan insanlara tövsiyə edirəm ki, məmləkətin taleyüklü prinsiplərini, inqilabın sütunlarını zəiflətməsinlər. Biri prinsiplərdən danışanda onu ifratçılıqda ittiham etməyin. Deməyin ki, partiya maraqlarından danışır. Yox, belə deyil. Prinsiplərə toxunmayın, ifratçılıq damğası vurmayın. İnqilabın əsaslarını inkar etməyin. İnqilabın danılmaz prinsipləri var. İmamın 20 cilddən artıq bəyanatları var. İmam inqilabın təcəssümü idi. İnqilabın sözçüsü, inqilabi həqiqətlərin şərhçisi idi. Baxın görün imam hansı məsələlər üzərində dayanır. Kimsə inqilabın prinsiplərini inkar etməsin. Bunlar çox mühüm məsələlərdir.
Mən BƏSİC-ə böyük əhəmiyyət verirəm. BƏSİC çox mühüm, təsirli, bərəkətli, gələcəyi olan hadisədir. Mən inanıram ki, göstərilən təlaşlar, görülən işlər, pozuculuqlar BƏSİC-i həvəsdən salmayacaq. BƏSİC inşallah günbəgün möhkəmlənəcək, kökləri daha dərinə gedəcək. Bir gün BƏSİC bir nihal, cavab ağac idi. Bu gün möhkəm gövdəli bir ağaca çevirilib. Allahın lütfü ilə bundan da güclü olacaq. Amma ehtiyatlı olaq ki, bu güclü ağaca zərbə dəyməsin. Sizə üz tuturam, ehtiyatlı olun. Bəzən əllərinə mişar alıb bu ağacın sorağına gəlirlər. Belələrinin qarşısını almaq olar. Bəzən isə xəstəlik daxildən gəlir, onun çarəsi çətin olur.
BƏSİC-in bəlalarından biri qürur, məğrurluqdur. Seçilmişlər kimi tərifimiz var. Bütün bu təriflər başqalarına yuxarıdan baxmaq mənasına gəlmir. Belə olsa zərbə olar. Nə qədər güclənsəniz, nə qədər böyüsəniz təvazökarlığınız artsın, Allah qarşısında xüşunuz güclənsin. Mən və siz istiğfar edir, deyirik ki, əstəğfirullahi rəbbi və ətubu iləyh. Bizim istiğfarımıza baxın. İndi İmam Səccadın (ə) istiğfarına baxın. Biz də dua edirik. Duada halımıza diqqət yetirin. Əmirəlmömininin (ə), İmam Hüseynin (ə) ərəfə duasındakı, İmam Səccadın (ə) dua gedişindəki halına baxın. Onlar hara, biz hara! Onlar dua zamanı kiçilməkdə bizdən qat-qat yuxarıdırlar. İstiğfarları daha ciddidir. Əmirəlmöminin (ə) böyük əzəmətə malik olduğu halda onun bəndəliyinə, təqvasına baxın. Kümeyl duasında Allah qorxusundan danışır. Nə qədər yüksəlsəniz Allah qarşısında, Allahın xalqı qarşısında özünüzü kiçik görün. Məkarimül-Əxlaq duasında bizə öyrədilir ki, xalqın gözündə böyüdükcə, məqamın artıqca, öz gözündə bir o qədər kiçil. Öz məsuliyyətimizə, səhlənkarlıqlarımıza, zəifliklərimizə, nöqsanlarımıza baxaq. Nöqsanımız az deyil. Mən özümü deyirəm. Siz gənclər bizdən üstünsünüz. Amma nöqsanlarımız var. Nöqsanlarımıza çox diqqət yetirək. Qürur, təkəbbür bəladır. Biz bəsicik, fədaiyik deyib qürrələnməyək.
İkinci bəla qəflətdir. Təkəbbürlü insanın sorağına qəflət gəlir. İnsan çox məğrur, lovğa olanda öz gücünü böyük görəndə qəflət xəstəliyinə tutulur. Qəflətdən, özündən xəbərsizlikdən qorunun. Həmişə gözünüz açıq olsun, baxışınız dəqiq. Bəlalardan biri də bərbəzəkli həyat ardınca getməkdir. Bu da bir müsabiqədir. Dünyanın bərbəzəyi dalınca qaçmaq, dəbdəbəçilik sorağınca getmək, üstün yaşamaq üçün səy göstərmək bəladır. Bu bir müsabiqədir, dünya əhli bu müsabiqədə qaçmaqdadır. Bəziləri daha fərasətlidir, qabağa çıxır, milyardlarla pul ələ keçirir. Bəziləri fərasətli deyil. Hər halda dünya əhli bir-biri ilə yarışmaqdadır. Bu yarışa qatılmayın. Deməyin ki, filankəsin varıdır, mənim yoxumdur. Deməyin ki, mənim də olmalıdır. Bu təkcə BƏSİC yox, möminin bəlasıdır. Çoxları yaxşı insan idi, aşiq idi, dünya bərbəzəyinə maraq göstərəndən sonra tədricən süstləşdilər, zəiflədilər. İradələri, təlaşları zəiflədi. İradə zəifləyəndə özünü əməldə göstərir. Bunlar bəladır.
Bu gün BƏSİC üçün prioritetlər nədir? Birinci yerdə təqva və paklıq gəlir. Məna əhli olan insanlar tövsiyə ediblər ki, günaha yol verməyin. Biz bəzən belə insanların xidmətində olmuşuq. Bəziləri soruşurlar ki, hansı zikrləri oxuyub ali məqama çataq? Cavab bu olub ki, günaha yol verməyin, zikr sizə peşkəş olsun. İlk addım budur. Bu təmin edilsə, bir çox problemlər, ruhi müşküllər həllini tapar. Günah təhlükəsi hamı üçün var. Hamı büdrəyə bilər. Təkrar edirəm ki, ehtiyatlı olun. Əgər ehtiyatlı olsanız elə bu ehtiyat təqvadır. Təqva haqqında bir bu qədər danışılır. İnsanın ehtiyatlı olub günaha yol verməməsi ilə Allah ona yardım göstərir, onu nəzarətdə saxlayır. İnsanın ehtiyatlı olması Allahın diqqətinə səbəb olur. Onun həyatına bərəkət gəlir. İnsanın ömrü, keçirdiyi saatlar təqva sayəsində bərəkətli olur. Bu mənim ilk tövsiyəmdir.
İkinci tövsiyə bəsirətdir. Əmirəlmömininin (ə) bir sözünü dəfələrlə təkrarlamışam.
Bəzilərinin təlaşı budur ki, özünü, özününküləri, öz millətini aşağılasın, alçaltsın. Deyirlər biz bir şey deyilik!! Bu fikiri müxtəlif şəkillərdə bəyan edirlər. Başlayırlar bir məmləkəti, bir xalqı, bir cəmiyyəti tərifləməyə. Hansı ki, dedikləri həqiqətə uyğun deyil. Əksəriyyəti kinolardakı kimidir. Filimlərdə polis birini həbs etməyə gələndə elan edir ki, deyəcəyiniz sözlər məhkəmədə sizin ziddinizə işləyə bilər. Güya polis o qədər nəcib insandır ki, cinayətkara əvvəlcə onun xeyrinə xəbərdarlıq edir. Əslində necədir, Qərbdə polis belədir? Amerikada polis belədir? Bu hollivud filmləridir. Amerika polisi bir adamın qoluna qandal taxandan sonra onu döyməyə başlayır. Hətta atəş açıb öldürürlər. Cibində oyuncaq silah olan adamı da təhlükəli hesab edib qətlə yetirirlər. Polis budur? Filmlərdə polisi olmadığı şəkildə bəzəyirlər. Çünki bu kinodur. Bəzilərinin məqalə yazmağı, danışmağı hollivud filmləri kimidir. Başqalarını olmadıqları şəkildə bəzəyirlər. Əslində bu özünü təhqirdir. Özünü, millətini kiçiltməkdir. Amma belə deyil, bizim millət böyük millətdir, böyük imtahanlardan müvəffəqiyyətlə çıxıb, böyük işlərə imza atıb. Bizim millət müharibədə əsir götürəndə onu döyməyib, öldürməyib, əksinə yaralarına məlhəm qoyub, ona su verib. Bizim millət casusluq ittihamı ilə su sərhədlərini keçənləri həbs edəndə onlara yeni libas geyindirib yola salıb. Bizim millət belə millətdir. Rəftarlarında mehriban və insaflıdır. Bizim millət şücaətlidir, bizim millət neçə əsrlik təhqir boyunduruğunu atıb özünü təsdiqləyib. Bu zarafat deyil. Dünyanın güclü dövlətləri bir araya gəlib İranla necə davranmağı müzakirə edir. Bu bizim millətin qüdrətidir. Maddi, hərbi, siyasi, məntiqi, əxlaqi baxımdan iqtidarlıyıq. Demirəm ki, zəifliyimiz yoxdur. Zəif nöqtələrimiz var, amma dəyərlərimiz də, üstünlüklərimiz də az deyil. Millətləri nə üçün alçaldırlar? Bəziləri millətləri, ölkələri, ölkə başçılarını təhqir etməyə adət edib. Bəsirət budur ki, insan öz dəyərini, millətinin dəyərini, məmləkətinin dəyərini bilsin. İmamın məmləkətimiz üçün göstərdiyi doğru yolun, inqilabın dəyərini bilək. Bu bəsirətdir.
Hazırlıq, həmişə oyaq olmaq bu günkü dövrün tələblərindəndir. Biz BƏSİC qardaşlar və bacılara bunu tövsiyə edirik, hazır olun. Bilirəm ki, hazırsınız. Bu çox gözəldir.
Bu gün dünyada gerçək bir qarşıdurma var. Tərəflər də insani dəyərlərdən çox uzaqdır. Amma ətrafımızda baş verən hadisələrə biganə qala bilmərik. Biri Fələstin məsələsidir. Fələstin məsələsi kiçik məsələ deyil. Fələstinin işğalından 60 il ötür. Bu ölkədə neçə nəsil dəyişib. Amma Fələstinin azadlıq idealı yaşayır. Düşmən çalışır ki, bu idealları məhv etsin. Amma Fələstin ideyası yaşayır. Təəssüf ki, ərəb dövlətləri başqa işlərə çox məşğul olduğundan, ya xəcalət çəkdiyindən, ya müəyyən mənafeləri nəzərə aldığından bu problemin həlli istiqamətində addım atmır. Fələstin çox mühüm məsələdir, biz bu məsələni gündəmdən çıxara bilmərik. Bu gün Fələstin xalqı Qərb Sahilində intifazəyə, inqilabi hərəkata başlayıb. Onlar vuruşurlar. İmperializmin mühakimələri tam ədalətsizdir. Fələstin xalqı evində oturduğu halda buldozerləri işə salıb onların evini dağıdır, qəsəbə salırlar. Əkin sahələrini məhv edir, xaraba qoyurlar. Fələstinlilər əlinə daş alanda onlara terrorçu damğası vurulur. Amma bu insanları, onların təhlükəsizliyini, şəxsiyyətini, sərvətlərini, dünyasını məhv edənləri məzlum göstərir, onların özünü müdafiə etdiyini deyirlər!! Çox heyrətamizdir. Bu günkü dünyanın qəribəliklərindəndir. Birinin evini qəsb edib, onu evindən çıxaran özünü müdafiə edir, məzlum ev sahibi, ailə-övladı təhqir olunan şəxs əlinə daş alanda terrorçu adlandırılır!! Bu kiçik məsələ deyil. Bu kiçik səhv deyil. Kiçik zülm olsaydı keçmək olardı. Bundan keçmək olmaz. Biz Fələstin xalqının addımlarını bacardığımız qədər, bütün vücudumuzla, bacardığımız şəkildə müdafiə edirik.
Ətrafımızda baş verən hadisələrdən biri Bəhreyn, Yəmən və Suriya məsələləridir. Qərb siyasətçilərinin ədalətsiz mühakimələri, ədalətsiz qərarlarına baxın.
Məgər Bəhreyn xalqı nə istəyir? Bəhreynlilər deyir ki, dövlət seçmək üçün hər nəfərə bir səs verin. Məgər demokratiyadan danışmırsınız? Məgər demirsinizmi ki, biz demokratiyanın təcəssümüyük? Demokratiyanı müdafiə edirsiniz? Çox yaxşı, bundan aydın demokratiya ola bilər? Nəinki bu haqqı onlara vermirlər, onlara təzyiq göstərirlər, onları alçaldırlar. Bir ölkədə əksəriyyət təşkil edən cəmiyyəti təzyiq altında saxlayırlar. Bu söz deyənlər cəmiyyətin 70-80 faizini təşkil edir. İqtidar isə azlığın əlindədir. Bacardıqlarını edirlər. Hətta müqəddəslikləri təhqir edirlər. Bu məhərrəmdə minbərə gedən, məddahlıq edən, əzadarlıq bayrağı götürən, rövzə oxuyan şəxsləri alçaltdılar. Yezidə lənət oxuyanlara işkəncə verdilər ki, nə üçün lənət oxuyursunuz! Bunların şəxsiyyətini tanımaq üçün bəs edər ki, onların Yezidi müdafiə etdiyini görəsən. İslam tarixində Yeziddən xəbis bir adam olmayıb. Onu lənətləmək lazım deyil?! Allahın lənəti olsun Peyğəmbəri (s), peyğəmbər övladlarını, Peyğəmbər (s) Əhli-Beytini (ə) incidənlərə! Bəhreyndə vəziyyət belədir.
Neçə aylardır Yəmən xalqını mərmi altında əzirlər. Evlərini, məskənlərini, xəstəxanalarını, məktəblərini bombalayırlar. Bu xalqın heç bir təqsiri yoxdur. Heç bir günahı olmayan insanların başına mərmi ələyirlər. Belə bir vəziyyətdə Beynəlxalq Hüquq təşkilatları, demokratiya inistitutları və bu qəbildən olan qurumlar təcavüzkarları himayə edir. Dünya budur. Zalım dünya belədir. Siz belə bir dünyanın, belə bir imperializmin qarşısında dayanıb onun əleyhinə şüar deyirsiniz.
Suriyada da vəziyyət belədir. Ötən günlərdə Suriya haqqında danışmışıq. Bu barədə mətbuatda məlumat yayılıb. Zalım güclər dünyanın ən xəbis, ən amansız terroristlərini müdafiə edir, onlara yardım göstərir. Suriyada da, İraqda da belədir. Vasitə ilə, vasitəsiz yardım göstərirlər. Deyirlər Suriyada belə bir hökumət yaradılmalıdır. Hansı haqla bunu istəyirlər? Hər bir millətin öz taleyini təyin etmək hüququ var. Hər bir xalq özünə hökumət seçə bilər. Siz kimsiniz?! İmperialist dünya belədir. Belə bir dünyaya münasibətdə bəsirətli insan nə edəcəyini bilir. Bilir ki, hansı mövqe düzgün mövqeydir.
BƏSİC başqalarına anlada bilər ki, İran İslam Respublikasının, dövlət rəsmilərinin Suriya, İraq, Bəhreyn, Yəmən, Fələstin hadisələrinə rəsmi münasibəti nədir və bu münasibət insaflı insanın, ağıllı insanın göstərəcəyi ən insaflı və ən məntiqi münasibətdir.
BƏSİC İslam Respublikası üçün bir bərəkətdir. Bu bir xəzinədir, ehtiyatdır. Tükənməz bir xəzinədir. Çünki millət tükənməzdir. Allahın yardımı ilə əziz İran xalqı bu dəyərli xəzinəni hifz edəcək, onu ortaya qoyacaq. Bu təlaşlar, bu iradələr, bu bəsirətlərin köməyi ilə nəzərdə tutulan inkişafa çatacağıq. Düşmən baxmağa, seyr etməyə, İran xalqının inkişafını görməyə məcburdur və əllərindən başqa iş gəlmir. İnşallah belə olacaq. Qarşımızda bu yolu açan böyük imama Allahın rəhməti olsun. Allahın rəhməti olsun öz fədakarlığı ilə əməldə bizə dərs verən, nə etməyi anladan əziz şəhidlərə. Allahın rəhməti olsun siz əzizlərə ki, həmd olsun Allaha öz hazırlığınızla bu gün xalqın qəlbini şad və ümidvar edirsiniz.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Vilayet.nur-az.com


6876 بازدید
در حال ارسال اطلاعات...