Həsən Ruhul-Əmin Aşura səhnələrini təsvir edən dəyərli İran rəssamlarındandır. Məhərrəm ayında bu istedadlı sənətkarın sərgisi açılmışdır. Əksərimiz məhərrəmlik əzadarlıqlarında, dini mərasimlərdə Əhli-Beyt (ə) haqqında rövzələr eşitmişik. Həmin səhnələri təsəvvürümüzdə canlandırmışıq, gözümüzdən yaş gəlib. Gənc rəssam Həsən Ruhul-Əmin incə Aşura zövqünə malik bir sənətkardır. Uzun illər boyu eşitdiyimiz rövzələr onun fırçasından çıxan tablolarda zümzümə edir. Onun hər əsəri Əhli-Beyt (ə) və bu yolun davamçılarının fədakarlıqlarından söz açır. Həsən Ruhul-Əmin 30 il bundan öncə, şəmsi 1364-cü ildə, mehr ayının 14-də Tehranın Şuş məhəlləsində dünyaya göz açıb. Atası dülgər olub. Həsənin rəssamlığa meyli vardı, bu məqsədlə də sənət dünyasına qədəm qoydu. Hər ailədə analar öz övadlarını bir şəkildə tərif edir. Bəziləri övladının gözəlliyindən, bəziləri təhsildə müvəffəqiyyətindən danışır. Həsən deyir ki, mən nə gözəl idim, nə də dərslərimi yaxşı oxuyurdum. Deyir ki, mənim haqqımda yeganə tərif gözəl rəsm çəkməyim idi. Bu məqsədlə də Həsən sənət məktəbinə daxil olur. Dəyərli ustadların sinfində onların məharətlərini öyrənir. Mədrəsə dövründə müsabiqədə iştirak edir, mükafat alır. Həsən deyir: “Sənət məktəbində Süheyl adlı dostum vardı. Təsviri sənətdə çox məharətli idi. Onun işlərinə baxanda özümə deyirdim ki, sən heç nə bacarmırsan. Süheylin işləri səbəb oldu ki, bir gecə tənhalığa çəkildim və böyük bir qərar çıxardım. Qərara gəldim ki, peşəkar bir sinifdə təhsil alım. Süheyl mənim üçün təsviri sənət dünyasına bir qapı açdı. Bu sahənin böyük insanları ilə tanış oldum, həmin vaxtdan gecə-gündüz təlaş dövrü başladı.”
Ruhul-Əmin tələbəlik dövrünü öz həyatının qızıl dövrlərindən sayır. O yaşıdlarından 1 il gec universitetə daxil olub. Çünki bir müddət məktəb dərslərinə davam edə bilməyib, işləməyə məcbur olub. Həsən deyir: “Məktəb təhsilindən 1 il sonra Kerman universitetinə qəbul oldum. Böyük çətinliklə Tehran universitetinə gəldim. Bu çox gözəl dövr idi. Universitetdə peşəkar insanlarla tanış oldum. Universitet dövründə öz dərslərim başa çatandan sonra məndən yuxarı kursların siniflərində iştirak edirdim. Bütün ustadların sözündən faydalanmağa çalışırdım. Əyalətdən gələn gənclər Tehran gənclərindən daha çalışqan olur. Onlar əksər müsabiqələrdə iştirak edirlər. Mən də belə idim. Müsabiqələrdən biri üçün Həzrət Əlinin (ə) rəsmini çəkmişdim. Tabloda həzrət başı quyuya tərəf dayanmış vəziyyətdə təsvir olunmuşdu. Həmin müsabiqədə mükafat aldım. Universiteti bitirəndən sonra gənclərə hazırlıq kursu keçirdim. Mənim sinfimdəki uşaqlar hətta universitetdən sonra təhsillərini davam etdirdilər. Mənim isə artıq təhsili davam etdirmək ruhiyyəm yox idi.”
Həsən Ruhul-Əmin dərslərini başa çatdırandan sonra anası dünyasını dəyişir və bu ona böyük sarsıntı gətirir. Özü deyir ki, əgər hava doldurulmuş topu vuranda həmin top sürətlə hərəkət edirsə, havasız topu nə qədər vursan da çətin hərəkət edir. Amma 2 il sonra həyatında müsbət bir hadisə baş verir. Həsən deyir: “Anamın vəfatının 2-ci il dönümündə bir xanımla rastlaşdım və ailə qurmaq qərarına gəldim. Bu izdivac çox bərəkətli oldu. Ailə qurandan sonra həyatımda müsbət dəyişikliklər baş verdi. Həmin vaxtdan iqtisadi durumum da yaxşılaşdı.”
Həsən Ruhul-Əminin bu günə qədər fırçasından çıxan işlər çox olub. Amma dini rəsimləri, xüsusi ilə Aşura rəsmləri diqqət daha çox cəlb edir. O bu mövzuda işləməyi bütün sənətkarlar üçün vəzifə sayır. Həsən deyir: “Dini rəsm çəkmək bir vəzifədir. Mən şiəyəm və vəzifəmi yerinə yetirirəm. Əgər İmam Hüseyni (ə) təsvir edirəmsə, bu mənim vəzifəmdir. Bütün rəssamlar bu işi görməlidir. Təəssüf edirəm ki, bu münasibətimə görə mənə fərqli baxış var. Bu mənə yaxşı təsir etmir. Bəziləri buna görə məni tərifləyir, hətta mənə dua da edirlər. Buna görə təşəkkür edirəm. Amma belə təriflərdən xoşhal olmuram. Belə təriflər insanı dəyişir, onda qürur yaradır. Bir rəssam üçün ən gözəl hal budur ki, bir kənara çəkilib işini görsün və yaratdığı əsəri satsın. Bəzi dostlar məni hətta ustad Fərşçiyanla müqayisə edir. Bu çox insafsızlıqdır. Fərşçiyan uşaqlıqdan İmam Hüseyn (ə) məktəbi atmosverində olub. Saçlarını bu yolda ağardıb. Mən isə bu sahəyə yenicə qədəm qoymuşam. Belə müqayisə ilə razı deyiləm. Mənim üçün maraqlı olan budur ki, kimsə tablo qarşısında 5 dəqiqə dayana bilir və onun gözündən yaş gəlir.”
Həsən deyir ki, onun bu gün təsvir etdiyi səhnələr uşaqlıq dövründən zehnində yer almış səhnələrdir. Bu səhnələrin təsvir olunması onun nəzərincə bir cəsarət istəyir. Ondan soruşanda ki, iş zamanı hansı halda olur belə cavab verdi: “Mən işlədiyim zaman mövzuya uyğun rövzə dinləyirəm. Amma ustad Hüseyn Əlizadənin təbirincə, bəzi daxili göz yaşlarının zərbəsi daha ciddidir. Bu əsərləri qələmə alan zaman halım başqa olur. Bu şəxsi bir məsələdir. İstəmirəm kimsə bu barədə soruşsun, ya özüm kiməsə bu barədə danışım. Amma ola bilməz ki, belə mövzuda fırçan işləsin, amma özün əriməyəsən. Əgər bir mövzunu yaşamadan çəksən bu dərhal hiss olunar.”
Həsən Ruhul-Əmin deyir ki, bu günə qədər arzuladığı, amma hələ təsvir etmədiyi bir səhnə qalıb. Bu səhnə İmam Hüseynin (ə) Aşura gecəsi çırağı keçirməsi və getmək istəyənlərə şərait yaratmasıdır. Ən çətin tablosu isə öz dediyinə əsasən Əli Əkbərin şəhadət tablosudur.
Həsən Ruhul-Əmin ölkədəki incəsənət atmosverindən bir az gileylənir. Düşünür ki, dindar gənclər azlıqda qalıb, ziyalılıqda iddialı cərəyanlar onlara yuxardan baxır. Həsən deyir: “Bu gün ölkəmizdə təsviri sənətə himayədarlıq edənlər öz üslublarında, zövqlərində əsər sorağındadır. Bu gün sərgilərdə hətta sənətçi xanımla əl görüşməsən sənə pis baxarlar. Dərhal sənə dindar, hizbullah damğası vurarlar. Təəssüf ki, belə hallar var. Mən bu sahəyə nəzarət edənlərə sərgi açmaq istədiyimi deyəndə cavabları bu olur ki, SD-nizi verin, özümüz əlaqə saxlayarıq. Sərgi sahəsində söz sahibi pullu adamlardır. Təbii ki, belə insanlar bizə yol açası deyil. Hazırda məzhəbi, dindar sənətkarlara münasibət onların layiq olduğunun onda biri də deyil. Siz dindar gənclərdən soruşun görün hətta İrşad Nazirliyi ildə onlardan neçə əsər alır? Neçə emalatxanamız var? Hansı ki İrşadın sənət əsərlərini almaq üçün büdcəsi var.”
Həsən Ruhul-Əmin incəsənət sahəsində ən böyük problem kimi mövzu problemini görür. Həsən deyir: “Bizim əsərlərimiz ətrafında tərif deyənlər bu əsərlərə pul vermir. Amma buna ehtiyacımız var. Mən satmaq üçün ya bir siyasi şəkil çəkməliyəm, ya da bir qadın şəkili. Bu gün erotika çəkənlərin bazarı dağdır. Başqa əsərlərə pul verən yoxdur. Elə bu səbəbdən də gənclər dini sənət ardınca az gedir. Bu insanı çox ağrıdır. Dəfələrlə bu məsələyə görə sarsılmışam. İstəmişəm elə bir tablo çəkəm ki, ona pul verən olsun. Amma eyni zamanda etiqadıma zərbə vura bilmərəm. Şəhər fəzasını çəkmişəm. Bizim sənətçilər, rəssamlar üçün dini mövzudan dəyərli mövzu ola bilməz. Təəssüf ki, bunu dərk edənlər azdır.”
Hazırda Həsən Ruhul-Əmin dini mövzulardan bir qədər aralanmaq istəyir. O deyir: “Bu mövzularda çəkmək doğrudan da çox ağırdır. Hazırda bir əkin sahəsi və bu fonda bir quş təsviri üzərində işləyirəm. Halım tam dəyişir. İndi təsəvvür edin ki, Əli-Əkbərin şəhadət səhnəsini çəkirəm. Elə bilirsiniz bu asandır?! Həqiqətən belə mövzularda işləyəndə halım tamam dəyişir.”
Vilayet.nur-az.com