Ustad Mücahidi nəql edir: Xatırlayıram ki, cənab Müctəhidi ilə yoldaşlıq etdiyim dövrdə dostlardan birinə qonaq olduq. Həmin dost əvvəlcədən verdiyi vədi pozaraq süfrəni bir qədər rəngarəng etmişdi. Cənab Müctəhidi süfrədən aralı oturmuşdu, süfrəyə əl uzatmırdı. Amma gözü süfrədə idi. Ev sahibi nə qədər israr etsə də heç nə yemədi və buyurdu: “Siz rahat olun, mənim iştaham yoxdur.” Dostlar bilirdilər ki, cənab Müctəhidiyə israr etmək lazım deyil, özü necə istəyirsə elə etsə yaxşıdır. Ev sahibi narahat idi ki, bəlkə də cənab Müctəhidi xörəkləri bəyənməyib. Süfrə başında əyləşənlərin hamısı cənab Müctəhidinin süfrəyə əl uzatmamasından narahat idi. O beləcə də süfrədən qalxdı. Hamı üçün sual oldu ki, o nə üçün heç nə yemədi?
Səhəri gün onun görüşünə getdim. Dostlardan da orada olan var idi. Mərhum Mustəfəvi ondan soruşdu ki, ötən gün nə üçün heç nə yemədin? Cənab Müctəhidi belə cavab verdi: “Əzizlər! Mən o süfrədə qandan başqa bir şey görmədim. O xörəklər sələm pulu ilə alınmışdı, yeyiləsi deyildi!” Biz hamımız ev sahibini tanıyırdıq. Bilirdik ki, sələmçi deyil. Orta səviyyədə yaşayırdı, iffətini qoruyurdu. Cənab Müctəhidinin dediyi sözləri qəbul etmək çətin idi. Bir saat ötdü, dünən qonağı olduğumuz kişi də gəldi. Cənab Müctəhidi dəstəmazını təzələmək üçün bayıra çıxanda Mustəfəvi həmin kişidən soruşdu ki, ötən gün süfrədəki xörəkləri hansı pulla hazırlamışdın? Cavab verdi: “Mən ağaya söz vermişdim ki, sadə xörəklər hazırlayım. Həyat yoldaşım razılaşmadı, dedi ki, süfrəyə ən gözəl xörəklər qoyulmalıdır. Mən də qonşudan bir qədər borc pul aldım.” Cənab Mustəfəvi onun qonşusunu yaxşı tanıyırdı. Dedi: “İndi aydın oldu ki, cənab Müctəhidi nə üçün heç nə yeməyib. Sənin qonşun bazarında sələmçilik edir. Sənə verdiyi də sələm pulu olub. Ona görə də cənab Müctəhidi sənin süfrəndə qandan başqa bir şey görməyib!”
Bir ilahi insanın kəramətini yada salmağın yeri var. 97 ci il, cəmadiüssani ayının 10-da Kərbəlada seyid Mücahid Əlaullahın məqbərəsində idik. Cənab Seyid Nurəddin Ayətullahzadə Milani, cənab seyid Əbdürrəsul Xadim, cənab Fazil, seyid Məhəmməd Təbatəbai İbn Seyid Mürtəza (Seyid Məhəmmədəlinin qardaşı) və bir neçə başqa alim orada idilər. Orada mücahid alim mərhum seyid Məhəmmədəlidən maraqlı bir əhavalat nəql olundu. Həmin əhvalatı seyid Əbdürrəsul nəql edirdi. Mərhum seyid Məhəmmədəli din təəssübü çəkən qeyrətli bir alim olub. İngilislər İraqı işğal edəndə onu 2 il zindanda saxlayıblar. Onun bir xüsusiyyəti bu olub ki, hərəmə daxil olanda kimsə ilə bir kəlmə danışmayıb, ibadətlə məşğul olub. Hətta biri sual verəndə işarə edib ki, çöldə cavab verər. Bir gün əvvəllər görmədiyi Şeyxlə rastlaşır. Həmin Şeyx Seyid Məhəmmədəliyə yaxınlaşıb deyir ki, ayağa qalx, mənim üçün bir ev tap. Mərhum Seyid hərəmdə kimsə ilə kəlmə kəsməsə də həmin şəxsə itaət edir. Hərəmdən çıxır və mərhum Şəriful-Üləma məqbərəsi küçəsində təmiz bir ev tapıb onu yerləşdirir. Səhəri gün həmin Şeyxin ziyarətinə gedir. Şeyx evin divarından yerə tökülmüş əhəng parçasından bir qədər götürür, Seyidin ovcuna qoyub deyir ki, bax gör bu nədir? Seyid baxanda ovucunu cəvahiratla dolu görür. Amma Seyid bunu geri qaytarır, ehtiyacı olmadığını deyir. Şeyx cəvahiratı alıb divarın dibinə atanda cəvahirat yenidən əhəng parçasına çevirilir. Həmin günlərdə Şeyx Seyidə deyir ki, Hürrün qəbrinin ziyarətinə gedək. Yollarını çay kəsdiyindən dolanıb getmək lazım gəlir. Şeyx suyun üstü ilə yeriyib keçir. Seyidə deyir ki, sən də gəl. Seyid deyir ki, mən su üstü ilə yeriyə bilmirəm. Şeyx geri qayıdır və geri qayıdanda Seyid görür ki, onlara doğru böyük bir ilan gəlir. Şeyx Seyidin qorxduğunu görüb ilana üz tutur və “Allahın izni ilə öl” deyir. İlan yerində hərəkətsiz qalır. Seyid heyrətə gəlir. Səhəri gün həmin yerə gedir ki, gözünə görünən şeyin həqiqətən ilan olduğuna əmin olsun. Gedib görür ki, həmin yerdə ilan ölüb qalıb. Səhəri gün şeyxin görüşünə gedir. Şeyx onu görən kimi deyir ki, gözlə görmək (eynul-yəqin) yaxşı şeydir, yaxşı etdin ki, gedib ilana baxdın. Bir neçə gün sonra seyidə deyir ki, qəbristanlıq əhalinin ziyarətinə gedək. Ora çatanda fatihə oxuyur. Bir istiqamətdə üz tutur, seyid də onun arxasınca gəlir. Həmin yerdə seyidə deyir ki, məni burada dəfn et. Seyid bu sözləri ciddi qəbul etmir. Şeyx deyir ki, Nəcəfdə Həzrət Əlinin (ə) ziyarətinə getmək istəyirsən? Seyid getmək istədiyini bildirir. Şeyx deyir ki, əlini əlimin üstünə qoy və gözünü yum. Bir qədər sonra gözünü aç söyləyir. Seyid gözünü açanda özünü Həzrət Əlinin (ə) hərəmində görür.
Şeyx seyiddən soruşur ki, gecə Nəcəfdə qalmaq istəyirsən, yoxsa Kərbəlaya qayıtmaq istəyirsən? Seyid deyir ki, qayıtmaq istəyirəm. Eyni qaydada Şeyx onun əlindən tutur və bir qədər sonra gözünü açanda Seyid özünü Kərbəlada görür. Səhəri gün Şeyxin görüşünə gedəndə ev sahibini göz yaşı içində gördüm. Səbəbini soruşanda dedi ki, şeyx dünyasını dəyişdi. Evə daxil oldum. Gördüm ki, şeyx üzü qibləyə uzanıb və əbədi yuxuya gedib. Olsun ki, Şeyx Seyidin iman məqamını yüksəltmək üçün əmr almış biri olub!
Alimlərdən biri nəql edir ki, Nəcəf yaxınlığında yaşanlardan biri möcüzələrə münasibətdə şübhəyə düşmüşdü və bu xəstəlikdən qurtulmaq üçün İmam Hüseynə (ə) təvəssül etmişdi. Kərbəladan Nəcəfə getdiyi zaman maşında tanımadığı şəxs onun yanında əyləşir. Yolda ona qeyb barədə danışır. Yolda maşın dayanır, müsafirlər yerə düşür. Həmin şəxs şübhəyə düşən şəxsin əlindən tutub onu bir dərənin kənarına gətirir. Görürlər ki, burada bir quş ölüb. Həmin şəxs deyir ki, onun öldüyünü görürsən? Şübhəyə düşən şəxs təsdiqləyir ki, quş ölüb. Bu şəxs “Allahın izni ilə qalx” deyə əmr edir. Quş hərəkətə gəlib havaya qalxır. Həmin şəxs şübhələrinə görə İmam Hüseynə (ə) təvəssül etmiş şəxsə deyir ki, ölünü diriltmək bu məktəbdə uşaqların işidir. Vəsvəsəyə düşən şəxs Nəcəfə çatanda soruşur ki, sizi harada görə bilərəm? Həmin şəxs deyir ki, sabah Kümeylin qəbrinin yanına gəl. Səhəri gün Kümeylin qəbrinin yanına gedəndə həmin şəxsin dünyasını dəyişdiyini görür!
Vilayet.nur-az.com