Məgər bu dünyada büdrəyənlər, süquta uğrayanlar, yolunu azanlar dünyaya aldanmadılarmı?!

Əmirəlmöminin həzrət Əli (ə) öz vəsiyyətinə təqvaya dəvətlə başlayır:
«Sizi Allah qarşısında təqvaya çağırıram.» Təqva çağırışı İslamın mühüm göstərişlərindəndir. Allah-təalanın, peyğəmbər və məsum imamların tövsiyələrində təqva çağırışı öndə dayanır. Bu mövzuda böyük alimlər qədərincə danışıblar. Buna görə də uyğun cümlənin şərhi ilə kifayətlənirik. Növbəti cümlədə həzrət buyurur:
«Dünya ardınızca qaçsa da onun ardınca getməyin.» Maraqlıdır! Həzrət vəsiyyətinin əvvəlində öncə İmam Həsən və İmam Hüseynə müraciət edir, daha sonra bütün övladlarına, yaxınlarına və bu vəsiyyəti oxumaq imkanına malik olacaq insanlara üz tutur. İmam Həsən və İmam Hüseynə aid hissədə Əmirəlmöminin (ə) övladlarına müraciət edərək buyurur ki, əziz övladlarım, gözlərimin nuru, dünyanın ardınca getməyin, dünya sizin sorağınızca gəlsə də onu izləməyin!
Vəziyyəti təsəvvür etsək kimlərin bu məqamda işlənməsi maraqlı görünər. Həzrətin ömrünün son saatlarıdır və o son vəsiyyətlərini bəyan edir. Həzrət təqva çağırışının ardınca dərhal iki məsum imamı, həzrət Peyğəmbərin (s)
«cənnət cavanlarının ağası» adlandırdığı məsumları dünyadan çəkinməyə çağırır. Heç şübhəsiz ki, bu sözlər bütün bəşəriyyətə ünvanlanmışdır. Axı İmam Həsən (ə) və İmam Hüseyn (ə) iki məsum şəxsdir, hətta böyük şiə alimlərinin əqidəsincə, onların zərrəcə büdrəməsi də mümkünsüzdür. Bəzi alimlər düşünürlər ki, əgər bəzi böyük peyğəmbərlər hansısa yaxşı işi tərk etmişlərsə («tərki-ovla»), məsum İmamlar belə etməmişlər. Əmirəlmöminin (ə) İmam Həsən (ə) və İmam Hüseyni (ə) dünya ardınca getməməyə çağırır! Əslində belə bir müraciət bizim kimi adi insanları qəflət yuuxusundan oyatmaq üçündür. Düşünməliyik ki, İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəzərdən qaçırmamalı olduğu bir məsələyə biz necə yanaşmalıyıq!
Doğrudan da, bu məsələ olduqca mühüm və həyatidir. Əmirəlmömininin (ə) öz vəsiyyətinə bu tövsiyə ilə başlamasının yeri var. Məgər bu dünyada büdrəyənlər, süquta uğrayanlar, yolunu azanlar dünyaya aldanmadılarmı?! Ən böyük günahları, dünyanın ən çirkin və ən cinayətkar insanlarını bir anlıq nəzərinizdə canlandırın. Onları bu cinayətlərə sövq edən nə oldu? Əlbəttə ki, dünya məhəbbəti!