Əzizlərim, səbirli olun, Allah səbr edənlərlədir. Şeytan vəsvəsələri sizə təsir etməsin. Əlbəttə ki, qiyam və etirazlarınız göstərdi ki, şeytan sizin ümidinizi qıra bilmir
İmam Xomeyni (r) buyurur: Əzizlərim, səbirli olun, Allah səbr edənlərlədir. Şeytan vəsvəsələri sizə təsir etməsin. Əlbəttə ki, qiyam və etirazlarınız göstərdi ki, şeytan sizin ümidinizi qıra bilmir. Sizi məyus etmək istəyənlər şah və qarətçilərin mənafeyini qorumaq istəyənlərdir. Onları doğru yola çağırın. Təslim olmasalar özünüzdən uzaqlaşdırın, məyus edin!
Şərq və Qərb imperialistləri İslamı məhv etmək, İslam Cümhuriyyətini süquta uğratmaq üçün əl-ələ vermişdilər. Xalq arasında ixtilaf yaratmağı çıxış yolu sayırdılar. Bu fitnəkarlıqla xalqı məyus etmək, öz çirkin məqsədlərinə çatmaq istəyirdilər. Allahın lütfü ilə bütün planları pozuldu. Əcnəbilərə bağlı qüvvələr öz imansız qəlblərində plan cızırdılar ki, demokratik respublika qursunlar. Hətta İslam adı altında çalışır, Amerika İslamı formatında İslama yer verirdilər. Vəhdət sayəsində onların planları alt-üst oldu, müvəffəqiyyətdən ümidlərini üzdülər...
Sizin əlinizdə tutduğunuz şəkillərdəki gənclər İslam və İslam məmləkəti yolunda həyatlarını qurban verdilər. Bu sizin üçün iftixardır. Bu unudulmayacaq. Həmd olsun Allaha ki, bu gün İslamın keşiyində siz dayanmısınız. Şah dövrü deyil ki, zəhmətlərinizdən biganələr faydalansın. Bu gün nə qədər zəhmət çəksəniz öz ölkənizin xeyirinədir, İslama xidmətdir. İslam o zaman səhnəyə gəlir ki, bu yolda fədakarlıq göstərilir. Bu gün siz əzizlər böyük bir qətiyyətlə dininizi, ölkənizi, ləyaqətinizi qoruyursunuz. Bu gün siz Uhud, Xəndək və digər cəbhələrdə fədakarlıq göstərənlərin savabını qazanırsınız. İslam bir zaman onların əlində əmanət idi. Bu gün isə sizin əlinizdə əmanətdir. Gücümüz həddində bu yolda çalışaq, İslam sərhədlərini qoruyaq. Allahdan istəyirəm ki, siz əzizləri daha qətiyyətli daha iradəli, yumruqlarınızı daha sıxılmış, cərgələrinizi daha sıx qərar versin. Canavarlar pusquda dayanıb və bütün güclərini sərf edirlər ki, bu ölkəni keçmişdəki vəziyyətinə qaytarsınlar. Onları məyus edin!
Zalım dövlətlər həmişə başqa ölkələrə tamah salır. Millət səhnədə olmasa təcavüz edirlər, qiyam qaldırırlar. Xalq səhnədə olanda bir iş görə bilmirlər. Düşmən başa düşüb ki, xalqımız öz taleyinə biganə deyil. Xalqımız və ordumuz güclüdür. Ölkəni qoruya bilərlər. Mütəfəkkir insanlar xalqın birliyini qorumalıdır. Bu gün millət ordu ilə birlikdədir. Əmin olun ki, dünyanın heç yerində belə deyil. Ordu cənubda və qərbdə döyüşür, qoca qadın və kişilər orduya kömək edir.
Bu birlik necə yaranıb? Allahdan başqa kimsə bu birliyi yarada bilməz. Ordu öz sevgisi ilə xalqı cəzb etməlidir. Ordu və millət əl-ələ verəndə böyük güclər məyus olur. Nə zaman xalq, dövlət və ordu arasında uzaqlıq yaranırsa təcavüzkarların ümidi artır. Əgər xalq dövlətdən uzaqsa bunun səbəbkarı dövlət başçılarıdır...
Mən əvvəldən demişəm ki, meydana qələbə üçün daxil olmamışıq. Biz dini, vicdani və milli vəzifəmizi yerinə yetiririk. Həmd olsun Allaha ki, İslam cümhuriyyətində bütün xalq müxaliflərin fikrini oxuyub. Artıq ümidləri üzülüb. Ümid edirik ki, bütün sahələrdə, müharibələrdə qalib gələcəyik. Biz müharibə əhli deyilik. Bir ölkəni tutmaq planımız yoxdur. Dünya üçün sülh və təhlükəsizlik arzusundayıq. İnşaallah qəbul etdirilmiş müharibə də başa çatar...
Bir gün ölkəni qoyub qaçanlar bu gün sabitlik olduğunu görürlər. Gəlməyə qorxurlar. Çünki eyş-işrət üçün yaşayırlar. Belələri düzələsi deyil. Artıq bu ölkədə onlara yer yoxdur.
Həmd olsun Allaha ki, millət əl-ələ verib seçkilərdə özünü göstərdi. Bu seçkilər sakitlilkə, uğurla başa çatdı. Düşmən aranı qata bilmədi. Məyus olublar, əllərindən bir iş gəlməyib. Çox yerdə oğurluq var. Ən böyük oğurluq Amerikadadır. Biz ləyaqətsiz insanları ölkədən qovub salehləri iş başına gətirən xalqa görə şükr etməliyik. Bu xalqa xidmət edin, onun problemlərini aradan qaldırın. Nazirliklər, ustandarlar xalqın qayğısına qalsın. Ümid edirik ki, inşaallah, bundan sonra sabitlik olar. Xalq çalışar, sərmayə yatırmaqdan qorxmaz. Artıq onların sərmayəsi üçün təhlükə yoxdur. Əsas odur ki, ümidimiz Allahadır, Onun fəzlinə göz dikmişik. Allah hamınızı hifz etsin...
Əmin olun ki, bu birliyi möhkəmləndirsək kimsə ölkəmizə tamah salmayacaq. Bir gün sərvətlərimizi qəsb etmək istəyənlər bu gün məyus olublar. Allahın bizə verdiklərini qoruyaq. Bu ölkədə elə hadisələr baş verdi ki, bu hadisələri ilk baxışdan dərk etmək çətindir. İnqilabda istibdada işləyən qüvvələr xalqa qoşuldu. Bu nemətin şükrünü yerinə yetirməliyik...
Əgər hər birimiz Allahın razılığı üçün çalışırıqsa anlaşmaya gələk. Təbliğ olar, amma məşrutədəki kimi olmasın. Düşmənin istəyinə uyğun olaraq bir-birimizi vurmayaq. Siz hamınız istəyirsiniz ki, bu ölkəyə İslam hakim olsun. Bu o zaman mümkün olar ki, düşmənin fitnələrinə uyub bir-birimizlə vuruşmayaq. Müzakirə edək, razılığa gələk, qoy düşmən məyus olsun...
Bu gün İrandan çıxıb İrana kənardan baxan İnsan uğurlarımızı daha yaxşı görür. Əsas məqsəd mənəvi məsələdir. Biz müharibə yox, müqəddəs müdafiə aparırıq. İslamın, məmləkətimizin, insanlarımızın ləyaqətini qorumaq istəyirik. Belə bir müdafiəni həm İslam həm ağıl qəbul edir. Əgər ölkənizə biri tamah salıbsa bu cinayətkara qarşı müdafiə mövqeyi tutmalısınız. Düşmən dayanmayıb. Yenə də çalışır. Amma məyus olub, uğur qazanacağına ümidi qalmayıb. Bilin ki, bu gün siz güclüsünüz. Hər bir insan öz vəzifəsinə əməl etməlidir. Qanunda hər birimiz üçün vəzifələr təyin olunub. Vəzifəmizə əməl etməliyik. Vəzifəmizə əməl etsək dinimizin, ölkəmizin, insanlarımızın ləyaqətini qoruyacağıq...
Vilayet.nur-az.com