Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2021

İmam Rzanın (ə) şəhadəti münasibətilə

İmamın Rza adlanmasının səbəbi

İmam Əli ibn Musanın (ə) məşhur ləqəbi Rzadır (ə). Rəvayətdən belə bəlli olur ki, o həzrətin Rza adlanmasının bir neçə səbəbi vardır:

1. O həzrət Allahın asimanda razı olduğu, Peyğəmbərin (s) və məsum imamların (ə) Yer üzündə razı olduğu və bəyəndiyi bir şəxsdir.
2. Şiə və əhli-sünnə, hətta, müxaliflər də ondan razı olmuşlar.
3. O həzrət Allahın razılığına razı idi. Səbr məqamından da üstün olan bu gözəl və dəyərli məqam İmam Rzada (ə) daha açıq-aydın görünürdü.

Qeyd etmək lazımdır ki, bütün məsumlar Allahın razılığına razı olmuşlar, Allah da onlardan razı olmuşdur. Ancaq İmam Rzanın (ə) yaşadığı dövrdə belə bir əxlaqa malik olmaq İslam üçün çox zəruri və dəyərli idi. Ona görə də bu məsələ həzrətdə daha çox büruz etdi, dövrünün mürəkkəb çətinliklərini səbr, tədbir və xüsusi dözümlülüklə həll etdi.

Məmunun İmam Rzanı (ə) Mədinəyə dəvət etməsi
İmam Rza (ə) iyirmi illik imamlıq müddətinin on ilini Harunla bir dövrdə, beş ilini Əminin xilafəti və digər beş ilini də Məmunun xilafəti dövründə yaşamışdır.
İmam Rza (ə) Məmunun xilafəti başlayana qədər öz vətəni Mədinə şəhərində yaşamışdır. Məmun hakimiyyətə gəldikdən sonra öz xəbis məqsədinə çatmaq üçün İmamı (ə) Xorasana çağırdı.
İmam Rza (ə) əvvəl Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun və İmam Rza (ə) arasında çoxlu məktublaşmalar olduqdan və Məmunun təhdidindən sonra nəhayət, o, həzrət Əlinin (ə) nəslindən olan bir dəstə tanınmış şəxslərlə birlikdə Mərv istiqamətində hərəkət etdi.

İmam Rza (ə) Mədinədən çıxmağa hazırlaşanda, qohum-əqrəbasını toplayıb, onlardan onun halına ağlamasını istəmiş və buyurmuşdur: “Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam.”
Sonra Peyğəmbərlə (s) vidalaşmaq məqsədilə o həzrətin məscidinə daxil oldu. İmam (ə) neçə dəfə vidalaşsa da, yenə Peyğəmbərin (s) qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Sistani yazır: “Bu zaman İmamın (ə) yanına gəlib salam verərək onun üçün uğurlu səfər dilədim. İmam (ə) buyurdu: “Mənə yaxşı-yaxşı bax, cəddimin yanından uzaqlaşıb qürbətdə öləcəyəm və Harunun yanında dəfn olunacağam.”

İmam Rzanın (ə) karvanının yola düşməsi
Məmunun göstərişinə uyğun olaraq İmamın (ə) karvanı İrana tərəf yola düşdü. Karvan Nişapura çatdıqda camaat küçələrə axışdı, həzrətin dəvəsinin ətrafına toplaşdılar. Hamı İmamı (ə) gördüyünə görə sevinirdi. Çoxları sevincindən ağlayırdı. Hər kəs İmamla (ə) söhbət etmək, öz sualına cavab almaq istəyirdi. Şəhərin böyükləri həzrəti öz evlərinə dəvət edirdilər.

İmamın paytaxta çatması
İmam Rzanın (ə) karvanı şəvval ayının onunda Mərv şəhərinə çatdı. Şəhərdən neçə fərsəx kənarda Məmun, Fəzl ibn Səhl və Abbasilərdən olan digər əmirlər və böyüklər İmamı (ə) qarşılamağa çıxaraq böyük hörmətlə karvanı şəhərə daxil edirlər.
Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra İmam Rza (ə) ilə Məmun arasında müzakirələr başladı və Məmun həzrətə xilafəti qəbul etməyi təklif etdi. Məmunun əsil məqsədindən xəbəri olan İmam (ə) bu təklifdən ciddi şəkildə imtina etdi. Fəzl ibn Səhl heyrətlə deyir: “Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa Rzaya (ə) verir, o isə hakimiyyəti qəbul etmirdi.”

İmam Rzanın (ə) xilafəti qəbul etməyəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: “İndi ki belədir, onda vəliəhdliyi qəbul et!”
İmam Rza (ə) buyurdu: “Məni bu işdə də üzürlü hesab et.”
Ancaq Məmun bu dəfə İmamın (ə) üzrünü qəbul etməyib, sərt və qəzəbli halda onu hədələyərək dedi: “Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki, əgər vəliəhdlikdən imtina etsən, səni zorla onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən, səni öldürəcəyəm.”

İmam Rza (ə) məcbur olub məsləhət üzündən Məmunun təklifini qəbul edərək buyurdu: “Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki, ölkə işlərində bir dəfə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin etmək, yaxud vəzifədən uzaqlaşdırmaq, hökm və fətva vermək kimi işlərə qarışmayım.”

İnsanların ən alimi və səbirlisi
Əli ibn Məhəmməd ibn Cəhim deyir:
Bir gün Məmunun məclisinə getdim. İmam Rza (ə) da orada idi. Məmum İmamdan (ə) suallar soruşdu. İmam (ə) onun suallarının cavabını verdi. Məmun yenə sual soruşdu və həzrət cavabını verdi. İmam Rzanın (ə) əmisi Məhəmməd ibn Cəfər də həmin məclisdə iştirak edirdi. Məmun onun əlindən tutub dedi: Qardaşın oğlu barədə fikrin nədir?
Məhəmməd ibn Cəfər dedi: O, alim bir insandır və mən onun elm öyrənmək üçün alim yanına getməsini görmədim (yəni, elm ona Allah tərəfindən verilmişdir).
Məmun ona dedi: Qardaşın oğlu həzrət Rza (ə) risalət ailəsindəndir. Peyğəmbər (s) onlar barədə buyurmuşdur: “Bilin ki, mənim ailəmin yaxşıları və pakları uşaq ikən insanların ən səbirlisi, böyük ikən ən alimidir. Onlar sizi qurtuluşdan uzaqlaşdırmır və cəhalətə tərəf aparmır.”
Məclisdən sonra İmam Rza (ə) evinə qayıtdı. Həmin günün səhərisi həzrətin hüzuruna getdim, Məmunla o həzrətin əmisi arasında olan söhbəti İmama (ə) danışdım. İmam (ə) gülümsünərək buyurdu: “Ey ibn Cəhim! Məmunun sözləri səni aldatmasın. Çünki o, tezliklə məni gözlənilmədən və xəbərsiz qətlə yetirəcək. Allah mənim intiqamımı onadan alacaq.”

İmam Rzanın (ə) qətiyyətli cavabları
Məmunun göstərişi ilə böyük xristian, yəhudi, sabei və digər din və məzhəblərin, habelə əqaid məktəblərinin başçıları, filosof və alimlərdən ibarət bir məclis təşkil edildi. İmam Rza (ə) da bu məclisə dəvət olundu. Həzrət Məmunun cavabında buyurdu: “Sənin məkirli niyyətindən xəbərim vardır. Sabah inşallah, məclisdə iştirak edəcəyəm.” Həzrət məclisdə iştirak etdi və din alimlərinin müxtəlif suallarına cavab verdi. Müsəlmanların arasında dünyanın bütün elmləri və təfəkkürlərini dəqiqiliyi ilə bilən bir alimin olması onları heyrətə salmışdı.
İmam Rza (ə) katolikos Casəliqin sualının qarşısında həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olmasını İncil kitabı və həzrət İsanın (ə) sözləri vasitəsilə sübuta yetirdi. Casəliq İmamın (ə) hikmətli sözlərini dinlədikdən sonra dedi: Həqiqətən sən deyəndir. And olsun Allaha ki, müsəlmanlar arasında sənin kimi bir şəxsin olmasına heç inanmazdım!

İmam Rzanın (ə) şəhadəti
Həzrət İmam Rzanın (ə) Məmunun göstərişi ilə şəhadətə yetişməsinə aid çoxlu rəvayət və sübutlar vardır.
Məmun öz hökumətini qorumaq məqsədilə İmamı (ə) Xorasana gətirdi, ancaq İmamın (ə) qətiyyətli rəftarı və fikirləri ilə rastlaşdıqda onun sözləri və davranışının qanunsuz hökuməti zəiflətdiyini başa düşdü. Digər tərəfdən də Abbasilər, İmam Rzanı (ə) öz vəliəhdi təyin etdiyinə görə Məmunu təhdid edirdilər. Nəhayət, Məmun öz məkirli planını həyata keçirməyi və həzrəti öldürməyi qərara aldı.
Məmun gecə vaxtı öz cinayətini həyata keçirdi və İmam Rzanı (ə) zəhərləyərək şəhid etdi. Səhər açılanda camaat Peyğəmbər övladının şəhadət xəbərini eşidəndə çox narahat oldular. Onlar baş və sinələrinə vuraraq Məmunun hiylə ilə İmam Rzanı (ə) şəhid etdiyini deyir, “Məmun Peyğəmbərin övladını öldürdü” deyə, fəryad qoparırdılar.

Beləliklə, İmam Rza (ə) 203-cü hicri qəməri ili, səfər ayının sonuncu günü 55 yaşında ikən Məmunun göstərişi ilə şəhid edildi və məzlumcasına, gecə vaxtı dəfn olundu.
1996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP