01 Dekabr 2013

Dünyadan mənə nə?

Əgər Allahı tanımaq üçün əvvəlcə özünü tanımaqdan başqa çarə yoxsa, özünütanıma elmində yaranış qədər maraqlı bölmələrdən biri tiplərdir. Bəli, Allahı tanımaq üçün öz yaranışınla bağlı bilgilər tiplərlə bağlı bilgilərdən çox faydalıdır. Amma deyə bilmərik ki, tiplərlə tanışlıq Allahı tanımaqda faydasızdır. Tipləri tanımasan küfrə batıran və küfrdən çıxaran xasiyyətlərdən xəbərsiz qalarsan.

Meyarlardan biri yaxşılıqdır. Yaxşı nədir? Yaxşlıqda neçə tərəf var? Bütün münasibətlərdə ən azı iki tərəf var. Elementar iki tərəfə misallar: hiss və ağıl, nəfs və iman, yaxşı mən və pis sən, pis mən və yaxşı sən...

Bir tipi xarakterizə edən səciyyələr arasında yaxşılıq ən mühüm səciyyədir. Burada qərbin və ya əcnəbinin təsnifatı problemi həll etmir. Aralıq dənizi sivilizasiyana görə insanlar temperamentinə, psixoloji qızğınlığına görə 4 qrupa bölünür:
-sakit, təmkinli fleqmatik (limfa – bəlğəm ilə əlaqəli)
-qaynar, hövsələsiz xolerik (sarı ödlə əlaqəli)
-fəal, şən sanqvinik (qanla əlaqəli)
-qorxaq və qəmgin melanxolik (qara ödlə əlaqəli)
Bəli, bu təsnifat hazırkı araşdırmada yararsız görünür. Ola bilər ki, orqanizmin fiziki parametrləri əxlaqa təsirlidir. Amma bizim mövzumuz bu əlaqə deyil.

Biz tiplərlə tanışlıq üçün şərti olaraq özümüzü yaxşı adam saymalıyıq. Şərti olaraq! Mən kimlərlə münasibətdə yaxşıyam? Bu sual ətrafında gəzişəndə aydın olacaq ki, mənim yaxşılığımın qaynağı nədir. Qaynaq imandır, yoxsa küfr? Vicdandır (ədalət), yoxsa təəssüb? İsardır (səxavət), yoxsa tamah? Təvazödür, yoxsa təkəbbür? Mərhəmətdir, yoxsa qəzəb? Bəli, küfr, təəssüb, tamah, təkəbbür, qəzəb yaxşılıq mənbəyi ola bilər. Bu yaxşılıq iyrəncdir. Nə üçün? Əvvəla, fitrət hökm verir, ardınca da vəhy!

Qarşımdakı insanı yaxşı insan sayıram. Ona görə ki, hamıya yaxşıdır? Ona görə ki, yaxşıya yaxşıdır? Yoxsa pisə də yaxşı olduğu üçün? Onun hamıya, ya yaxşıya, ya da pisə yaxşılığının arxasında nə dayanır?

Tipləri bölək, sonra sözümüzə davam edərik:
-Allah deyən yaxşılıq ardınca gedənlər;
-Ağıl deyən yaxşılıq ardınca gedənlər;
-Hiss deyən yaxşılıq ardınca gedənlər;
-Nəfs deyən yaxşılıq ardınca gedənlər
Bu tiplərə qısa ad verməyi saxlayaq sonrakı söhbətlərə.

Allah deyən yaxşılıq ardınca gedənlər haqqında:
- Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdi də qisası da bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar! (Maidə, 45)
- Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz! (Şura, 40)
- Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir! (Ali-İmran, 151)

Ağıl deyən yaxşılıq ardınca gedənlər haqqında:
-(O gün) Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır! (Nəml, 88) Elm hiss üzvləri ilə çalışır. Göz, qulaq informasiyanı beyinə ötürür. Göz dağları hərəkətsiz görür. Ağılın bu mövzuda həqiqətə çatması nəsil-nəsil ömür aparır. Elm fəzilətdir, həqiqətsə vəhyin yanındadır. Həqiqəti yalnız üçölçülü borudan görmək olar. O da fiziki həqiqəti! Heç bir cihaz insan qəlbini müşahidə etmək gücündə deyil. Göz maskanı o vaxt seçir ki, maska kobud, sezilən olsun. Göz zahiri, ağıl batini maskanı seçməyə də bilər. Əgər bu maska ağlı aldadacaq qədər ustalıqla hazırlanıbsa.

Hiss deyən yaxşılıq ardınca gedənlərin amalı:
-(Kafir) Qövmü təqib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin!(Nisa, 104) Çox olur ki, insan canavara, tülküyə, əqrəbə rəhm edir. Bu mərhəmət onun özünə qarşı, həm də cəmiyyətə qarşı yönəlib. Təcvüzkara, yoldan ötənə daş atana mərhəmət təcavüzə məruz qalana, daşa hədəf olana zülmdür.

Nəfs deyən yaxşılıq ardınca gedənlər haqqında:
-O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (Nisa, 139)

Həmişə qəlbimdən bir söz keçib, qorxmuşam bölüşməyə. Amma bunu Allah-Taala özü bəyan edib: “İblisin onlar haqqındakı zənni düz çıxdı. Bir qrup mömin istisna olmaqla, hamısı ona uydu.” (Səba, 20) Bu bir qrup neçə nəfərdir? On, yüz, min ya milyon? Hər halda azdır. Bu azlardan olmaq ehtimalı necə də zəifdir. Allah deyən yaxşılıq ardınca gedənlərin xoş halına! O insanlar ki, həqiqi yaxşılığı tanıyırlar. O insanlar ki, “filankəs mənim üçün yaxşıdır, dünya üçün pis olsun” kimi cəngəllik şüarlarından zara gəlirlər!

Ə. Aran
Nur-az


7347 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP