Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

İntihar həddi

Sosial şəbəkələrdə ötən həftənin trendi "intihar həddi" oldu. Əslində intihar məsələsi Azərbaycanda çoxdan aktualdır.

40-a yaxın insan intihar həddinə çatıb, "Koroğlu" körpüsünə çıxdı. Məmurların incitdiyi, sosial qayğıların içində itib-batan bu insanları canından bezdirənlərə qarşı heç bir tədbir görülmədi.

Əvəzində, körpüdən böyük bir bildiriş asıldı: "İntihar edənlər həbs olunacaq".

Günün günorta çağı Bakıda və Sumqayıtda Qarabağ əlilləri özünə od vurub yandırdı. Heç kim məsuliyyətə cəlb olunmadı.

Hətta iş o yerə açtıb ki, intihara cəhd artıq dəb halını almağa və bir çox problemlərdən yeganə çıxış yolu kimi görünməyə başlayıb. Məmurların qəbul otaqlarında sözü eşidilməyən, haqqı tapdanan vətəndaşlar yalnız bu yolla problemlərini ictimailəşdirməyə çalışır. Hələ bəxtləri gətirəcəksə, xilaskar mələk Qənirə Paşayeva vaxtında yetişəcəksə, FHN-in brezenti cırılmayacaqsa, hansısa məmurun ürəyi yumşalacaqsa problemin həllinə də ümid edə bilərlər.

Yəni Azərbaycanda intihar sadə insanların məmurlarla ünsiyyət vasitəsidir. Çünki elektron hökümət filan boş şeydir. Bizdə intihar hökümətidir.

Bəlkə də buna görədir ki, hər birimiz gündə dəfələrlə intihar həddinə çatdırılırıq. Səhər və axşam tıxaclarda hansı hallara düşürük? İnflayasiyaya, korrupsiyaya, məmur özbaşınalığına görə azmı intihar həddinə çatırıq? Buna görə kimsə məsuliyyətə cəlb olunurmu?

Yoxsa məsələ siçan dərmanının başındadır? Bəlkə siçan dərmanı strateji məhsul imiş, xəbərimiz yox?! Yoxsa nədən bu siçan dərmanı birdən-birə ölkənin daxli siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilsin ki?

Həyat belədir, bəzilərinə şərəfli ömür yaşamaq nəsib ikən, digərlərinə heç siçan dərmanı ilə ölmək də nəsib olmur.

Zahir ƏZƏMƏT/qaynar


5783 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP