Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Tüpürün üzümüzə!

Avtobus “Əzizbəyov”dan bir az uzaqlaşmışdı ki, adamların arasından yanıqlı səs gəldi: “Ay camaat, kömək eləyin, anam xəstədi... Yalvarıram sizə! Nəyə gücünüz çatırsa, verin. Diz çökürəm qabağınızda, kömək eləyin?” Yaşı olardı 17-18. Başı bağlıydı. Qara gödəkçəsi köhnəyə oxşamırdı, hətta təzə adlandırmaq olardı. Avazı əla idi. Hiss olunurdu ki, bu işdə yeni deyil. Hər dəfə “ay camaat” sədası azı bir nəfəri sarsıdırdı və həmin adam əlini cibinə salırdı. Əvvəlcə 20 qəpik verdilər, sonra bir cavan oğlan manatlığı ona tərəf uzatdı. Qaragödəkçəli qız əlinin cəld hərəkəti ilə pulu qapıb gödəkçənin döş cibinə basdı. Həmin iki saniyə ərzində yenə “oxumağına” ara vermədi. Cavan oğlan məğrur görkəm aldı. Yanımda dayanan orta yaşlı qadın yazıq-yazıq üzümə baxdı. Qıza pul verə bilməməsindən xəcalət çəkirdi...

Bir dayanacaq sonra qız avtobusdan düşəndə kimsə dedi ki, indi o biri avtobusa minəcək...

Onlar bizdən hər yerdə pul istəyir: avtobusda, metroda, küçədə, hətta evimizdə. Onlar qapımızı hamıdan möhkəm döyürlər. Onlar xahiş eləmirlər. Onlar bəzən amiranə tonda danışırlar. Tələb eləyirlər. Hirslənirlər. Qəzəblənirlər...

Onlara həmişə borcluyuq. Onlardan həmişə xəcalət çəkirik. Pul verməyəndə xəcalət çəkirik. Az pul verəndə xəcalət çəkirik. Halal pulumuzdan utanırıq. 10 qəpiyimizdən, 20 qəpiyimizdən utanırıq. Yer yarılsaydı, yerə girərdik...

Bu ölkədə cibində 3-5 manat olan insanlar qədər heç kim məsuliyyət daşımır. Hamı hər şeyi həmin adamlardan tələb eləyir. Telekanallarda xəstə yaxınlarının “imkanlı şəxslərə” müraciəti çoxdan vardı, sosial şəbəkələrdə son illər dəbə minib. Şəkil paylaşırlar, yardım diləyirlər. Yanıqlı səslə “oxuyurlar”, kömək istəyirlər. Ürəyimiz parça-parça olur. Kömək eləyə bilmədiyimizə görə vicdan əzabı çəkirik. Özümüzə nifrət eləyirik. Xəstə uşaq şəkli görən kimi səhifəni tez çevirməyə çalışırıq. Xəcalətimizdən baxa bilmirik. Çoxdular. Hamı xəstədi. Hamı acdı. Bizsə imkansızıq. Bu ölkədə yeganə “imkanlı şəxs” hökumətdi. Ən imkanlısı odu. Yoxumuzdu. Vallah, yoxumuzdu. Qalmayıb. Axırıncı qəpikləri çörəyə verdik...

Ölkədə sosial şərtlərin yaxşılaşması üçün, tibbi sığorta üçün, güclü səhiyyə üçün mübarizə aparmırlar, amma bir-birilərini xəcalətli eləyirlər. Bu ölkədə kimsə acdısa, gözünü nimdaş geyimli, yırtıq ayaqqabılı, balasının qarnını doyura bilməyənlərə dikir. Bu ölkədə kimin yaxını ağır xəstədisə, xəstə görkəmli, yalnız öləndən-ölənə həkimə müraciət eləyənlərə dikir. Heç kim mübarizə aparmaq istəmir. Heç kim haqqını tələb eləmək istəmir. Yalnız həmin adamlar günahkardı. Hökumətin heç bir günahı yoxdu. Dilənçilərə görə biz günahkarıq! Aclara görə biz günahkarıq! Evsizlərə görə biz günahkarıq! Ağır xəstələrə görə biz günahkarıq! Yapışın yaxamızdan! Möhkəm-möhkəm silkələyin bizi! Tüpürün üzümüzə! Hökumətə güldən ağır söz deməyin! Bütün günahlar bizdədi... Yalnız bizdədi...

Coşqun/azadlıq


5853 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP