11 Noyabr 2014
Xanım Zeynəb (s)

İndi, əzizlərinin ən yaxşısı şəhid olduqdan, qarət olunduqdan, xeymələrə od vurulduqdan, düşmənin amansız cəlladlığından çəkilən əzab-əziyyət, iztirab və pərişanlıqlara dözdükdən sonra və şəhidlərin qana boyanmış parça-parça olmuş cəsədlərinə tamaşa etdikdən sonra, bu qəlbi dağlılar bəşər tarixi boyunca uzanan bir hərəkət və əbədiyyət ucalığı qədər fəryad karvanına bənzəyirdi. Bunlar ən böyük, ən ilahi bir qiyamın müjdəçiləridirlər. Onun dəyəri Allahın ən yaxşı məxluq və vəfalı dostlarının qanı ilə verilibdir. Bu karvanın rəhbəri imam Səccaddan (ə) sonra, Peyğəmbərin xanədanından olan böyük bir qadındır ki, dağlar onun möhkəmliyi qarşısında heyrətə gəlir. O, Əlinin rəşid qızı və Fatimənin elmli övladıdır ki, Bəni Üməyyənin zülm və cinayət saraylarını bir-birinə vurub alt-üst edir. O, Zeynəbdir ki, öz İmamının fərmanı ilə Fatimənin əzizlərindən ibarət karvana böyüklük edir və ən böyük müsibətlərə dözdükdən sonra, İmam Hüseyn (ə) və onun fədakar dostlarının qanlı xəbərini insanların qulağına yetirir.