Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Allah yoluna yardım sayəsində qeybi köməklər

Bu gün İslam cəmiyyətində başqa dövrlərdən daha çox ilahi və qeybi yardımlardan danışılır. Xüsusilə haqqın batil əleyhinə savaşında mücahidlər başqalarından daha çox bu qeybi yardımları hiss etmişlər.
Quran və “Nəhcül-bəlağə”də ilahi və qeybi yardımlara çatmaq üçün müəyyən şərtlər bəyan olunur:

“(Qeybdən faydalanar) Sübhan Allaha əli və dili ilə yardım edən. Çünki Allah Ona yardım edib əziz tutana yardım göstərməyi və əziz tutmağı öhdəsinə götürmüşdür. Ona əmr edər ki, öz nəfsini azğın istəklərin tərki ilə sındırsın, azğınlıq etdiyi vaxt cilovunu çəksin. Nəfs daim pisliyə çağırır. Yalnız Allahın mərhəmət nazil etdiyi nəfs istisnadır.”

Deyilənlərdən tam aydın olur ki, əgər insan özünü tanımaq və özünü tapmaq, insanların hidayəti və cəmiyyətin islahı üçün hətta kiçik bir addım atarsa, əslində Allaha yardım sorağınca getmiş olur. İndi baxaq görək, Allaha necə və hansı yollarla yardım edə bilərik? Həzrət Əlinin (ə) Malik Əştərə xitabına əsasən, üç yolla uyğun məqsədə çata bilərik: qəlblə yardım, əllə yardım, dillə yardım.

Qəlblə yardım
Qəlb vasitəsilə Allaha yardım etmək üçün hər şeydən öncə özünütərbiyə və nəfsin paklığına çalışmalıyıq. Bu istiqamətdə hərəkət edən insan özünü paklamaq üçün çalışmalıdır. Çünki Allaha qəlb vasitəsi ilə yardım daxili saflaşdırmaqdan, insanın özünə ilahi rəng vurmasından, fitrətə qayıdışdan ibarət insanlıq mərhələsinə çatmaqdan, aləmlərin Rəbbi qarşısında mütilik göstərib təslim olmaqdan fərqli bir şey deyil.
Beləcə, özünütərbiyədə ilk addım qəlb və ruhu düzgün etiqada hazırlamaq, ilahi hökm və qanunlara möhkəm iman əldə etməkdir. Başqa sözlə, öz qəlbi ilə Allaha yardım fikrinə düşən insan çalışmalıdır ki, qəlbində kamil etiqad və xalis iman üçün zəmin hazırlasın. Bu yol elə bir eşq, iman, ixlasla adlanmalıdır ki, hər gün insanın etiqadı daha da kamilləşsin. Nəhayət, insanın hər günü onun əvvəlki günündən bir addım öndə olur, etiqad və imanı daha da dərinləşir. Beləcə, insan bir nöqtəyə çatır ki, tutduğu yolda növbəti addımlar atmaq üçün güc tapır, mərhələ-mərhələ daha yeni və daha təsirli addımlara müvəffəq olur.

Əl ilə yardım
Həzrət Əlinin (ə) dəyərli buyuruğunda Allaha əl ilə yardım məsələsi bəyan olunarkən əslində əl yox, qüdrət nəzərdə tutulur. Belə bir təşbehlə Qurani-kərimdə də rastlaşırıq: “Allahın əli bütün əllərin fövqündədir”, yəni Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir. Heç bir qüdrətdə ilahi qüdrətlə qarşılaşmaq imkanı yoxdur. Ürfi (el arası) danışıqlarda da çox vaxt “əl” sözü “qüdrət” mənasını bildirir. Məsələn, deyirlər ki, filankəsin əlindən bir iş gəlmir. Yəni filankəsin bir iş görməyə qüdrəti yoxdur. Bəzən deyirlər: “Zəmanənin əli zalımdan məzlumun intiqamını aldı.” Hər iki cümlədə “əl” sözü qüdrət və güc mənasını bildirir.
Deyilənlərə əsasən, həzrət mövlanın Malik Əştərə buyuruğundakı “Allaha yardım” ifadəsinin həqiqi mənası anlaşılır. Nəzərdə tutulur ki, Malik (həm də xitab tərəfi olaraq biz) Allaha yardım yolunda var qüvvəsi ilə çalışmalı, ilahi hökm və qanunların həyata keçməsi üçün bütün gücündən istifadə etməli, hamını İslamın müqəddəs hədəflərinə sövq etməlidir.

Dil ilə yardım
Bu günkü dünyamızda təbliğatın aparıcı rolunu kimsə inkar etmir. Təbliğ silahı istənilən bir silahdan təsirli və güclüdür. Ən mühüm təbliğ vasitəsi insanın dilidir. Bu təsirli və güclü vasitə hansı istiqamətdə fəaliyyət göstərməsindən asılı olaraq öz rolunu müəyyənləşdirir. Əgər insanın, xüsusi ilə bəyan qüdrəti və təsirli nitqi olan fərdin dili bəşər düşüncəsini azdırmağa xidmət edirsə, azdırıcı təbliğat vasitəsinə çevrilir. Allah və Allah hökmlərinin təbliğinə xidmət edən dil, daha doğrusu, dildən bu yolda istifadə edən insan əslində Allaha yardım etmiş olur.


5611 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP