Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2014

Tarixin böyük yalanları

Yer üzündə əksər fəsadların, dini müharibələrin, zorakılıqların kökü üç böyük tarixi yalandadır. Bu yalanlar İsmailin yox, İshaqın qurban verilməsi, İsanın son peyğəmbər olması, onun çarmıxa çəkilməsi iddialarıdır.

Məşriq İnformasiya Agentliyi Qurban bayramı münasibəti ilə bir sıra mövzulara nəzər salıb və bu mövzu da həmin sıradadır. Bəli, bir çox böyük fitnələrin kökünü 3 min il əvvələ gedən yalanlarda axtarmaq lazımdır.

***

Bütün peyğəmbərlər vilayət, hakimiyyət məqamı olan son peyğəmbərin gəlişi barədə müjdə veriblər. Bu peyğəmbərin şan-şöhrəti o qədər böyük olub ki, bütün dünya xalqları onu öz aralarında görmək istəyiblər. Yəhudi qövmü də bu arzu ilə yaşayıb. Təəssüf ki, onlar öz arzularına çatmaq üçün müqəddəs kitabları olan Tövratı təhrif ediblər. Onlar qurban verilmə əmri İsmail haqqında gəldiyi halda həmin şəxsin İshaq olduğunu iddia ediblər. Özləri İshaq soyundan olduğu üçün bu şərəfi özlərinə aid etmək istəyiblər. Həzrət İbrahim qurbanlıq əhvalatından alnı açıq çıxdıqdan sonra müjdə verildi ki, son peyğəmbər qurbanlıq övladın nəslindən olacaq (bax: Yaranış Kitabı, 18/22) Yəhudilər İshaq nəslindən Yəqub övladlarından ölduqları üçün İshaqın qurban verilməsi üzərində dayandılar. Əslində onlar bu təhriflə özləri və nəsillərini azdırdılar. Təhrif olunmuş Tövrata istinad edənlər bu yanlışlığa düçar oldular. Həzrət İbrahimin bəşər tarixində yeri ucadır. Yəhudilər, məsihilər və müsəlmanlar həzrət İbrahimə yaxınlığı əsas etiqadlardan sayırlar (bax: Ali-İmran, 65-68; Əşiya, 2/51; Luqa İncili 8/3; Yuhanna, 39/8).
Həzrət İbrahim Kəldani qövmündə, Babil şəhəri yaxınlığında (hazırda Bağdadın 90 km cənubunda Hillə) dünyaya göz açıb. Quran buyuruğuna əsasən, atası Azər bütyonan olub. (Ənam, 74). İbrahim müəllimsiz, öz düşüncəsi ilə anlayıb ki, bütlər Allah ola bilməz. Buna görə də yeniyetmə dövründə qövmünün bütpərəstləri ilə mübarizə aparıb. Quran nəql edir ki, gənclik dövründə İbrahim qövmünün bütlərini sındırdı (bax: Ənbiya, 60). Nəmrud onu yandırmaq istədi. Amma Allah-taala onu xilas etdi, Quran və tövratın buyuruğuna əsasən peyğəmbərliyə çatdırdı və atasının evindən bərəkətli Fələstin torpaqlarına köçürdü (bax: Ənbiya, 71; Ənkəbut 26; Tövrat, yaranış kitabı 1\12). Ona müjdə verildi ki, vəd olunmuş peyğəmbər onun nəslindən çıxacaq (bax: Bəqərə 124, 133; İbrahim, 35-37; Həcc, 78; Tövrat, yaranış kitabı 3\12, 16\13, 18\22). Qardaşı oğlu həzrət Lut da İbrahimlə birlikdə köçdü (bax: Ənbiya, 71, Ənkəbur, 26, Tövrat, yaranış kitabı, 5\12, 1\13). Allah-taala Lutu da peyğəmbərliyə seçdi, ona Sədumm qövmü arasında məskən verdi.
Tövratın nəqlinə əsasən bir müddət sonra məlum oldu ki, İbrahimin zövcəsi Sara sonsuzdur (bax: Tövrat, yaranış kitabı, 30\11, 1\16). Bu səbəbdən Sara övlad sahibi ola bilmirdi. Illər ötdü, həzrət İbrahim 86 yaşına çatdı. Övladsız olması ilə bağlı Allahla minacat etdi. Tövrat nəql edir ki, Allah ona evdən çıxıb ulduzlara baxmasını əmr etdi. Buyurdu ki, sənin nəslin bu ulduzlar kimi saysız olacaq (bax: Yaranış kitabı, 4\15). Bu əhvalat hazırkı Tövratda düzgün qələmə alınmayıb. Təlmuddakı macəraya əsasən həzrət İbrahim nücum elmini bilirdi və ulduzlara baxanda övlad nişanəsi görmədi (bax: Şəbat, 154). Aydın məsələdir ki, həzrət İbrahimin gördüyü nişanə zövcəsi Saraya aid idi. Təlmudda bu məsələ dəqiqliklə yazılmır. Tövrat isə nəql edir ki, Sara bu söhbətdən sonra Misirdən gətirdiyi kəniz Hacəri İbrahimlə evləndirdi (bax: Yaranış, 2\16). Bir müddət sonra Hacərdən İsmail dünyaya gəldi. İlk övlad İbrahimin gözünü işıqlandırdı.
İsmailin iki yaşı olanda İbrahimə əmr olundu ki, Hacər və körpəsini Hicaza aparsın, özü Fələstinə qayıtsın. Allahın əmri buna görə idi ki, Hicazda İsmaildən ərəb qövmü yaranmalı idi. Bu səbəbdən İsmailin künyəsi “Əbül-ərəbdir”. İbrahim Allahın əmrini yerinə yetirdi. Hazırkı Tövratda İbrahimin səhrada qoyduğu oğluna duası yer alıb (bax: Yaranış kitabı 18\17). Hacər və İsmailin susuzluq əhvalatı İslam rəvayətlərindəkindən azca fərqlə Tövratda nəql olunub (bax: Yaranış kitabı, 21).
İbrahim İsmail və Hacəri görmək üçün tez-tez Hicaza gedirdi. Allah onu bu sevgi məşəqqətindən qurtarmaq üçün övladını qurban kəsməyi əmr etdi. İbrahim övladına sevgisindən şirk təhlükəsi ilə üzləşirdi. O, Allahın əmrinə tabe oldu. Amma İsmailin başını kəsmək istəyəndə bıçaq kəsmədi. Allah elə bu məqamda İbrahimin qurbanlıq niyyətini qəbul etdi. İbrahim övlad sevgisinə qalib gəlməklə Allah əmrinə hazır olduğundan qəlbindəki xoşagəlməz bağlılıq aradan qalxmışdı. Artıq övladını qurban verməyə ehtiyac yox idi. Hazırkı tövrat bu məsələ ilə bağlı deyir ki, Allah ona övladını qaytardı.
Allah-taala İbrahimin fədakar addımını dəyərləndirdi. Quran və Tövrat nəql edir ki, bir gün üç mömin onun qonağı oldu. Ibrahim onlar üçün buzov kəsdi. Sonra başa düşdü ki, gələnlər adi qonaq deyil, Cəbrail, Mikail və İsrafildir. Onlar İbrahimi Saradan olacaq övladla müjdələdilər (bax: Hud, 71; Hicr, 53; Ənkəbut, 31; Zariyyat, 28; Tövrat, yaranış kitabı, 10\18).
Tövrat nəql edir ki, həmin vaxt Saranın 90 yaşı olardı. O eşitdiyi sözlərə güldü və mələklərin sözünü zarafat saydı (bax: Yaranış kitabı, 20\18). Mələklər Sara ilə görüşdülər (bax: Hud, 73; Zariyat, 30; Tövrat, yaranış kitabı 13\18). Dünyaya gələn uşağa İshaq adını verdilər. Bu sözü ərəb dilində “İzhaq”, sözü əvəz edir. Eyni söz ibricə Tövratda Yushaq kimi verilmişdir. Hazırkı Tövrata əsasən İsmail dünyaya gələndə İbrahimin 86 yaşı var idi. İshaq doğulanda isə İbrahim artıq 100 yaşa çatmışdı. Ənbiya surəsinin 72-ci ayəsində deyilir ki, mələklər İbrahimi İshaqın təvəllüdü ilə müjdələdilər. Burada İshaq oğlu Yəqubun da müjdəsi var idi. Yəni İbrahim nəvəsini görənə qədər uzun ömür sürəcəkdi.
Əgər Yəhudilərin və bugünkü Tövratın sözünü qəbul etsək, qurban verilən övlad İshaqdır. Bu zaman son peyğəmbər Yəqub nəslindən, yəni Bəni-İsraildən olmalıdır. Həzrət İshaqın Əysu adlı başqa oğlu da olub. Ədum qövmü ondan yaranıb. Amma bu qövm sonrakı əsrdə şər işlərinə görə məhv olub (bax: Əhdi-ətiq). Yəhudilər bu əqidədədir ki, vəd olunmuş peyğəmbər, onların sözü ilə Məsih hələ doğulmayıb və zühuru gözlənilir. Yəqubun 12 övladı arasında yəhudilər daha çox Davudun nəslinə ümid bağlayır. Hazırda Yəhud nəslindən üç qövm həyatdadır: Lavi, Yəhuda və Benyamin. Qalanları Lut, Ad, Səmud qövmü kimi məhv olub.
İslam dininin buyuruqlarını qəbul etsək Qurban verilən övlad İsmaildir. Bu zaman İslam peyğəmbəri vəd olunmuş peyğəmbər sayılır. Həzrət özü buyurur ki, mən zibhə (qurbana) aparılanların oğluyam. İmam Sadiq (ə) buyurur ki, zibhə aparılan iki nəfər İsmail və Abdullah ibn Əbdülmütəllibdir. Onlar Allahın lütfü ilə nicat tapdılar. Bu baxımdan yəhudilər və məsihilər İslam peyğəmbərinə iman gətirməlidirlər. Qeyd edək ki, yer üzündəki bütün müharibə və qırğınların kökü məhz İslam peyğəmbərinin qəbul olunmamasındadır. Əgər yəhudilər İsmaili qurbanlıq saymaqla peyğəmbərə iman gətirsəydilər dünya və axirətdə xoşbəxt olardılar, yer üzünə əmin-amanlıq hakim olardı. Yəhudilər ilkin İslam dövründə Məkkə müşriklərinə fitnəkarlığı öyrətdilər. Əgər peyğəmbərin rehlətindən sonra həzrət Əliyə (ə) beyət edilsəydi İslam dünyaya yayılar. fitnə aradan qalxardı. Xilafət həqiqi sahibinin əlinə verilsəydi, Həzrət Əlidən (ə) sonra onun hər övladı iş başına gələr, qiyamətə qədər bu hökümət davam edərdi. Bu halda 12-ci İmamın qeybi baş verməz, həzrət Əlinin (ə) öz dövründə insanlar zühur nemətinə çatardı. Hətta kufəlilər İmam Hüseynə (ə) beyətlərini pozmasaydılar bir qədər təxirlə həqiqi xilafət bərpa olardı.
Qeyd edək ki, 12-ci İmamın qeybi İslam dinində şəraitdən yaranan hadisədir. Peyğəmbərin həqiqi canişinləri vilayət haqqından məhrum edildiyi üçün qeyb hadisəsi baş verdi. Əgər bu gün dünya qəti qərara gəlsə ki, bəşəriyyətin problemlərdən yeganə qurtuluş yolu İmamın zühurudur, zühur baş verər. Vəd olunmuş peyğəmbərin İslam peyğəmbəri olmasına kifayət qədər dəlil var. Təlmud yəhudi alimlərinin yazdığı kitabdır. Bu kitabdakı məlumata əsasən vəd olunmuş peyğəmbər miladi təqvimlə 6-cı əsrdə gəlməli idi. Bu kitabda həmin peyğəmbərin ərəb torpaqlarından zühur edəcəyi bildirilir. Demək, peyğəmbərin gəlişindən 200 il əvvəl xüdpəsənd yəhudilər son peyğəmbər onların arasından çıxsın deyə Yəsrib məntəqəsinə köçdülər. Tövratda son peyğəmbərin 40 xüsusiyyəti sadalanıb. Bu səbəbdən Quran buyurur ki, onlar Məhəmmədi öz övladları kimi tanıyırlar (bax: Ənam, 20; Bəqərə, 146). Yəhudilərin gözləmədiyi yeganə şey bu idi ki, peyğəmbər ərəb qövmündən ola bilər. Hansı ki, hazırkı Tövrata görə həzrət Musa bəni-İsraili Misirdən çıxaranda onlara belə bir müjdə vermişdir. Buyurmuşdu ki, o sizin qardaşlarınız arasından çıxacaq. Xəbərdarlıq etmişdi ki, ona tabe olmayanı Allah cəzalandıracaq.
Məsihilər bu əqidədədir ki, son peyğəmbər İsadır. Yəhudilər isanın peyğəmbərliyini qəbul etmirlər. Onu yalançı sayırlar. Hazırkı incillərdə Məsihilərin öz etiqadlarına zidd nöqtələr var. Matta incilində həzrət İsanın kahinlərlə son peyğəmbər barəsində mübahisələrindən danışılır. Həzrət İsa mübahisələrdə sübut edirdi ki, son peyğəmbər Davud nəslindən deyil. Demək, İsa özünü də son peyğəmbər saymırdı. Çünki özü də Davud nəslindən idi. Əhdi-ətiqdə sadalanan xüsusiyyətlər onda yox idi. Bu xüsusiyyətlər sırasında son peyğəmbərin müəllimdən dərs almaması, İbrahim nəslindən olması Qurban verilən nəslinə aid olması, şəriət sahibi olması, hökumət təşkil edəcəyi, ailə-övlad sahibi olması, canişinlərə malik olması yer almışdır.
Pavlos həzrət İsadan sonra onu son peyğəmbər kimi təqdim edən şəxsdir. Əhdi-cədid məcmuəsində bu hadisələrdən danışılır. Pavlos ilk dəfə Dəməşqdə bu iddia ilə çıxış etdi. O, Yunan və Rumda eyni təbliğatı aparırdı. İsanın sədaqətli həvarilərindən fərqli olaraq Pavlos İsanın çarmıxa çəkilməsi hadisəsini uydurdu. Burada təzad vardı. Qalib gəlməli olan peyğəmbər dara çəkilə bilməzdi. Pavlos özü də İsanın dara çəkilməklə lənətə düçar olduğunu bildirirdi. Bunu belə izah edirdi ki, İsa bizi lənətdən qurtarmaq üçün lənətləri öz üzərinə götürdü. Hazırkı Məsihiliyin banisi olan Pavlosun İsa təlimlərindən uzaqlığı, azğın yol tutması aydın həqiqətlərdəndir.
Bəli, yuxarıda qeyd olunan üç böyük yalan yer üzündəki fitnələrin mənbəyi oldu. Qurbanlığa aparılan İshaq yox, İsmail olub. Son peyğəmbər İsa yox, Həzrət Məhəmməddir. İsa çarmıxa çəkilməyib.
Hazırkı Tövratda İbrahimin Allaha nə üçün yaxın olması. Nə üçün Fələstinə köçürülməsi barədə danışılmır. Amma Tövratın 5-ci kitabında həzrət Musadan nəql olunur ki, həzrət Musa öz qövmünə xəbərdarlıq etdi. Buyurdu ki, ədalətli və xeyirxah olduğunuz üçün bu torpağa gətirildiyinizi düşünməyin. Onların nəzərinə çatdırdı ki, bu torpağa gəlişlərinin səbəbi İbrahim, İshaq, Yəqub kimi atalarının yaxşılığıdır.
İbrahimi Allahın yanında uca məqama çatdıran onun bütləri qırması oldu. Hazırkı Tövratda İbrahimin bütləri qırmasından, onun Nəmrudla mübahisələrindən, Nəmrudun onu oda atmasından söz açılmır. Hansı ki, bütün bunlar Təlmudda yer alıb. Bəli, bu gün ki, yəhudi alimləri həzrət İbrahimin bütqıranlığını Tövratdan çıxarıblar. Quran isə Təlmuddakı həqiqətləri təsdiqləyir.
Quran və Tövratda İbrahimin xəlilullah məqamı yad olunur. Bundan əlavə Quranda İbrahimin imam məqamı təsdiqlənir (bax: Bəqərə, 124). Həzrət İbrahimin adı Quranda 69 dəfə qeyd olunub. Qurana əsasən İslam peyğəmbəri İbrahim şəriətinin davamçısı olmalıdır (bax: nəhl, 123; Ali-İmran, 95; Nisa, 125; Bəqərə, 130, 135, 136; Ali-İmran, 65, 67, 68, 84; Şura, 13).

Nur-az.com


7423 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP