28 Dekabr 2023

Şıdırğı prezident seçkiləri olacaq

Allah şahiddir ki, tam səmimi sözümdür. Dərdli qəmli Azərbaycan insanı üçün psixoloji cəhətdən Azərbaycanda bir müddət sonra keçiriləcək növbədənkənar prezident seçkiləri şousu əməlli başlı qazanc gətirən iş olacaq. Onsuz da min cür problemin içində məhv olub gedən əhali özünün maddi mənəvi durumu kimi psixoloji vəziyyətini də dəyişmək, yaxşılaşdırmaq üçün sərf etməyə pulu yoxdur. Bu seçkilər ölkə əhalisi üçün seçki, dəyişiklik, demokratiya baxımından bir fayda gətirməsə də psixoloji cəhətdən faydalı ola bilər. Təsəvvür edin ki, hansısa bahalı psixoloq yanına getmək əvəzinə otur evdə və seçki xəbərlərini izlə. Onsuz da Azərbaycan telekanalizasiyasında baxımlı heç nə yoxdur. İşdən evə gələndə ver özünü internetə gör nə var nə yox. Şəxsən mən xəbərlər içrə növbədənkənar seçkilərlə bağlı olan xəbərlərdən ötrü xəbər lentini izləyirəm.

Deməli indiyədək müstəqil Azərbaycan prezident seçkisi tarixində hamı bilir ki, azad, şəffaf, demokratik seçki cəmisi bir dəfə olub onda da düz əməlli adam olmadığı üçün Elçibəy prezident seçilib. Daha sonra hazırkı hakimiyyət meydana çıxıb və bu günə qədər nəinki seçkilər, ümumiyyətlə ölkədə demokratiya olmayıb.

Müxalifət də bir birini qıra qıra, müəyyən zamanlarda bloklar, birliklər yaradıb dağıla dağıla bir müddət iştirak ediblər, daha sonra boykot ediblər. Sonuncu dəfə də 2013-cü ildə ölkədə Milli Şura şəklində müxalifət seçkilərə qoşulmuşdu deyə bir az seçki ab havası yaşandı. Ondan sonrası da heç nə.
Xəbərdə deyilir ki, seçkilərdə iştirak etmək üçün 16 nəfər müraciət edib. Bunların 7-si qeydiyyata alınıb 9-nun işinə isə hələ də baxılır. Adam bu sətirləri oxuyanda gülməmək əldə deyil. Güya ki, Azərbaycanda güclü bir seçki gedir, demokratik mühit var. Güya bu məsələlər ciddi nəzarət altındadır, indi bircə namizədlik verən şəxslərin şəxsiyyətinə baxılır ki, görəsən yararlıdır yoxsa yox.

Müxalifət seçkiləri boykot edir. Çünki ölkədə seçki mühiti, demokratiya filan yoxdur. Amma bizdə müxalifətdən əlavə bir də müxalif ətlər olduğu üçün onlar da seçkilərə gedirlər. Ad olsun ki, ölkədə müxalifət var və seçkiyə gedir. 2013-cü ildə olduğu kimi onaları ora çıxaranlar onlara bir faizdən az səs verəcəklər. Amma bu dəfə müxalifət zad yoxdur ki, balıqdan, malıqdan çıxarsın qabaqlarına. Heç olmasa əvvəllər Milli Şuraya hücum etmək üçün 7-8 dənə müxalif ət tapıb çıxartmışdılar. İndi o da yoxdur.
Birinci yeri boşla, heç olmasa ikinci yeri kimin tutması həyacanı ilə seçkilərə baxmağın da başqa ləzzəti var. Özü də bu dəfə ötən seçkilərdəki cib müxalifəti olan özündən razı Nurullayevdən, haqdan dönüb qaçmaq üçün barmağının kəsilməsinə ehtiyac olmayan Zahid Orucdan, xalqın sevgisini qazanmağa qüdrəti olmayan Həsənquliyevdən əlavə "Kurtlar vadisi - İran planı" filminin baş qəhrəmanı Fazil Qəzənfəroğlu da iştirak edəcək. Qalan namizədləri nə mən deyim, nə sən tanı. Çünki tanınan adamlar deyillər. Nə isə hu seçkilər şıdırğı olacaq. Mütləq izləyin, əldən verməyin.

Hə onu da deyim ki, bu günkü seçkinin mövzusu da məlumdur. Qarabağın azalığı mövzusu ortalığa atılacaq, özlərini yandıran qaziləri qalacaq bir qıraqda başlayacaqlar hakimiyyəti tərif etməyə. Əksəriyyətinin də Rusiyanı, Putini görən gözləri yoxdur. Putini hətta Paşinyanı devirmək üçün Qarabağ müharibəsinə icazə verməsini də həqiqətə uyğun hesab etmirlər. Onlar üçün bir həqiqət var o da hakimiyyətə yalaqlanmaq üçün seçkilərin gözəl fürsət olması həqiqəti.


2211 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP