09 Dekabr 2023

Azərbaycanda seçki zəlzələsi

Dekabr ayının 7-də yayılan iki xəbərə baxın. Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək və Bakıda zəlzələ baş verib.

Azərbaycan xalqının doğrudan da bəxti yoxdur. Bu xalqı boş yerə lazımsız xəbərlərlə narahat edirlər. Məgər bu xalqa seçki lazımdır? Kimə lazımdır axı prezident seçkiləri? Ümumiyyətlə kimdir gedib səs verən? Kimdir bu xalqdan səs istəyən axı? Vallah tam səmimi sözümdür. Bir xalq ki, prezident seçkilərinə televizorda balıq Hafizə baxmaq üçün, cib müxalifət nümayəndələrinin yığılıb onları ora çıxardanlara yalaqlıq etmələrinə baxıb gülmək üçün maraq göstərirsə bu xalqın prezident seçkisi nəyinə lazımdır?

Bir xalq ki, onsuz da indiki seçkilərdə on beş sonra da kimin prezident olacağını bilirsə bu xalq nə edir prezident seçkilərini? Bir xalqın ki, seçki məntəqələrində diriləri yox ölüləri gəlib səs verirsə o xalqın nəyinə lazımdır prezident seçkiləri?

Hə burda dayanmaq lazımdır. Mən də hey oturub düşünürdüm ki, görəsən bizdə prezident seçkisi başda olmaqla ümumilikdə seçkilərin nə faydası var? Çünki deyilənə görə hər işdə bir xeyir olur. Hətta müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur ki, ola bilər ki, sizin bir şeydən xoşunuz gəlmir amma o sizin xeyrinizədir. Mütləq Azərbaycanda keçirilən prezident seçkisinin bir və ya bir neçə faydası olmaldır. Mən bir faydasını tapdım. Deməli hansısa andıra qalmış seçkilərdən biri idi. Bir nəfər səs küy salıb seçkilərə nəzarət edən şəxsə deyir ki, filankəsov filankəsin adından səs vermisiz o ölüb axı. Nəzarətçi də deyir ki, ay qardaş, o sənə görə ölüdür, bizə görə diridir, gəlib səs verib.

Hə Kərəmi burda ağlamaq tutur. Elə analoqu olmamaq da buna deyirlər də. Təsəvvür edin ki, Azərbaycan dünyada yeganə dövlətdir ki, dirilərində səs verməyə həvəs yoxdu amma ölülər gəlib səs verir. Fayda da ondan ibarətdir ki, hər kəs gəlib seçki zamanı ölüsünü tapa, bir-iki kəlmə söhbətləşə bilər.

Mustafa müəllim demişkən hələ bu barədə Şəkidə lətifə də var. Deyir bir nəfər gəlib seçki məntəqəsinə, işçiyə deyir ki, zəhmət olmasa siyahıya baxın görün filankəsova filankəs gəlib səs verib burda? Deyirlər ki bəli səs verib. Deyir çox təəssüf. Deyirlər ay qardaş nə olub ki, niyə təəssüf hissi keçirirsiz ki? Kişi də eləmə təmbəllik, deyib ki, bu şəxs mənim həyat yoldaşımdır. Beş il əvvəl rəhmətə gedib. Mən isə hər dəfə seçki olanda gəlib onu burda görmək istəyirəm, amma bu dəfə də onu gəlib görə bilmədim.

Gələk zəlzələyə. Deməli, Azərbaycan xalqında seçki elanı zərrə qədər tərpəniş yaratmadığı üçün yer özü dözməyib və tərpənməyə başlayıb.

Burda isə Bəhlul Danəndənin hekayəsi yada düşür. Deyir bir gün zəmanəsinin zalım şahı Harun Rəşid camaatı yığıb deyir ki, ay camaat görürsüz, bütün ölkələrə vəba, taun, covid 18 xəstəliyi yayılsa da bizdə heç nə olmayıb. Siz buna görə mənə borclu və minnətdarsınız. Bəhlul Danəndə də deyib ki, səncə Allah insafsızdı ki sənin kimi bir bəla bizdə ola ola ikinci bəlanı da yollasın?

Hə dostlar, zatən Azərbaycanda xalqın pak təbəqəsi olan dindarları və ruhaniləri sionist israilə görə, İrana gücü çatmadığı üçün şərləyib həbs etdirən zalım bir hakimiyyət var. Onsuz da Azərbaycanda müharibə qazisinin intiharına səbəb olan hakimiyyət var. Onsuz da Azərbaycanda xalqı səfalət içində yaşatdığı halda məmurları kef edən hakimiyyət var. Onsuz da Azərbaycanda xirtdəyə qədər rüşvətə, ədalətsizliyə bulaşmış bir hakimiyyət var. Belə olan halda zəlzələdən zaddan qorxmayın. Yer tərpənər amma heç zad olmaz. Bir bəla bəsdir.


1204 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP