29 Avqust 2023

Əjdaha Tahir və xalqın gözü

Bir vaxtlar əlində əjdaha oyuncaqla çıxıb onu sevməyənləri hədələyən və sosial şəbəkələrdə məşhurlaşan deputat Tahir Kərimli qəribə açıqlama verib. O deyib ki, Azərbaycanda otuz yaşından yuxarı evlənməyən insanlar vergiyə cəlb olunsun.

Əslində yazıq əjdaha (əjdahadan yazıq olar? Olar, olar, biz analoqu olmayan ölkəyik, biz də hər şey olur) Tahir müəllim belə bir söz deməyib. Müsavat qəzetinə müsahibəsində də bunu açıqca bildirərək belə deyir: "Sosial mediada məlumat yayılıb ki, guya 30 yaşdan yuxarı evlənməyən şəxslərin vergiyə cəlb olunmasını təklif etmişəm. Əvvəllər Türkiyədə belə təklif olmuşdu, Azərbaycanda da əvvəllər “subaylıq vergisi” vardı. Mən isə belə təklif verməmişəm, hətta bunun mümkün olmadığını bildirmişəm. Məni xalqın gözündən salmaq istəyirlər, xahiş edirəm, inanmayın."

Gördüyünüz kimi yazıq əjdaha müəyyən belə bir söz deməyib. Bəs niyə camaat belə düşünür? Niyə sosial media belə düşünür? Cavab çox sadədir. Bizim insanlar Tahir müəllim kimi söz əjdahalarının əlindən boğaza yığılıb. Bu deputatlar o qədər lazımsız, dəyərsiz, fərsiz, xalq üçün iş görməyən məxluqlara çevrilib ki, artıq xalq harda pis bir şey görür, deyir yəqin hansısa deputatın çərənləməsidir. Hətta yazıq vətəndaş yatıb yuxuda görsə ki, doğrudan da belə bir hadisə baş verib, deputatlar belə iş görüblər, o adam yuxudan oyanıb düşəcək sosial şəbəkələrin canına. O sayt sənin, bu sayt mənim, görək doğrudan da belə bir hadisə baş verib yoxsa yox?

Yaxşı bildik ki, ölkədə əndirabadi qərarlar olanda ilk ağla gələn deputatlar olur, bəs yaxşı niyə görə 125 deputat içindən məhz bu xəbər Tahir Kərimlinin barəsində yayılıb? Bu barədə əlimizdə məlumat yoxdur. Kaş ki, əjdaha müəllim özü bu haqda da bir iki kəlmə danışardı. Amma ola bilər ki, bu təklif əjdaha təklif kimi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Əjdaha deyirlərkən də kim ağla gəlməlidir ki? Bir Nadir, bir Tahir. Xəbər də şou biznesə aid olmadığı üçün Nadir Qafarzadə ehtimalı çox zəifdir. Sıfıra bərabər. Odur ki, geriyə əjdaha Tahir qalır.

Sonda onu da deyək ki, əjdaha müəllim müsahibəsinin sonunda deyir ki, məni xalqın gözündən salmağa çalışırlar. Əgər doğrudan da əjdaha müəllim xalqın gözündə hələ də özünü dəyərli, hörmətli insan sayırsa onda yaşamağa dəyər.


1693 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP