10 Avqust 2023

Bizim ölkədə tətbiq olunmalı

Özbəkistanda bir hadisə baş verib. Olsun, yaxşı hadisədir. Amma bizim ölkədə də tətbiq olunmalıdır. Özbəkistanda polislər üçün nəzərdə tutulub, amma bizdə ən yuxarıda oturandan tutmuş ən kiçik məmura qədər hamısına tətbiq edilməlidir.

Hadisə bundan ibarətdir ki, əkələrin diyarında polislər Qurana əl basıb and içirlər ki, bir də rüşvət almayacağıq. Nə gözəl? Bizdə isə bütün məmurlar belə etməlidirlər. Hansısa məmur doğrudan da rüşvət almırsa onun üçün də faydalıdır. Amma Azərbaycanda hansısa məmurun rüşvət almamasına görəsən neçə nəfər inanar? Üstəlik Azərbaycanda bunu kim edəcək? Hansı əllərin paklığına inanaq ki? Kim o müqəddəs Quranı gətirib məmurların qabağına qoyacaq və deyəcək ki, haydı kişi olun, Qurana əl basın və tövbə edin. Elə bir pak dövlət məmuru tapmaq olarmı ki, napak məmurlar üzərində belə bir işi tətbiq eləsin? Qayıdıb ona deməzlər ki, adə bir özün riayət elə sonra bizdən tələb elə?

Əslində isə Qurana əl basmaq da lazım deyil. Məgər Saakaşvili Quran tanıyırdı? Qurana əl basırdı? Əsla, özünün dediyi kimidir. Mən almadım, məmurlar da almadı.

Yəqin ki, bu sətirləri oxuyan bir çox ata ananın yadına öz oğullarının Qurana əl basdırmaq ayini düşəcək. Nə çox valideyn oğluna siqareti, arağı tərkizmək üçün Qurana əl basdırıb. Daha doğrusu Quranı yox başqa kitabı dəsmala büküb gətirib uşağın qabağına qoyub. Çünki bilir ki, uşaq ar tutan deyil. Yazıq valideynlər də qorxurlar ki, uşaq birdən pis işləri tərk eləməz, türklər demişkən Quran çarpar onu.

Amma Azərbaycanda məmurlara həqiqi Quran verib əl basdırmaq lazımdır. Əgər tərkidsələr nə gözəl. Tərkidməsələr də bir bir qırılarlar xalqın da canı bu rüşvətxor tayfadan birdəfəlik qurtular da.

Amma yaddan çıxmayacaq bir məsələ var. Qurana da hər adam əl basmır a. Qurana əl basmaq üçün əvvəlcə gərək Qurana hörmət qoyasan, açıb oxuyasan, əməl edəsən. Yəni Quran əhli olasan. Bunun üçün də ruhanilərə icazə verilməlidir ki, Qurandan danışsınlar. İnsanlara ilahi mesajları bəyan etsinlər. Bundan ötrü də ruhani həbsdə deyil dövlət idarələrində oturmalıdır. Xüsusi şöbə yaradılmalı, ruhanilər cəlb edilməli və əli əyri məmurlara saflıqdan dürüstlükdən danışmalıdırlar. Əfsus ki bizdə ruhanilər həbsdədir. Yalandan casusluq və narkamanlıqda ittiham edib, şərləyib atıblar içəri. Həqiqi narkomanlar isə çöldə damara işləyir. Onları niyə tutmurlar? Çünki onların bir çoxu (satanlar) polislərə işləyir. Onlardan alıb xalqın balalarına satırlar. Allah lənət eləsin.


1518 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP