Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

Əməllərin hadisələrlə rabitəsi

(Təfsirul-Mizandan)

Günahın təsirlərindən biri də günahların bu aləmdə baş verən hadisələrlə rabitəsinin olması ilə bağlıdır. Bu məsələ Quran və rəvayətlərimizdə açıq-aşkarcasına təsdiq olunub. İslamın böyük Peyğəmbəri buyurur: “Ey Əli (ə)! Bir çubuqdan insana toxunan tikan və hər bir ayaq büdrəməsi insanın etdiyi günahın nəticəsidir.” (“Məcməul-bəyan)

Demək, insanın əməlləri ilə baş verən hadisələr arasında rabitə var. Əlbəttə əməllər dedikdə məqsədimiz savab və günah adlandırılan xarici hərəkətlər və sükunətlərdir. Bu barədə bəzi ayələrə diqqət yetirin:

"Başınıza gələn müsibətlərin səbəbi öz əllərinizlə gördüyünüz işlərə görədir. Əlbəttə Allah (səvhlərinizin) çoxundan keçir.” (“ Şura”, 30)

Başqa bir yerdə buyurulur: “Şübhəsiz Allah, bir qövm öz vəziyyətini dəyişməyənədək onların vəziyyətini dəyişməz və əgər Allah bir qövm üçün pislik istəsə, artıq qayıdış yolu olmaz.” (“Rəd”, 12) Bu ayələrin zahiri göstərir ki, hadisələrlə əməllər arasında müəyyən qədər rabitə var. Xeyir əməllər ilə xeyirli hadisələr, pis əməllərlə pis hadisələr arasında! Uca Allahın kitabındakı bir neçə ayə bunu qətiləşdirir. Bu ayələr uyğun rabitənin varlığını açıq-aşkarcasına təsdiqləyir. Ayələrdən biri belədir: “Əgər şəhərlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, biz səmadan onlara bərəkətlər (bərəkət qapıları) açardıq, lakin inkar etdilər və biz bu əməllərinə uyğunonlar ilə davrandıq.” (bax: “Əraf”, 45)

Digər ayə isə belədir: “Quruda və yaşda fəsad yarandı, bu insanların öz əlləri ilə etdiyi əməllərin nəticəsidir. Ona görə ki, Allah onlara etdiklərinin bəzilərini daddırsın, bəlkə qayıdalar.” (“Rum”, 41) Məlum olur ki, aləmdə baş verən hadisələr müəyyən həddə insanların, xalqın əməlinə bağlıdır, əgər xalq Allahın razılığına uyğun əməl etsə, ona itaət etsələr, bu xeyir-bərəkətin nazil olmasına və xeyir qapılarının açılmasına səbəb olacaq. Yox əgər bəşəriyyət ibadət yolundan uzaqlaşsa, zəlalət və fəsada yönəlsələr, pis əməllərlə məşğul olsalar, bu halda quruda və yaşda fəsadın zahir olmasını, ümmətlərin həlakını, təhlükəsizliyin yox olmasını, zülmün yayılmasını, müharibələri və bədbəxtlikləri gözləmək lazım. Həmçinin sel, zəlzələ, ildırım, tufan və bu kimi bədbəxt hadisələrin də sorağlarına gələcəyindən qorxmalıdırlar. Uca Allah misal üçün Nuhun

tufanı, Səmudun şimşəyi və digər təbiət hadisələrinə işarə edir. Bu hadisələr insanın düşünməsinə səbəb olur.

Odur ki, fəsada uğrayan ümmət şübhəsiz rəzilətlər və günahlara batacaq və uca Allah da onların etdiklərinin bir hissəsini onlara dadızdıracaq və bu onların məhvinə, süqutuna səbəb olacaq.

Bütün müsibətlər və çətinliklərin səbəbi günahdırmı?

Əgər uca Allah hansısa bir saleh ümmətə, yaxud şəxsə nemət əta edirsə bu nemət həm Allahın ona olan hədiyyəsi, həm də Allahın həmin şəxsi imtahana çəkmək üçün bir vasitəsidir.Necə ki, Süleyman peyğəmbərin dili ilə buyurulur: "Bu rəbbimin mənə olan fəzl və kərəmatidir. Bu yolla məni imtahan edir ki, şükür edəcəm, yoxsa küfr? Hər kəs şükür etsə, bu onun öz xeyirinədir və hər kəs küfr etsə, bilsinki, mənim rəbbim ehtiyacsız və kərimdir.” (“Nəml”, 40)

Bu və Qurandakı bəzi digər ayələr göstərir ki, şükür nemətə səbəb olan gözəl əməllərdəndir.

Əgər Allahın nemət əta etdiyi şəxs və ya qövm pis, zalım olarsa bu halda Allahın ona verdiyi nemət zahirdə nemətdir, əslində isə Allahın onu azğınlığa yuvarlaması üçün bir vasitədir. Bəlalar və müsibətlər qarşısında insanlar iki qismdir. Əgər sağlam və saleh əməl sahibi biri olsa, bu halda müsibətlər və çətinliklər onun üçün imtahandır və Allah bu vasitə ilə bəndələrini imtahana çəkir ki, xəbis pakdan ayrılsın, seçilsin. Necə ki, qızılın xalisini təmiz olmayanından ayırmaq üçün, ayırd etmək üçün onu məhək daşına vururlar.

Əgər müsibətlərə düçar olan qövm və yaxud fərd pis əməl sahibi, zalım insanlar olsalar, bu halda uyğun hadisələr, müsibətlər onların əməllərinə görə nazil olmuş əzab və cəzadır.

Günahın mənəviyyata pis təsirləri

Davamlı olaraq günah etmək qəlbin qaralmasına, ölməsinə və insanın insanlıqdan, heyvanlığa doğru dəyişməsinə səbəb olur. Həmçinin bu böyük günahlara gətirib çıxardır. Misal üçün ilk dəfə dilinə şərab vuran günahkar şəxs müsəlman olduğu üçün bir neçə damcı şərab içmək ona ağır gəlir, lakin ikinci dəfə bir qədər asanlaşır və bu işi təkrarladıqdan

sonra artıq bir neçə stəkan şərab içmək onun üçün su içməkdən də asan olur.

Bəli, günahı təkrarlamaq insan üçün günahları, hətta böyük günahları asanlaşdırır.

Qurani-kərimdə bu barədə bir çox ayələr var. O, cümlədən “Nəml” surəsinin 108-ci ayəsində buyurulub: “Kafirlər o şəxslərdirlər ki, Allah (çox günah etdikləri üçün) qəlblərini, qulaqlarını və gözlərini möhürləyib və həqiqi nadanlar onlardırlar.”

Digər bir ayədə buyurulur: “Onlar haqqdan üz çevirdikdə, Allah qəlblərini azğınlığa yönəltdi.” (“Səf”, 5)

Başqa bir yerdə buyurulur: “Sonra pis işlərə düçar olan şəxslərin aqibəti elə oldu ki, onlar Allahın ayələrini inkar etdilər və onu istehza etdilər.” (“Rum”, 10)

Tarixdə çox görünüb ki, bəzi üsyankar insanlar davamlı şəkildə günah və üsyan etdikləri üçün işləri o yerə gəlib çatıb ki, küfr ediblər, haqqı inkar ediblər və haqqı istehza ediblər. Bütün bunlar günahın pis təsirləridir. Bunun əksi də var: Xeyir işləri və ibadətləri davamlı şəkildə yerinə yetirdikdə bu qəlbin səfasına, ruhun daha çox nura qərq olmasına səbəb olur.

Bu barədə bir çox rəvayətlərdə deyilir ki, günah qəlbi xarab edir və günah səbəb olur ki, insan ibadətin ləzzətini duymasın, gözlərindən göz yaşları qurusun. Bizim dəyərli ustadımız Ayətullah Muctehidi Tehrani buyurudu ki, tələbələr! Əgər bir tikə haram çörək yesəniz, bundan sonra İmam Huseyin (ə) özü də gəlib haqq söz desə, onun sözlərinə qulaq asmayacağıq. Haram tikənin təsiri belədir! Günahların bundan başqa bir çox müxtəlif təsirləri var.

İmam Sadiq (ə) buyurur: Atam buyururdu: “Heç bir şey günah qədər qəlbi xarab etmir. Qəlb günah edir və günahı təkrarlayır, nəticədə ölür, tərsinə çevrilir. (Yəni elə bir hala düşür ki, artıq tövsiyə, nəsihət ona təsir etmir). (“Üsuli-kafi”, c.2, s.268)

İmam Baqir (ə) buyurur: “İnsanın başına gələn hər bir bədbəxtliyin səbəbi onun günahıdır. (“Üsuli-kafi”, c.2, s.269)

Günahın müxtəlif təsirləri

Ayə və rəvayətləri nəzər saldıqda müxtəlif günahların müxtəlif təsirləri olduğunu görürük. Hal-hazırda bunları geniş araşdırmaq üçün fürsət olmadığı üçün bu barədə qısa işarə edirik:

Günahın təsirləri: Qəlbin daşlaşması; nemətlərin kəsilməsi; duanın qəbul olmasının qarşısının alınması; insanın haqqı inkar etməsi; ruzinin kəsilməsi; gecə namazından məhrum olmaq; gecə və qəfil gələcək bəladan amanda qalmamaq; quraqlıq, yağışın kəsilməsi; evin xaraba qalması; qiyamətdə 100 illik məhbusluq; Allahın qəzəb və lənətinə düçar olmaq; əvvəllər görünməmiş bəlalar; peşmanlıq; pərdələrin yırtılması və rusvaylıq; ömrün qısalığı; zəlzələ; ümumi, kütləvi yoxsulluq; qəm-qüssə; xəstəlik; zalımların hökmranlığı; əməllərin batil olması. (bax: “Günahşunaslıq”, müəllif: Ustad Möhsin Qəraəti)


Nur-az.com
Dilimizə çevirdi: M. Əhməd


7622 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP