27 Noyabr 2021

Çıx bir iş axtar özüvə

(Məmməd əminin gileyi barədə)

Məmməd əmi sovet adamıdır. Atası sovet repressiyası görüb. Övladları o vaxt Həzrət Yusif peyğəmbərin tarixini oxumasalar da Yusif peyğəmbərin kinosu o vaxt çəkilməsə də elə o vaxtdan gözəl bilirdilər ki, insanın özününkünün ona etdiyini heç kim ona etmir fikri bir mənada düzgün fikirdir. Düzdür ki, onun babası azərbaycanlı, onu repressiya edənlər ruslar olublar, yəni, onun özününküləri, doğmaları olmayıb, amma yenə də Məmməd əminin atası Leninə o vaxtlar baba deyirdi. Ümumi olaraq Sovet hökumətini özlərinin pənah yeri hesab edənlər az olmayıb. Daha sonra Allahı bir kənara qoyub güvəndiyi həmin alçaq hökumət onu öldürür.

Deyək ki, Məmməd əminin babası milliyyətcə rus hökümətinə yad adam idi. Yaxşı bəs indi necə? İndi Məmməd əminin yerində onun oğlu var, Məmməd əmi də atasının yerini tutub. İndi də oğlu repressiya ilə üz-üzədir. Özü də Sovet dövründə yox, ruslar tərəfindən yox. Elə öz ölkəsində. Heç bir fiziki işgəncəyə məruz qalmadan, sadəcə acından repressiya qurbanı olur.

Onu repressiya edənlər öz məmurları, buna göz yumanlar da öz xalqıdır. Deməli, Məmməd əmiyə bir həqiqət də bu qoca yaşında məlum olur. O da siyasətdə dost yox, mənfəət var həqiqətidir.
Düzdür, Məmməd əminin oğlu siyasət adamı deyil amma bizim ölkədə yaltaq olmadınsa bu sənin məmurlara faydalı olmadığın üçün kifayətdir. Faydalı olmadığın təqdirdə hər zaman ofsayddasan.
Məmməd əmi oğluna tez tez deyir ki, çıx özüvə bir iş axtar. Əslində isə onun oğlunun iş axtarmaq kimi bir zərurəti yoxdur, daha doğrusu olmamalıdır. O, düşünür ki, iş gəlib onu tapmalıdır. Yəni, əslində onun kimi insanlara dövlət yalvarıb xahiş minnətlə gətirib bir işlə, yüksək maaşla təmin etməlidir. Ona görə ki, adam ali təhsillidir. Zəhmət çəkib xarici dil, kompyüter, dizaynerlik öyrənib. Hələ dediyinə görə yaxşı pis əlində sənəti də var. Amma, ən mühüm iki nemətdən məhrum olub. Buna görə də dövlətin bütün qapıları onun üzünə bağlıdır. Bu iki nemət isə doğrudan da Azərbaycan kimi bir yerdə nemətdir. Biri day-day, o biri pul neməti. Ya day-day ya da pul tapmalısan. Diplom miplom boş şeydir.

Məmməd əminin oğlunun əslində vicdanı rahatdır. Atasına deyir ki, sən məni o zaman qınaya bilərdin ki, mən tupoy adam olardım, yəni ki, diplomsuz, sənətsiz, peşəsiz bir nəfər olardım. Vicdan haqqı düz də deyir. Məmməd əmi də başda olmaqla onun oğlunu qınayan bütün qohum əqrəba əslində dövləti qınayıb deməlidir ki, ay belə belə olasız, Məmməd əmi gül kimi uşaq böyüdüb, niyə qədrini bilmirsiz. Bəs Məmməd əminin oğlu nə düşünür sizcə? Bəli düz tapdız. O oturub Azərbaycanda düz əməlli hökümətin, parlamentin formalaşmasını gözləyir. O belə inanır ki, deputatları millət vəkilləri, deputatxananı Milli Məclis, oğru məmurları insanlar əvəz eləsə təkcə o yox bütün Azərbaycan xalqı ağ günə çıxacaq. Mən isə Məmməd əminin oğluna deyirəm ki, heyif sənin diplomundan, bildiyin xarici dillərdən, kompyuter, dizayner savadından. Kaş bütün bunların yanında bir az da ağlın olardı. Çünki ağlın olsaydı düşünə bilərdin ki, Azərbaycanda dediyin yuxunun çin olması üçün ən azından Çin ixtirası kimi bir şey qondarmalısan. Yəni bunun gerçək olması üçün iş görmək lazımdır. Nə qədər millət yatsa deputatı da deputatxanada yatmaq və yaltaqlıq müqabilində pul alacaq. Sən isə oturub internetdə 700 milyonluq Pandora sənədləri haqqında olan məlumatları oxuyub lənətləyəcəksən.


2102 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP