13 Noyabr 2021
Ruhanilər gərək bu kimi işlərə getməsin (Şuşada qılınan şükür namazı barədə xatırlatma)

Əslində isə xalqa camaat namazı göstərmək kimi bir qəsd ortada var idisə bunu elə adi günlərdə qılınan gündəlik namazlardan birini qıldırmaqla da həyata keçirmək olardı. Bu cür olardı camaat namazı. Zatən namazı elə Allaha şükür etmək üçün qılırlar. Yanında da bir qədər şükür etmək, şükrün dindəki yeri barədə danışılardı. Görünür burada məqsəd başqadır. Amma, bu camaat namazını təşkil edənlər əslində xalqın namaz oruc əhli olmasını istəməyən insanlardır. Çünki mümkün deyil ki, xalqın ruhanisini həbs edəsən, xalqa namaz öyrədəsən, ya da namazı təbliğ edəsən. Deməli, burada başqa məqsədlər vardır. Bu məqsəd də aydındır. Azərbaycanda mümkündür ki, Türkiyə modeli bir şey düzəltsinlər. Məsələn, Türkiyədə bəzən prezidentlər də hər gün olmasa da Cümə günləri namaz qılırlar.
Gərək dindar, namaz qılan, xüsusi ilə ruhani bu cür işlərə getməsin. Dinin xüsusi ilə onun əli ilə təhrif edilməsinə icazə verməsin. İslam dini kamil dindir. Bu din Allahın dinidir. Hansısa bir dövlət proqram qurub əlavələr edə bilməz, bu dindən nələrisə çıxarda bilməz. Dövlətlər namaz nümayiş etdirmək istəyirsə din rəhbərlərinə müraciət edib dindəki namazı öyrənməli, onu təbliğ etməlidir. Nəinki durub özündən Amerika kəşf edəsən.
Biz məsələni ciddiliyini nəzərə alıb bildiririk ki, şəriətdə bu cür camaat namazı yoxdur. Qoymayaq ki, dinə dində olmayan şeylər sırınsın. Bu gün buna münasibət bildirməsək sabah başqa məsələlər də meydana çıxacaq. Ona görə diqqətli olmaq lazımdır.
P.S. Bu namazın camaat namazı qəsdiylə qılınması ehtimalını insanda orada namaz qılanların pişnamazla birlikdə eyni anda namazın hisslərini (rüku, səcdə kimi) icra etmələridir. Camaat namazı olmayan namazlarda eyni anda namazın hissələri yerinə yetirilmir.