31 Avqust 2021
Məhərrəmlikdə toy edənlər və “İmam Mehdi” iddia

Burda xalqı zəif yerindən vurmaq cəhdləri açıq-aydın görünür. Onsuz da Azərbaycanda İslama, dinə, məhərrəmliyə qənim kəsilən bir rejim mövcuddur. Məhərrəm ayı girər-girməz evlərə girib İmam Hüseyn (ə) məclislərini dağıdır, insanları həbs edirlər. Aşura günündə də insanlara məscidlərə getməsinlər deyə problemlər çıxarırlar. Bütün bunları etməkdə məqsədləri budur ki, xalq öz mənəviyyatından uzaq düşsün. Digər tərəfdən istəyirlər ki, bu cür işləri İslam adı altında etsinlər. Elşad Miri kimi dindən nəsibi olmayan, ateistdən betər ateist bir insanı qabağa verirlər ki, çıxıb xalqa “təskinlik” verib desin ki, qorxmayın, məhərrəm ayında toy edin. Sionist media qurumları da bu cür sarsaq fikirlərin cəmiyyətdə yayılmasını təmin edir.
Neçə gündür ki, “İmam Mehdi” məsələsini də ortalığa atıblar. Vəziyyət dəqiq olaraq araşdırılmalıdır. Amma, həbs etdirilən şəxsin ailəsi deyir ki, Aqil Babayev heç də camaatı aldadıb “İmam Mehdi” adıyla onlardan pul almayıb. Sadəcə, adamlar onu şərləyiblər. Azərbaycan kimi yiyəsiz, məhkəmələri belə sifarişli olan bir ölkədə hər cür zırramalıq desən edərlər. Aqil Babayevin ailəsi deyir ki, sadəcə şərikləri onun üçün quyu qaqzıblar. Əslinə baxanda ağlı başında olan insanlar külli miqdarda pulunu aparıb İmam Mehdilik iddiası edən şəxsə də tapşırmaz. Görünür ki, burada bir hiylə vardır. Həm də istəyirlər ki, ölkədə şiəliyə ciddi zərbə vursunlar. Bir yandan məhərrəmlikdə toy elətdirirlər, digər yandan da İmam Mehdi adıyla şiəliyə zərbə vurmağa çalışırlar. Elə edirlər ki, sabah doğrudan da insanlar məhdəviyyət məsələlərini hiyləgərlik, insanları aldatmaq kimi qəbul eləsin.
Mömin insanlar ayıq-sayıq olmalı, bu kimi hallarda aldanmamalıdır. Biz ölkədə heç kim İmam Mehdilik iddiası edə bilməz demirik. Onu deyirik ki, ölkədə bu cür fırıldaqlar edən insanlara da rast gəlmək olar, öz şərikini şərləyib var-dövlətini ələ keçirən alçaqlara da. Əsas odur ki, diqqətli olaq, İmam Mehdi (ə.f) inancını düzgün şəkildə təbliğ edək, düşmənin əlinə bəhanə verməyək.