20 İyul 2021
Özünü efirdə insan saymayanlar və Həzrət Ayətullah Safinin bir cümləsi

Bu yaxınlarda bir verilişlə qarşılaşdıq. Veriliş neçə il öncəyə aid olsa da verilişdəki bir fraqment, daha doğrusu iki şəxs arasındakı dioloqun məzmunu demək olar ki, belə getsə hələ bundan 30 il sonra üçün də öz aktuallığını itirməyəcək. Neçə vaxtdır bu haqda yazmaq istəyirdik. Amma, qeyd etdiyimiz kimi 30 il müddətində də yaza bilərik fikriylə nədənsə yazı yubanırdı. Digəlki bu yaxınlarda düşündük ki, bu tendensiya nə qədər ki, öz aktuallığını itirməyib yazıb əziz xalqımıza bildirək. Birdən əziz xalqımız möcüzə gerçəkləşdirər, vəziyyəti dəyişər və yazı dünyaya gəlməmiş (yazılmamış) dünyadan nakam gedər.
Deməli, yeni çıxan (əlbəttə, həmin verilişə görə təzə idi) və özünü şair hesab edən gənclə efirdə söz gülşdirən yaşlı tanınmışlardan (ikisi də kişidir) biri həmin şairə deyir ki, niyə bayağı, mənasız şeirlər yazırsız? Gənc şair də and-aman edir ki, vallah, bu günün gəncləri bunlara qulaq asır, biz də yazırıq. Yazdıqları da qaqaş-maqaş, bomba oğlan, cavansan kef elə, beş günlük dünyadır mahiyyətində cızma-qaralardır. Amma, gəncin dediyi tam doğrudur. Çünki adamlar pul qazanırlar, camaat, daha çox da gənc oğlan və qızlar nəyə qulaq asır, daha doğrusu necə yaşayırsa bunlar da onlardan yazırlar. Yoxsa, əgər, bir millət şəhadət arzusuyla balalarını böyütsə, Allaha səmimi qəlbdən bağlansa həmin xalqın, həmin gənclərin olduğu cəmiyyətdə yuxarıda qeyd etdiyimiz məzmunda şeirlər oxunular, qulaq asılarmı? Təbii ki, yox.
İşin maraqlı tərəfi odur ki, dava-dalaş salan yaşlı kişi gəncə deyir ki, niyə başqa haqsızlıqlardan yazmırsınız? Məqsədi görünür ki, siyasi haqsızlıqlardır. Yəni, hakimiyyət tərəfindən meydana çıxan haqsızlıqlar. (Hərçənd ki, gənclərin bu cür pis günə qalmasında da hakimiyyətin təqsiri böyükdür) Gənc də qayıdıb deyir ki, mən o cür şeylərdən yazsaydım, bu gün burda (efirdə və ya azadlıqda) olmazdım.
Bəli, ekran güzgüdür. Xaqın nə vəziyyətdə olduğunu göstərir. İndi deyərsiz ki, əşi, bu yeni bir şey deyil ki! Doğrudur, amma, demək istədiyimiz budur ki, həmin yaşlı tanınmış ekspert ünvanıyla orada oturan şəxs də haqqı deyən adam zad deyil. Əksinə, şou-biznesin qabağa getməsində rol oynayan adamlardan biridir. Amma, görün vəziyyət nə qədər acınacaqlıdır ki, adamlar efirə çıxırlar, bir dəfə insanlıq göstərib xalqın dərd-sərindən, haqsızlıqlardan yazmırlar. Halbuki qonşu Türkiyədə məsələn belə deyil. Bir balaca diqqət etsəniz görərsiniz ki, nə qədər tanınmış müğənni, aktyor, sənətçi müxalifətçidir. Həm peşə fəaliyyəti ilə məşğul olur, həm də insandır. İnsandır, ona görə ki, ölkədə baş verən hadisələrə münasibət bildirməkdən çəkinmirlər. Düzdür, demokratiyaya qalanda da biz hələ bundan sonra 50 il çalışmalıyıq ki, Türkiyəyə çata bilək. Amma, insanlıq hər kəs tərəfindən ortaya qoyulmalıdır. Bizim efirə çıxan bu cür adamlarımız isə sanki deyirlər ki, biz müğənniyik, şairik, aktyoruq, musiqiçiyik, şouçuyuq, biz insan deyilik. Biz niyə insaniyyət nümayiş etdirib özümüzü zibilə salaq. Gül kimi çıxıb efirdə pulumuzu qazanır, reklam oluruq.
Eyniylə Həzrət Ayətullah Lütfüllah Safi ağann buyurduğu kimidir. Stat: Ola bilərmi ki, bir qrup özünü insan adlandırsın, lakin öz həmnövünə qarşı bütün bu cinayətlərə mürtəkib olsun? Bəli, nə qədər ki, biz efir məkanında və sair ictimai fikir formalaşdıra biləcəyimiz yerlərdə insaniyyət nümayiş etdirməyəcəyik bir o qədər zalımların zülmünə şərik oacağıq.