03 İyul 2021
“Bir-birindən şərəfli Azərbaycan deputatı və polisi” yazsaq...

Amma, şərəfli peşəyə yiyələnən hər kəs heç də şərəfli hesab edilmir. Məsələn, götürək elə deputatın peşəsini. Buna hər nə deyirsiniz deyin: peşə, mandat, kürsü sahibliyi, millət vəkilliyi və s. Mühüm olan odur ki, bizdə bu mandata sahib olanlar heç də xalqın səsi sayəsində sahib olmurlar. Əksinə, xalqı vecə almayan, ancaq öz biznesləri üçün çalışan deputatlar məhz təyinatla gedib deputatxanada oturur. Özü də Ramiz Mehdiyevin vaxtında camaatdan qoca qurd pul alırdı, sonra adlarını siyahiyə yazıb onları deputat elətdirirdi. Aldıqları pulları da xımır-xımır yeyirdilər. Elə indi də bu cürdür. Seçki saxtakarlığı, deputatların deputatxanada xoruldaması, bir dərdə dərman edə bilməmələri, yaltaqlıqları və s. mənfiliklərin hər birisi buna əyani bir sübutdur. Zatən, deputatxanada bir vicdanlı tapa bilsəniz, o da özünü tək hiss edib haqqı deyə bilməsə də ən azından yaltaqlanmır da. Yəni, olsa-olsa bu qdər xalq üçün iş görə bilir. Amma, bu, kifayət edirmi?
Elə polislik peşəsi də bu cürdür. Zatən adı çəkilən başlığı məqaləsinə qoyan, özünə əziyyət verib o boyda məqalə yazan şəxs də polsilərin etiraz aksiyalarında öz haqlarını tələb edən insanları qucaqlarına alan, boyunlarına çıxaran, dubinkalayan, heç nədən ötrü onlara əziyyət edən insanları – polisləri qarğışlayan, “tüpürüm sizin...” deyən, sosial şəbəkələrdə onları tənqid yaxud təhqir edən insanlardan biri deyil. Onu yazan elə sirk, zoopark adlandırılan deputatxananın bir üzvüdür.
Polislər isə heç də xalqa xidmət etmir. “You Tube” Allah şahididir. Əgər, biz düz demiriksə həmin kanalda yerləşdirilən videolardakı şərhlərə baxın. İstənilən aksiyanı görüntüləyən videonun altındakı şərhlərdə camaat nəinki polisin özünü, hətta ata-anasını, yeddi arxa dönənini də söyür. Az qalıb desinlər ki, polislik qədər alçaq, rəzil ikinci bir peşə yoxdur. Elə də olacaqdı. Bir polis əgər, bitərəf qalıb xalqa xidmət etmirsə, zalım bir rejimin əlaltısına çevrilibsə, ölkədə narkomanlığı bir az daha çox yayırsa o peşə nə qədər öz-özlüyündə, başqa ölkələrdə şərəfli olsa da bizim ölkədə şərəfli hesab edilməyəcək. Heç uzağa getməyək, əgər, saytların birində, yaxud elə “You Tube”də “Bir-birindən şərəfli Azərbaycan deputatı və polisi” cümləsini yazsaq polis, deputat bir yana qalsın, bizi sübhə qədər söyərlər.