03 İyul 2021
İran dağıla-dağıla yoxsa dağıda-dağıda gedir?

İrandan söz düşəndə bir də yada Əbülfəs Əliyev və Səddam düşür. Daha dəqiq desək, Əbülfəs Əliyevin toyların birində çıxış edərkən işlətdiyi bir cümlə: İran dağılacağ. Dəqiq yadımızda qalmasa da – sosial şəbəkələrin “bəzəyi” olan - həmin çıxışda deyir ki, İran dağılacaq. Mən deyirdim ki, o rejim qalmayacaq, qalmağa qabil deyil. Ya xaricdən, ya da daxildən dağılacaq. Təqribi statın sonu.
Elçibəy bu cümləni ən çox desə-desə 20 il bundan qabaq deyib. Çünki 2000-ci ildə o, artıq vəfat etmişdi.
İran hər dəfə inkişaf etdikcə, ABŞ, Avropa kimi hegemon qüdrətlərin qarşısında əyilmədikcə, dünyada terrorun kökünü kəsdikcə, digər müsəlman ölkələrinə yardım etdikcə yada düşən insanlardan biridir Elçibəy. Çünki o, İranın dağılmasını arzu edən, açıq-aşkar çıxışlarında vurğulayan tanınmış şəxslər və siyasilərdən biridir. Təbii ki, ilk, ya da son şəxs deyildi. Ondan əvvəl də, ondan sonra da bunu arzu edən, reallaşdırmağa çalışan insanlar olub. Elə bu günün özündə belə hər dəfə ABŞ, sionist başçıları bunu tez-tez dilə gətirirlər.
Amma, Əbülfəs Əliyev də daxil olmaqla bir çox insan bu mövzuda məşhurdur. Bunlardan biri də İraq diktatoru məlun Səddamdır. Səddam İranda İslam İnqilabı qələb çalanda hakimiyyətə gəlmişdi. Yəni, 1979-cu ildə. Düz bir il sonra ABŞ-ın “tırkasına” gedərək İrana hücum etdi. Deyirdi ki, bir müddət sonra Tehrandan müsahibə verəcəyəm. Amma, daha sonralar iş elə gətirdi ki, 2003-cü ildə maşalığını bir vaxtlar yerinə yetirdiyi ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi çoxmillətli koalisiya qoşunları sayəsində İraq işğal edildi və Səddam ölüm hökmünə məhkum edilərək 3 il sonra İraq məhkəməsi tərəfindən edam edildi.
“İran dağılacaq” deyə-deyə dünyadan gedən Elçibəyin isə yəqin ki, qısa da olsa siyasi fəaliyyəti hamıya bəllidir. Balaca Azərbaycanda yaşayan 8-9 milyon soydaşından daha çox İranda yaşayan 30-35 milyon azərbaycanlının dərdini “çəkən”, Azərbaycana nə olursa olsun təki Türkiyəyə heç nə olmasın prinsipi ilə yaşayan bu insan Gəncədən qoşunların Bakıya – onu devirmək üçün gəlməsi xəbərini alınca gecə vaxtı paytaxtı tərk edib Naçıvandakı kəndinə - Kələkiyə gedir və Azərbaycanı zalım rejimin ayağına atır.
Niyə Elçibəy və Səddam daha çox yada düşür? Axı, məsələn, ABŞ-dan, sionist İsraildən daha çox İran düşməni kimi yaddaşlarda qalan başqa bir ad yoxdur! Ona görə ki, əvvəl Səddamı ərəblərin lideri kimi farsları (İranı) məhv etmək üçün ortalığa atmışdılar. Məqsəd bu idi ki, İslamı farslardan alıb ərəblərə qaytarsınlar. Ərəblə əcəmi bu cür üz-üz qoydular. Təbii ki, ABŞ maşalığını yerinə yetirən Səddam üçün din, İslam heç bir dəyərə sahib deyildi. Zəmanəsinin Yəzidi olan bu şəxs bir nömrəli din düşmənlərindən idi.
Elçibəy ona görə daha sonra önə çəkildi ki, hərb yolu ilə (Səddam vasitəsiylə) dağıda bilmədikləri İranı – güman etdilər ki, bəlkə türkçülük məsələsini ortaya ataraq dağıda bildilər. Axı, orada 35-40 milyon “Elçibəy tərəfdarı” var! Əbülfəs Əliyev isə ABŞ üçün ikitərəfli sərfəli fiqur idi. Birincisi ona görə ki, Sovet Rusiyası əleyhinə, Azərbaycanda müstəqillik istyən bir xalq üçün onun liderliyi altında xalq hərəkatları başlatmaq lazım idi. Xalq azadlıq tələb etdi, sovet boyunduruğundan çıxmağı arzuladı. Bundan sui istifadə edənlər də bu xalqın azadlıq hərəkatına rəhbər kimi Əbülfəs Əliyevi seçmişdi. İkincisi isə yenə ABŞ-ın düşməni olan İranı içdən qızışdırmaq lazım idi. Düşünürülər ki, İraqla müharibədə məğlub olmayan İran Elçibəyin türkçülük şüarları ilə məhv olub aradan gedəcək. Amma, ikisi də - Səddam da, Elçibəy də getdi. Üstəlik ABŞ prezidentləri də İrana hürə-hürə bir –birinin ardınca rədd olub gedirlər. İran İslam İnqilabı isə Allah izn verdikdə dayanacaq.
Səddam və Elçibəy bu gün də onlar kimi düşünən insanlar, şovinistlər, pantürklər üçün çox gözəl nümunədirlər. Əsas odur ki, ibrət alan olsun. Dağıla-dağıla yox, dağıda-dağıda gedən İran hər dəfə gücləndikcə düşmənlər bu həqiqətlə artıq barışmalıdır.