26 İyun 2021
Qazilərimiz ayağa qalxarsa...

Belə ki, “ayağa qalxdı” ifadəsi isə iki cür anlaşılır. Biri budur ki, adam xəstədir, daha sonra sağalır və ayağa qalxır. Digər məna budur ki, ayağa qalxır, yəni ona edilən zülmlərə etiraz olaraq meydanlara çıxır. Birinci məna həqiqi, ikinci məcazidir. Burda sual oluna bilər ki, niyə bu ifadə bizim zehnimizə məcazi mənanı həqiqi mənadan əvvəl gətirdi? Doğrudan da qazi fiziki cəhətdən ayağa qalxmışdı. Yəni sağalıb yerindən durmuşdu. Sualın cavabı çox sadədir. Ona görə ki, biz ayağa qalxmağı hər an gözləyirik. Özü də hər sahədə: Aktyor, rejissor, şair, dindar, neftçi, xanəndə, hətta, hakimiyyətdə təmsil olunanlar. Hər an gözümüz yolda, qulağımız səsdədir ki, bizim məzlum millət nə zaman ayağa qalxacaq.
Bu, bizim əlimizdə deyil, biz elə ölkədə yaşayırıq ki, “ayağa qalxdı” və bu kimi ifadələrlə qarşılaşanda istər-istəməz məcazi məna zehnə gəlir. Çünki bizi həqiqətdən uzaqlaşdırıblar. Həqiqətlərin ört-basdır edildiyi ölkədə ağıla ancaq bu gələr. Üstəlik, bu, həm də kimin ayağa qalxmasından da asılıdır. Misal üçün, bir var yazırlar ki, Fazil Qəzənfər, Siyavuş Novruzov ayağa qalxdı... Burada məlum olur ki, bu insanlar hakimiyyətin trolları olduğu üçün bunların hakimiyyət əleyhinə qalxması mümkün deyil. Ən azından hazırkı halda. Bəli, qeyd etdiyimiz kimi hətta hakimiyyət nümayəndəsinin qalxması da baş verə bilər. Amma, vicdanlı, insaflı bir nümayəndə. Ümid edirik ki, bu cür insanlar hakimiyyətdə tapıla bilər. Cüzi də olsa... O da əgər qalxsa, qalxmadığı halda isə tez bir zamanda öz vicdanına rahat bir şəkildə tüpürən simasızın birinə çevriləcək. Simasız demişkən, yaxşı yadıma düşdü, bir nəfər hakimiyyət adamı elə indicə - bu sətrləri yazarkən – yada düşdü. Siruz Təbrizli. Hakimiyyət adamı idi, amma, müxalifətçi Cəmil Həsənlinin dediyinə görə Siyruz müəllim YAP-ın ünvanına simasız quldurlar partiyası sözünü işlətmişdi. Bu da sizə vicdanlı insan.
Vicdansız hakimiyyət nümayəndələrinin müqabilində başqa zümrə də vardır. O da ikinci dəstə ayağa qalxanlardır. Əzilən, tapdalanan, haqqı əlindən alınan zümrə. Misal üçün elə qazilərimiz kimi. Bundan əvvəl qazilər özlərini yandırırsa, körpüdən atırsa, şikayət edirsə, onların ayağa qalxmaları da labüddür. Onlar ayağa qalxmayanda təəccüb doğurmalıdır, nəinki qalxanda.
Heç kim bizi ölkədə xaosun tərəfdarı kimi tanımasın. Biz demirik ki, insanlar küçələrə tökülsün, polis qüvvələri ilə üz-üzə gəlsin. Amma, bəzən ölkədə xaousun olması olmamasından daha yaxşıdır. Misal üçün, yatmış bir adamın yanına yırtıcı heyvan yaxınlaşırsa ağıllı adamlar gəlib yatmış insanı oyadırlar. Misalımızdakı yatmış insan məzlum insanlardır, yırtıcı isə yanaqlarından və damarlarından xalqın qanı axan zalım məmur-deputat ordusudur.
Son olaraq məcazi mənada olan ayağa qalxmağı dırnaqarası yazmamağımız yəqin ki, çoxlarının nəzərindən yayınmadı. Kimlərsə deyəcək ki, məcazi məna dırnaqarası yazılmalıdır. Biz xalqa çatdırmaq istəyirik ki, əsil həqiqət insanların bu cür ayağa qalxmasıdır. Fiziki ayağa qalxmaq mühüm deyil. Bir qazi – Allah eləməmiş –ayaqlarını itirbsə, amma yenə də meydanlara tökülür və haqqını tələb edirsə ayaqları yerində olan yaltaqlardan, zülm önündə susan trollardan min dəfə çox ayaq sahibi bir insandır. Çünki ağlı, mənəviyyatı, vicdanı var. Ayağı yerində olub ayağa qalxan qardaş və bacıları da fiziki olaraq ayağa qaldırıb meydanlara tökən onların zülmün önündə ayağa qalxmalarıdır. Qazilərimiz ayağa qalxarsa, Allaha təvəkkül edib haqlarını tələb edərsə millət də onları meydanda tək qoymaz. Onda gərək zalımlar qaçıb gizlənməyə siçan deşiyi axtarsınlar.