12 Aprel 2021

Məscidlərin açılmasını biz də istəyirik, amma...

Ölkədə bir çox problemlərlə birlikdə dini inanc sahəsində də, bir sıra problemlərlə üz-üzəyik. Bu problemlərdən biri də məscidlərin hələ də bağlı qalmasıdır. İnanc əhli də haqlı olaraq etiraz edib deyir ki, nə üçün digər ictimai yerlər açıq olduğu halda məscidlər hələ də qapısı bağlı qalıb. Üstəlik, hüquqşünaslar da deyir ki, məscidlərdə fasiləyə və digər qanunlara riayət etməklə inanc əhli ibadətlərini yerinə yetirə bilər. Hətta, başqa bir çox ölkələrdə də bu kimi məsələlər öz həllini tapıb, məscidlərin qapısı açılıb, namaz qılmaq icazəlidir. Bəs nə üçün Azərbaycanda bu problem öz həllini tapmayıb.

Təəssüflər olsun ki, bəzi dindarların məscidlərin açılmasını tələb edərkən daha sərt təbirlərdən istifadə etmələrini eşidirik. Belə ki, onlar İmam Əlidən (ə) misal gətirib deyirlər ki, Həzrət Əli (ə) iş görməyən insanlara “ey kişiyə oxşayıb kişi olmayanlar” deyirdi. Amma, həqiqətdə Həzrət Əli (ə) bu sözləri öz imamının, rəhbərinin sözünə baxmayan, döyüşməmək üçün min bir bəhanə gəzən tərəfdarları haqqında demişdir. Onu da unutmamalıyıq ki, İmam Əli (ə) həm də həmin şəxsdir ki, məsləhət bildiyi üçün 25 il qılıncını divardan asmış, öz xilafət haqqını tələb etməmişdir.

Düzdür, dindarların, müsəlman xalqın məscidinin bağlı qaldığı, hicabının qadağan edildiyi, ruhanisinin həbs edildiyi bir vaxtda lazımi qədər iş görməməsi narahat etməyə bilməz. Bu sükutun pozulmasını arzu etmək, pozmayan insanları qınamaq da başa düşüləndir. Buradan kiməsə demək istəmirik ki, susub bir kənara çəkilib otursun. Amma, öz ruhaniləriylə məsləhətləşən, özünü özbaşına hesab etməyən dindarlarımızı da bu cür təbirlərdən istifadə etməklə həqarət etmək də doğru deyildir.

Məlumdur ki, hər ölkədə həmin ölkənin hazırkı vəziyyətini düzgün dəyərləndirəcək ruhanilər mövcuddur. Bu ruhanilər hansı məqamlarda necə bir münasibətin ortaya qoyulmasını da yaxşı bilir. Əbəs deyil ki, bu ruhanilərin bəzisi məhz haqsızlıqlara etiraz etdikləri üçün azadlıqdan məhrum edilmişdir. Bu cür ruhanilər hələ də xalq arasında mövcuddur.

Biz inanırıq ki, lazım bildikləri zaman iman, elm əhli olan mücahid ruhanilərimiz vəziyyəti düzgün dəyərləndirib İslam və müslmanlara faydalı olan qərarlar verəcəkdir.
Məscidlərin açılmasını biz də istəyirik, amma, hər kəsin ruhanisiz, ruhanilərin vəhdətsiz qabağa çıxması, tədbirsiz iş görməsi, heç bir nəticə vəd etməyən işlər görməsini də ziyanlı hesab edirik.


2172 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP