27 Mart 2021
Tanzaniyada və Azərbaycanda hicablı xanımın iş yeri

Hicabla bağlı yaşanan problemlərdən biri də, hicablı xanımın özünə iş tapa bilməməsidir. Deyirlər ki, əgər, hicab taxırsansa işləyə bilməzsən. Halbuki ölkənin birinci şəxsi tərəfindən Rusiya mediasına hicabla bağlı müsahibə verilərkən deyilib ki, ölkədə hicabla bağlı heç bir problem yoxdur.
Gəlin bir müqayisə edək:
Azərbaycanda hicablı xanımların işlə təmin edilə bilməməsinə dair bir misal; Sayt yazır:
“İmanovanın həyat yoldaşı 9 il əvvəl vəfat edib. Elə o vaxtdan da namaz qılmağa başlayıb və qapanıb. Hazırda böyüyü 19, kiçiyi 8 yaşında olan dörd uşağını təkbaşına dolandırmağa çalışır: “Mən bu yanaşmanı anlamıram, qapalı olmağın nəyi pisdi? Daha da abır-həyamızla işimizi görəsiyik, heç kimin diqqətini çəkmədən...””
Saytdan başqa bir misal: “28 yaşlı Arzu (ad şərtidir) isə iş tapmaq üçün hicabdan imtina etməli olub. Dediyinə görə, məktəbi və universiteti fərqlənmə ilə bitirib, doğma dildən başqa rus və ingilis dillərini yüksək səviyyədə bilir, ixtisasına uyğun xeyli yerli və beynəlxalq təkmilləşdirmə kursları keçib. Amma bütün bu sadalananlar uyğun bir işə sahib olmasına kömək etməyib: “Adicə mobil operatorun “callcenter”ində iş görüşməsinə getdim, hicablı olduğum üçün mümkünsüz olduğunu dedilər. Müştərilər məgər mənim hicablı olduğumu telefondan görəcəkdilər? İşədüzəltmə firmalarına gedəndə də təklif etdikləri iş ən yaxşı halda aptekdə satıcı olurdu .””
Vəziyyətimiz çox acınacaqlıdır. Bura Azərbaycandır. Allahın bir restoranında işləmək – bir hicablı xanım üçün - problemdir. İndi isə gəlin bir anlıq Tanzaniyaya səyahət edək. Sayt yazır: “Samiya Həsən Suluxunun Tanzaniya prezidenti qismində andiçmə mərasimi baş tutub. Hicablı müsəlman xanım daha öncə vitse-prezident vəzifəsini tuturdu.” Deməli, Tanzaniyada nəinki adi restoranda təmizlikçi işləmək, hətta, dövlətin ən ali postunu tutmaq belə - bir hicablı xanım üçün – problem deyil. Budur, Tanzaniyanın hazırkı prezidenti hicablı bir xanımdır. Azərbaycan da özünü müsəlman hesab edən ölkədir, amma dininə əməl edən insanlar göz görə-görə özləri və övladları acından qırılır, özlərini müsəlman hesab edənlərin vecinə deyil.
Bu vəziyyətə dur demək lazımdır!