23 Fevral 2021

Özündən razı Nurullayev kimdən narazıdır

İnternet saytında gedən başlığa baxın: “Razi Nurullayev: “Məhbus məmurlar onsuz da 4 divar arasında bəy-xan kefində yaşayırlar””

Bu söz doğrudur yoxsa təxribat? Bəlkə erməni təxribatıdır?

Söz öz-özlüyündə doğrudur, amma niyə bu sözün sahibinə GÖZƏGİRƏN kimi baxılmalıdır? Adam doğru deyir, dediyi yüz faiz düzdür. Bəlkə də bu məsələ hansısa sıravi insan üçün qaranlıqdır, amma bir ictimai-siyasi xadim, partiya başçısı, illərdir müxalifət olmuş, indi də cib müxalifəti, iqtidar nümayəndəsi olan GÖZƏGİRƏN bir insanın dilindən səslənirsə inanmalısan. Elə müsibət də burda başlayır.

Bir millətin bədbəxtliyi o zaman başlayır, ya da bir millət o zaman bədbəxt olur ki, onun doğru danışanları GÖZƏGİRƏNlik etməklə məşğul olur. Ya da belə deyək: haqqı deyirsinizsə niyə GÖZƏGİRƏNLİKdə qalırsınız? Çıxın bu vəziyyətdən, xalq da xilas olsun.

Adam fil qulağı boyda müsahibə verir, qarışqa əndazəsi qədər də camaatda onun dediklərinə maraq yoxdur. Çünki tülkülüklə məşğuldur. Camaat isə ayıdan, şirdən istəyir ki, çıxıb camaat üçün sinəsini qabağa versin. Yoxsa dovşandan-movşandan bu xalqa bir zad çıxmaz.

Bütün müsahibəni oxumayın, hər nə deyibsə deyib, amma bu cümlələrinə fikir verin: “Məni bağışlasınlar, amma bütöv şəkildə razı qaldığımı deyə bilməyəcəm. Sosial şəbəkələri açırsan, rayonlara gedirsən, küçəyə çıxırsan, problemli, dərdli insanlar minlərlədir. Qazilərin şikayətindən qulaq tutulur, işsizlik çox artıb. Rüşvətxorluq və korrupsiya da ciddi azalıb desək, yalan olar. Hələ də hökumət üzvləri saxta statistikaya meyllənirlər. Hər şey kağız üzərində gözəldir, əməllər fərqlidir. Ölkədə olan problemləri saysaq, ən gur saçlı bir şəxsin saçının sayı yetməz. Parlamentdə hökumət üzvlərinə çox çətin suallar olacaq.” Bəli, bu sözləri o, ona efirə çıxmağa icazə verənləri tərifləyə-tərifləyə deyib. Budur müsibət. Sən bir ölkədə olan real vəziyyətdən narazısan, deyirsən ki, ölkə bədbəxt gündədir, amma ölkəni bu günə qoyanları lazımi həddə öyüb qurtarandan sonra başlayırsan deyinməyə. Bu, adət halı alıb. Tarix boyu şahlara bu ləzzət edib. Çıx kimi istəyirsən söy, amma söyəndə ehtiyatlı. Şahla işin olmasın. Yoxsa mat edərlər səni. Azərbaycanda demokratiya budur.

Razi Nurullayevdən soruşmaq lazımdır ki, sən razısan, yoxsa narazı? Razısansa nədən razısan, narazısansa nədən narazısan? Bəlkə təkcə adın Razidir?


2467 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP